AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyi və 28 May Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyin, azadlığın əbədidir, canım Azərbaycanım!” adlı tədbir keçirilmişdir

Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açmışdır. Rektor çıxışında bildirmişdir ki, 28 May - Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.

 “Humanitar və ictimai fənlər” kafedrasının baş müəllimi  Aslan İbrahimov çıxışında qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsidir.

Azadlıq, müstəqillik, həm hər bir vətəndaş üçün, həm də bütöv bir xalq və millət üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik.

Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət-23 ay ərzində çox böyük işlərə imza atdı. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edildi, milli ordu yaradıldı. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edildi.

Sonra tədbir institutun tələbələrinin hazırladıqları bədii hissə ilə davam edib.

 

 

 

Nəşr edilib : 27.05.2024 21:14