AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilinin yaz semestrində keçirilməsi nəzərdə tutulan pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları və pedaqoji təcrübəyə gedəcək tələbələr iştirak ediblər.

          Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov gənc nəslin yetişdirilməsində, dövlət təhsil siyasətinin həyata keçirilməsində əsas simanın müəllim olduğunu qeyd edib.

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov çıxış edərək təcrübənin keçiriləcəyi ümumtəhsil məktəblərinin şəraitindən, maddi-texniki bazasından və tələbələrin pedaqoji mühitə uyğunlaşması, pedaqoji biliklərini inkişaf etdirmələri üçün görüləcək işlərdən danışıb.

Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva təcrübənin təşkili ilə bağlı görülmüş işlər haqqında məlumat verib.

Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və Pedaqoji fakültənin dekanı Samirə Həsənova internatura müddətində dekanlıqların qarşısında duran vəzifələrdən danışıb, tələbələrə tövsiyələrini verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Konfransın yekununda Heydər Əliyev adına tam orta məktəbin direktoru, 43 illik pedaqoji stajı olan Məlahət Rüstəmova Ümummilli Lider Heydər Əliyevin müdrik kəlamını xatırladaraq vurğulayıb ki, mən bu uzun fəaliyyətim müddətində müəllim adından, müəllimlik peşəsindən uca bir məqam tanımıram. Bu gün gənclərimiz yaxşı müəllim olmaq üçün öncə öz peşəsini sevməli, sonra isə sevdirərək öyrətməlidir.

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 16.02.2024 16:53