AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “Qərbi Azərbaycan-Tarixin izi ilə “ adlı sərgi keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Təbiət və İncəsənət fakültəsinin İncəsənət kafedrasının təşkilatçılığı ilə Qərbi Azərbaycanla bağlı tədbirlər planı çərçivəsində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin əl işlərindən ibarət  “Qərbi Azərbaycan-Tarixin izi ilə “ adlı sərgidə institutun rektoru Azad Novruzov giriş sözü ilə çıxış edərək bildirib ki, tarixə nəzər salsaq görərik ki, mərhələ-mərhələ azərbaycanlıların diskriminasiyası və xaricdən ermənilərin köçürülməsi hesabına Qərbi Azərbaycanın etnik tərkibini süni şəkildə dəyişdirməklə bu bölgənin erməniləşdirilməsini həyata keçirilmişdir. Hələ 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı qaçqın düşdü. Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası başa çatdıqdan sonra erməni millətçiləri Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizlənməsinin, soyqırımının növbəti mərhələsinə başladı və Azərbaycan Respublikasının 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Lakin 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə qəbul edilmiş bütün beynəlxalq sənədlərin icrasını təmin etmiş oldu. Bu yolda şəhidlərimiz və başqa itkilərimiz də oldu. Lakin Azərbaycan haqq işindən dönmədi. Cənab Prezidentin 24 dekabr 2022-ci il tarixində  Qərbi Azərbaycana Qayıdış İctimai Birliyində ziyalılarla görüşündə dediyi sözləri xatırladaraq  “Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq “, həmçinin Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək, bu məqsədə çatmaq üçün beynəlxalq hüququn imkanlarından da maksimum faydalanacaq deyən rektor bildirib ki, bu gün yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Prezidentimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, insanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Bu qayıdış haqq davamızın yeni səhifəsidir və bu səhifə xalqımızın, onun müdrik rəhbərinin əzmi və qətiyyəti ilə yazılacaqdır.

Rektor sərginin təşkilində böyük əməyi olan İncəsənət kafedrasının dosenti, bu gün 65 illik yubileyi qeyd olunan Nizami Alıyevi təbrik edib, ona  gələcək fəaliyyətində uğurlar arzulayıb, institutun Fəxri fərmanı ilə təltif edib.

Tədbirdə İncəsənət kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva çıxış edib. Bildirib ki, kafedranın müəllimlərinin rəhbərliyi altında təşkil olanan sərgidə Qərbi Azərbaycana qayıdışı əks etdirən ümumilikdə 40-a yaxın çoxfiqurlu, gələcəyə ümidlə baxmağa sövq edən kompozisiyalar, Qərbi Azərbaycanda yerləşən tarixi abidələr-məscidlər, məbədlər, qəbirüstü abidələr, qayaüstü rəsmlər və s. bu kimi tarixi-mədəniyyət nümunələri, möhtərəm Prezidentimizin Zəngəzur dəhlizi və Qərbi Azərbaycanla bağlı dediyi fikirlər tələbələrimizin dekorativ tətbiqi sənəd nümunələrində əks olunub.

Sərginin ərsəyə gəlməsində kafedranın müəllim heyətinə və TİM ixtisası tələbələrinə öz təşəkkürünü bildirən Həbibə Allahverdiyeva bu kimi sərgilərin davamlı olmasını arzulayıb.

Sonra Naxçıvan Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyeva yaxın zamanda Naxçıvanda keçirilən Qərbi Azərbaycana Qayıdış  festival-konqresini xatırladaraq diqqətə çatdırıb ki, bu gün biz hamımız Qərbi Azərbaycanlı olmalıyıq. Prezidentimizin çıxışında da dediyi kimi artıq biz İrəvana qayıdırıq, o günlər gələcək ki, biz bu tədbirləri Qərbi Azərbaycanımızda təşkil edəcəyik. Natiq vurğulayıb ki, bu gözəl sərgidə bizim görmədiyimiz abidələr tələbələrin yaradıcılığı ilə bu gün bizlərə nümayiş olunur və bu kimi tədbirlərin bizim üçün əhəmiyyəti olduqca böyükdür.

Əzəli və əbədi yurd yerlərimizdən Kəlbəcər torpaqlarının yetirməsi olan İncəsənət kafedrasının dosenti Nizami Alıyev çıxış edərək öz xatirələrindən danışıb, bu kimi sərgilərin gələcəkdə məhz həmin torpaqlarda təşkil edilməsini arzulayıb və sərginin ərsəyə gəlməsi üçün şərait yaratdığına görə rektor Azad Novruzova təşəkkürünü bildirib.

Sonda sərgiyə baxış keçirilib, Kafedranın müəllimi Həbib Allahverdiyevin  “İrəvan bazarı “ adlı əsəri, Həbibə Allahverdiyevanın  “Tarixin izi ilə”,  “Göy məscid “,  “Qayıdış “ adlı əsərlər iştirakçıların marağına səbəb olub.

Aygül Məmmədova

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və

ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 30.11.2023 10:32