AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açıb,  Ümummilli lider Heydər Əliyevin 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar  “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur” fikrini tədbir iştirakçılarının diqqətinə çatdıraraq gənc nəslin  bu tip məsələlərlə bağlı üzərlərinə düşən vəzifələrə toxunub. 

Tədbirdə Hümanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə, Pedaqoji fakültənin Tarix müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Zəhmət Hüseynov çıxış edərək bildiriblər ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.

Çıxışçılar diqqətə çatdırıb ki, 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır.

Sonra “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub, rəsm və kitab guşəsinə baxış keçirilib.

Nəşr edilib : 31.03.2023 18:54