AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “Naxçıvanda təhsilin muxtariyyət dövrü: problemlər, həllər, perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib

Konfransın keçirilməsində əsas məqsəd Naxçıvan diyarında təhsilin tarixi inkişaf yollarını, bu gününü və perspektivlərini elmi cəhətdən araşdırmaq və hərtərəfli təhlil etmək, ölkəmizin elm və təhsil təşkilatçıları və akademik heyyət təmsilçilərini hibrid (əyani və videobağlantı) formatda bir araya gətirmək, onların elmi fikir və tezislərini təhsil tədqiqatçıları ilə bölüşməsinə və müzakirəsinə şərait yaratmaqdan ibarətdir. Konfransda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, ümumtəhsil və məktəbəqədər təhsil müəssələrinin əməkdaşları iştirak etmişdir.

Elmi konfransın plenar iclasında Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov ölkəmizdə gerçəkləşdirilən elm və təhsil islahatlarının mərkəzində elmi əsaslandırmaların dayandığını qeyd edərək konfransda aparılacaq müzakirələrin, məqalə və tezislərin çox əhəmiyyətli olacağına ümid etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev çıxış edərək Naxçıvana muxtariyyət statusunun verilmə səbəblərindən, tarixi önəmindən danışıb, Naxçıvandan alınaraq ermənilərə verilmiş ərazilərdən, ermənilərin muxtariyyət statusunun ləğvi ilə bağlı atdıqları addımları iştirakçıların diqqətinə çatdırıb.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Elxan Nəcəfov bildirib ki, Azərbaycanda aparılan uğurlu islahatların nəticəsi və dövlət qayğısı sürətlə inkişaf edən təhsilə yeni töhfələr verir. Ali təhsil müəssisələrində yaradılmış şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında bizim gələcəyimiz üçün inkişafda olan kadr potensialı, dövrün tələblərinə operativ cavab vermək imkanı yaradır. Nazir həmçinin ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan danışaraq təhsilin idarə edilməsi istiqamətində ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil ocaqlarının müəllimlərinin bu konfransda maraqlı və bir o qədər dəyərli materiallarla çıxış etməsini yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru Elsevər Əsədov çıxış edərək, ulu öndər Heydər Əliyevin Naxçıvanda təhsilə o cümlədən ali təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi təhsil ocaqlarının inkişafına verdiyi töhfələrdən danışıb. Plenar müzakirələrində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusuna müxtəlif baxışlar”, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev “Naxçıvanda pedaqoji kadr hazırlığı son 100 ildə: faktlar və rəqəmlər”, Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən, Təhsil Nazirliyinin sektor müdiri Gülxanım Orucova “Muxtariyyət dövründə Naxçıvanda ümumi təhsil: faktlar, təhlillər, nəticələr” mövzularında məruzələrlə çıxış ediblər. Elmi katib Qurban Qurbanlı konfransın əhəmiyyəti, təşkilat komitəsinin gördüyü işlər və bölmə iclasları haqqında məlumat verib.

Sonra konfrans öz işini dörd bölmədə davam etdirib. Ümumilikdə elm və təhsil sahələri üzrə dövlət və ictimai təşkilatların əməkdaşları, ali və orta ixtisas təhsili, ümumi və məktəbəqədər təhsil müəssisələrinin müəllimləri pedaqoqlar, psixoloqlar, metodistlər, doktorant və magistrantlar olmaqla 60-dan çox məruzə dinlənilib. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib, konfrans materiallarının toplu şəklində nəşr ediləcəyi diqqətə çatdırılıb.

 

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

 

Nəşr edilib : 05.03.2024 18:00