AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda daha bir kitab təqdimatı keçirilib

Bu gün Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat kafedrasının və Kitabxananın birgə təşkilatçılığı ilə şair Alməmməd Eldaroğlu ilə İnstitutun tələbələrinin görüşü, həmçinin şairin kitablarının təqdimatı keçirilib.

2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü və "Qızıl qələm" mükafatı laureatıdır. Naxçıvanda yaşayıb yaradan Alməmməd Eldaroğlu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi "Qonaq getmişdim Araza" və “Könlümün yurdu Vətən” adlı kitabları ilə Naxçıvan Müəllimlər İnstitutunda oxucuların görüşünə gəlib.

Müəllif 17 ildən artıq qürbətdə yaşasa da, doğma diyarını unutmamışdır. Ədəbiyyata qəlbən bağlı olan şair çoxlu sayda şeir, qəzəl və poemaların müəllifidir. "Vətən əmanətdir"(Bakı, 2011), "Mənim gördüyüm dünya"(Bakı, 2013), "Niyə belədir dünya"(Naxçıvan, 2021), "Dağlar qartalı"(Naxçıvan, 2022), "Vətən harayı"(Naxçıvan, 2022), "Könlümün yurdu Vətən" (Naxçıvan, 2023) adlı kitabları işıq üzü görmüşdür.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov bildirib ki, Heydər Əliyev ili çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda keçirilən Tədbirlər Planına əsasən tələbələrin elm adamları və ziyalılar ilə mütəmadi görüşləri keçirilib. Bu gün məhz Alməmməd Eldaroğlu ilə görüş o istiqamətdə atılan addımlardan biridir.

Rektor vurğulayıb ki,  tarixi düşüncələr əsasında yazılan bu miniatür kitab Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bütövlük ideyalarını özündə əks etdirən, bugünkü ictimai-siyasi-mədəni vəziyyətini təhlil edən həcmcə kiçik mənasına görə çox böyük əhəmiyyətə malik bir kitabdır. Azad Novruzov bu münasibətlə müəllifi təbrik edib, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar, Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Həsənəli Eyvazlı, "Şərq qapısı" qəzetinin məsul katibi, Əməkdar jurnalist Muxtar Məmmədoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəli Qaraxan çıxış edib, institutun fəal kitabsevər tələbələrindən olan Bahar Mehrəliyeva və Sevgi Fərzəliyeva şairin şeirlərini səsləndiriblər.

Çıxışlarda müəllifin kitablarından sitatlar gətirilidiqqətə çatdırılıb ki, heca və sərbəst vəznlərdə 8-lik və 11-lik formalarda yazılan qoşma, bayatı və gəraylılarda poeziya dili ilə bütöv Azərbaycan xəritəsi çəkilir, turan eli, türkçülük ideyaları ön planda tutulur, Azərbaycan-Türkiyə dostluğu, Vətənimizin qəhrəman oğullarının şücaətindən məharətlə danışılır, Azərbaycan dilinin dərinliklərinə xas arxaik sözlərdən Vətən sevdalı misralarda ustalıqla istifadə edilir.

Sonda “Yaradıcılığa başladığım ilk vaxtlardan Azərbaycanı bütöv görmək istəmişəm” deyən şair Alməmməd Eldaroğlu yaradılan şəraitə görə institut rəhbərliyinə və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Aygül Məmmədova

NMİ-nin mətbuat xidməti

Nəşr edilib : 02.11.2023 17:33