AZ EN RU

Naxçıvan Müəllimlər İnstitunda “Son 20 illik şanlı tariximizin ən parlaq səhifələri” mövzusunda tədbir keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibəti ilə  “Son 20 illik şanlı tariximizin ən parlaq səhifələri” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin 20 illik uğurlarından  danışmışdır. Rektor 2003-cü il oktyabr ayında Ulu Öndər Heydər Əliyevin xalqa müraciətindən “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. ... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”sitatını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Rektor qeyd etmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, xalq və dövlət qarşısında müstəsna xidmətləri ilə yeni tarixi dövrün milli lideri səviyyəsinə yüksəlmişdir. Onun rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. İlham Əliyevin siyasət sənətinin incəliklərinə dərindən bələdliyi, fenomenal liderlik qabiliyyəti və yaradıcı dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir. Həyata keçirilən əsaslı islahatlar dövlət idarəçiliyi sistemini müasir tələblər səviyyəsində qurmağa imkan vermişdir. Ölkənin siyasi həyatı müasir çağırışlara uyğunlaşdırılmış, çoxpartiyalı sistem təkmilləşdirilmişdir.

İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi həyatında önəmli rol oynayır. Digər siyasi qüvvələrin, o cümlədən müxalif partiyaların sərbəst fəaliyyəti üçün hüquqi əsaslar təkmilləşdirilmişdir. Milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı sahəsində əməli addımlar atılmışdır.

Hər bir azərbaycanlının Prezidenti olmağı bacaran İlham Əliyev Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə ölkədə milli həmrəyliyin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə bir sırada dayanan Azərbaycan xalqının mütəşəkkil qüvvə kimi formalaşmasının dəstəklənməsi üçün görülən işlərin miqyası ildən-ilə genişlənir.

Prezident İlham Əliyevin irəli sürdüyü milli təhlükəsizlik konsepsiyasının bütün istiqamətlərində müsbət nəticələr əldə edilmişdir. Ən yüksək standartlara cavab verən silahlı qüvvələr formalaşdırılmışdır. Doğma torpaqlarını işğaldan azad etməyə hazır olan vətənpərvər gənc nəsil yetişdirilmişdir. Bütün bunlar Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi barədə Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsinə şərait yaratmışdır.

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni şanlı səhifə açdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfəri sayəsində işğalçı Ermənistan təslim olmağa məcbur edildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Azərbaycanın əzəli tarixi torpaqları olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoydu, xalqımıza düşmən kəsilmiş dünya erməniliyinə sarsıdıcı zərbə endirdi.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə

2023-cü il sentyabrın 19-20-də müzəffər Ali Baş Komandanın məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi.

Sonda rektor qeyd etmişdir ki, hazırda işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət almışdır. Məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgələr Azərbaycanın dilbər guşələrinə çevriləcəkdir.

          Tədbirin proqramına uyğun olaraq  İnstitutun müəllimi Qorxmaz Hacıyev “15 oktyabr 2023, Azərbaycan, Xankəndi, Mərkəzi meydan: tariximizin ən qürurverici anları!” mövzusunda  məruzə ilə çıxış etdi.  O, qeyd etmişdir ki, cənab İlham Əliyev öz fəaliyyəti ilə həm partiya Sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da işıqlandıraraq həyata keçirərək, Azərbaycanı hazırda  maraqların kəsişdiyi coğrafi məkana çevirmişdir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Cənubi Qafqazda dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisafi vəziyyət yaranmışdır.

O, həmçinin 15 oktyabr 2023-cü il tarixində İlham Əliyev xalqımıza növbəti qələbə sevincini yaşatdığını, bayrağımızı əzəli və əbədi torpaqlarımızda-Xankəndində, Xocalıda, Xocavənddə, Agdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdiyini, bu möhtəşəm qələbənin xalqımız tərəfindən böyük qürurla qeyd olunduğunu söyləmişdir.

Tədbirin sonunda Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Xankəndindən Azərbaycan xalqına müraciətinin video materialı nümayiş olunmuşdur.

Nəşr edilib : 17.10.2023 17:29