AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “28 May-Dövlət Müstəqilliyi Günü” münasibətilə tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “And yerim-Azərbaycan” adlı28 May-Dövlət Müstəqilliyi Günü” münasibətilə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyev və Vətən uğrunda canlarını qurban verən şəhidlərin anılması və müstəqilliyə həsr olunmuş film nümayişi ilə başlayıb.

Tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. 90-cı illərdə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Rektor tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib və bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın Dövlət Müstəqilliyi Günü–Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

 Tədbirdə Humanitar və İctimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan-Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda çıxış etmişdir. Çıxışda vurğulanıb ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan, dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Sonra institutun tələbələrinin iştirakı ilə hazırlanan bədii hissəyə və tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxış olmuşdur.

Nəşr edilib : 24.05.2023 18:29