AZ EN RU

Naxçıvan Müəllimlər İnstitutunda “21 Fevral-Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş konfrans keçirilib

Konfransda ilk olaraq Ümummilli Lider Heydər Əliyevin Ana dilimiz haqqında fikirlərini əks etdirən sənədli filmə baxış olub.

İnstitutun rektoru Azad Novruzov çıxış edərək qeyd edib ki, hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Rektor Ümummilli Lider Heydər Əliyevin sözlərini diqqətə çatdıraraq deyib ki, “xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir”. Rektor vurğulayıb ki, xalqın keçdiyi tarixi yolu, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.

İnstitutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxriyyə Cəfərova “Ana dilli hər bir xalqın milli kimliyidir” mövzusunda, kafedranın baş müəllimi Təranə Qəbulova “Ana dilimiz bizim söz xəzinəmizdir” mövzusunda çıxış edərək bildiriblər ki, günü-gündən qloballaşan dünyada Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Ziyalı nəsil olaraq bizim məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Məhz buna görə də dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur və ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır.

Sonda tələbələr Ana dilimiz haqqında şeirlər qiraət ediblər.

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun

mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 21.02.2023 17:50