AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “Aşıq Pəri məclisi”nin üzvləri ilə görüş keçirilib

Tədbirin əvvəlində Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Məclisi giriş sözü ilə açan institutun rektoru Azad Novruzov Naxçıvan Muxtar Respublikasının 100 illiyinin təntənə ilə qeyd olunması haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və bildirib ki, Azərbaycan qadınlarının səsi həmişə çox məlahətli olub, bu baxımdan xanımlar bütün hallarda öz gözəllikləri, davranışı ilə sazın mehri-məhəbbətini yaymaqda hamıdan üstündürlər. Rektor vurğulayıb ki, Azərbaycanda digər aşıq məclisləri olsa da, “Aşıq Pəri məclisi”nin özünəməxsus dəst-xətti, öz ənənəsi mövcuddur .

Sonra institutun “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimi Şəbnəm Əliyeva “Aşıq Pəri məclisi” və qadın aşıqlar haqqında ətraflı məlumat verib, institutun əməkdaşları və tələbələrinin, məclisin qiraətçilərinin ifasında Ulu Öndər Heydər Əliyevə və Naxçıvana həsr olunan şeirlər səsləndirilib. Onlar “Aşıq Pəri məclisi” və ilk dəfə səfər etdikləri qədim diyar Naxçıvan haqqında öz fikirlərini tədbir iştirakçılarına çatdırıblar. Həmçinin “Aşıq Pəri məclisi”nin Naxçıvanlı təmsilçisi olan, prezident laureatı Rəqsanə Tapdıqlı yazdığı şeiri səsləndirib və məclisin fəaliyyətinə uğurlar arzulayıb.

Məclisdə çıxış edən “Aşıq Pəri məclisi”nin aparıcı rəhbəri Pərvanə Zəngəzurlu Naxçıvan və Naxçıvan Müəllimlər İnstitutu haqqında xoş təəssüratları ilə yanaşı bu il “Aşıq Pəri məclisi”nin yaranmasının 40 illiyinin tamam olduğunu da bildirib. Qeyd edib ki, 1984-cü ildə yaranan, qadın aşıq və şairələrin ədəbi birliyi olan “Aşıq Pəri məclisi” 1984-cü ildə Xalq şairi, Aşıqlar Birliyinin sədri Hüseyn Arifin və aşıq Narınc Xatının təşəbbüsü ilə yaradılıb və bütün türk dünyasında böyük marağa səbəb olub, həmçinin bu məclis tanınmış və istedadlı aşıqların yetişməsinə stimul verib.

Sonra tədbir “Aşıq Pəri məclisi”nin üzvlərinin rəngarəng çıxışları ilə davam edib.

Rektor bir daha maraqlı çıxışları üçün qonaqlara öz təşəkkürünü bildirib. O, Ulu Öndər Heydər Əliyevin 101 illik, Naxçıvan Muxtar Respublikasının 100 illik və “Aşıq Pəri məclisi”nin 40 illik yubileyinin bir arada Naxçıvan Müəllimlər İnstitutunda qeyd olunmasından məmnun olduğunu vurğulayıb.

Nəşr edilib : 24.06.2024 12:28