AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda VI Respublika elmi konfransı keçirilib

03 may 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda magistrant və doktorantların “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda VI Respublika elmi konfransı keçirilib. Ənənəvi konfransın builki toplantısı Naxçıvan Muxtar Respublikasının  100 illik yebileyinə həsr olunub. Konfransın əsas məqsədi bütövlükdə ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən gənc tədqiqatçıları hibrid (əyani və videobağlantı) formatda bir araya gətirmək, onların əldə etdikləri elmi nəticələrinin digər tədqiqatçılarla bölüşməsinə və müzakirə etməsinə şərait yaratmaq, elmi tədqiqat, tərtibat və təqdimat bacarıqlarının inkişafına vəsələ olmaq, təhsil-tədqiqat-innovasiyaya olan maraqlarını daha da artırmaq olub.

Elmi konfransın açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qeyd edib ki, doktorantların və gənc tədqiqatçıların VI Respublika elmi konfransı gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onların apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədi daşıyır. Ölkəmizdə gerçəkləşdirilən elm və təhsil islahatlarının mərkəzində təhsil, tədqiqat və innovasiyanın vəhdəti dayandığını söyləyən rektor konfransda təqdim olunanacaq məruzə və tezislərin, aparılacaq elmi müzakirələrin elmimizin inkişafına müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı, AMEA-nın müxbir üzvi, ARETN Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor Tofiq Əliyev, Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru, pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, riyaziyyat elmləri doktoru,  professor Yaqub Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, pedaqoji elmlər doktoru, dosent Nailə Hüseynova, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, dosent Akif Əliyev, Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya elmlər doktoru Yusif Səfərov onlayn və əyani formatda çıxış edib, konfransın ali təhsil müəssələrində təhsil alan gənc tədqiqatçılar üçün əhəmiyyətli olduğunu vurğulayıb, konfransın təşkili üçün İnstitut rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Çıxışlarda bildirilib ki, Azərbaycanda təhsil sahəsində aparılan uğurlu islahatların nəticələri və dövlət qayğısı sürətlə inkişaf edən elm və ali təhsilə yeni töhfələr verir. Ali təhsil müəssisələrində yaradılmış şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında formalaşan və inkişafda olan yeni elmi-pedaqoji kadr potensialı dövrün tələblərinə operativ cavab vermək imkanı verir.

Açılış mərasiminin sonunda Naxçıvan Müəllimlər İnstitutunun Elmi katibi dos. Qurban Qurbanlı konfransın Təşkilat Komitəsinin işi haqqında qısa məlumat verib, konfransın işinə uğurlar arzulayıb.

Fasilədən sonra elmi konfrans öz işini 19 bölmə iclasında davam etdirib. Ümumilikdə 15 təhsil və elm müəssəsisindən 40-a yaxın elm xadiminin bölmə rəhbərliyini etdiyi 170-dən artıq doktorant və ya magistrantın məruzə və tezisləri dinlənilib, maraqlı diskussiya şəklində müzakirələr keçirilib. Konfransın bağlanış mərasimində konfrans iştirakçılarına sertfikatlar təqdim edilib.

Qeyd edək ki, Konfrans materialları toplu şəklində nəşr ediləcək, elektron versiya institutun rəsmi saytında yerləşdiriləcəkdir.

 

Aygül Məmmədova

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 04.05.2024 10:40