AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda məzun tədbiri keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilində təhsilini başa vuran tələbələr üçün məzun tədbiri keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov ölkə başçısı cənab İlham Əliyevin təhsilə və gəncliyə göstərdiyi dövlət qayğısından danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyinin təsadüf etdiyi bir dövrdə Naxçıvan Müəllimlər İnstitutunun da fəaliyyətini günün tələbləri səviyyəsində qurması ölkəmizdə təhsil sahəsində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Rektor diqqətə çatdırıb ki, 21-ci məzun tədbirini keçirən Naxçıvan Müəllimlər İnstitutu ilk dəfə 2004-cü ildə 1 ixtisas üzrə 27 nəfər tələbəsini məzun edib, bu il isə 13 ixtisas üzrə 339 bakalavr, 4 ixtisas üzrə 39 magistr tələbəsi məzun olur.

İnstitutun gələcək perspektivlərindən danışan rektor bildirib ki, müəllim kadrları hazırlayan təhsil müəssisəsi kimi məqsədimiz müasir kompetensiyalara cavab verə bilən, özünü hər sahədə mükəmməl səviyyədə doğrultmağı bacaran, əsl vətənpərvər şəxsiyyətlər formalaşdırmaqdır. Bu istiqamətdə institutun professor-müəllim heyəti ilə yanaşı, təhsil alan və məzun olan hər bir tələbənin üzərinə böyük məsuliyyət düşür. Gənclər heç vaxt aldıqları biliklərlə kifayətlənməməli, öz üzərlərində müntəzəm işləyərək daim təkmilləşməli, Azərbaycanın yeni quruculuğunda fəal iştirak etməlidirlər.

Sonra Pedaqoji fakültənin IV kurs tələbəsi Abutalıb Ağa Kəngərli və Təbiət və incəsənət fakültənin IV kurs tələbəsi Bahar Mehrəliyeva məzunlar adından çıxış edərək onların təhsili və hərtərəfli inkişafları üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.

Tədbirin bədii hissəsində institutun fəal tələbələri və məzunların iştirakı ilə rəqslər nümayiş edilib, bir-birindən gözəl musiqi nömrələri səsləndirilib,

Sonda təhsil aldığı müddətdə təhsilində, tələbə təşkilatlarında və ictimai işlərdə səmərəli fəaliyyətinə görə bir qrup tələbə təşəkkürnamə ilə təltif edilib və Təsviri incəsənət müəllimliyi ixtisasının məzunlarının hazırladıqları hesabat sərgisinə baxış olub.

Qeyd edək ki, hazırda institutda 15 ixtisas üzrə bakalavr, 5 ixtisas üzrə magistr, 5 ixtisas üzrə doktorantura səviyyəsində kadr hazırlığı aparılır və 2 istiqamət üzrə Dissertasiya Şurası fəaliyyət göstərir

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 24.06.2024 12:59