AZ EN RU

Naxçıvan müasir inkişaf mərhələsində

    Dünya siyasət aləmində öz yerini hələ sağlığında ikən tutan görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri tariximizin qızıl səhifələrini təşkil edir. Klassik alman filosofu Hegel belə tarixi şəxsiyyətlər haqqında deyirdi: “Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, ədalətli və zəruri işlər görmüşlər”. Bu işlər mənsub olduğun xalqa, dövlətə ən böyük xidmət nümunəsidir və bu gün qürur duyuruq ki, həmin xidmətlər hər bir azərbaycanlının həyatında özünü göstərib.

    Ulu öndərin quruculuq xəttinin davamı sonrakı dövrdə də Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafını təmin etmişdir. Ötən dövrdə Naxçıvanda ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsi, əzmkarlıq, siyasi iradə və ən əsası yüksək vətənpərvərlik nümunəsi blokada şəraitində də hərtərəfli inkişafın mümkünlüyünü göstərdi. Bu gün inkişaf etdirilmiş və əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəm­li dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən qurucu RƏHBƏRİN Vətən və torpaq sevgisinin təzahürüdür. 
    Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq, böyük işlər görə bilər”.
    Muxtar respublikada inkişaf mərhələ-mərhələ, planlı şəkildə, düşünülmüş formada və perspektivə hesablanaraq həyata keçirilir. Hər şeydən əvvəl, təhlükəsizliyin təmin olunması üçün təxirəsalınmaz addımlar atılmışdır. Nizam-intizam gücləndirilmiş, sənaye və kənd təsərrüfatının inkişafı üçün sahibkarlığa geniş meydan verilmiş, təhsil, səhiyyə və digər sosial sahələrin inkişafı təmin olunmuşdur. Genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılmış, şəhər və kəndlər abadlaşdırılmış, yeni yollar, körpülər salınmış, məktəblər, xəstəxanalar, idman kompleksləri istifadəyə verilmişdir. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilmişdir. Belə layihələr kəndlə şəhər arasında fərqi ortadan qaldırmışdır. Görülmüş işlərin nəticəsidir ki, artıq bu gün dağ-sərhəd kəndlərində yaşayan sakinlər də şəhərtipli səhiyyə və mədəniyyət müəssisələrindən istifadə edir, yüksəksürətli internet xidmətlərindən yararlanır, rayon mərkəzləri və ya paytaxt Naxçıvan şəhərinə rahat yollarla gedib-gəlirlər. Kənd yaşayış məntəqələrində yaradılmış yeni xidmət mərkəzləri əhalinin keyfiyyətli yerli ərzaq və təsərrüfat malları ilə təminatına, müxtəlif iaşə xidmətlərindən istifadəsinə geniş imkanlar açıb. 
    Bu gün blokada şəraitində yaşayan muxtar respublikada əldə olunmuş inkişaf Vətən naminə çəkilən gərgin əmək və misilsiz əzmkar­lığın təcəssümüdür. Muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuş, daxili imkanlardan səmərəli istifadə edilmiş, müdafiə, ərzaq və enerji təhlükəsizliyi təmin olunmuş, sosial layihələrin əhatə dairəsi genişləndirilmişdir. Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 69 dəfə, sənaye məhsulunun həcmi 117 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 15 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 141 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 348 dəfə, nəqliyyat sektorunda yük daşınması 27 dəfə, pərakəndə əmtəə dövriyyəsi 49 dəfə, əhali gəlirləri isə 61 dəfə artmışdır. Muxtar respublikada 232 elm və təhsil ocağı, 362 mədəniyyət obyekti, 251 səhiyyə obyekti, 29 idman obyekti, 352 inzibati bina, 61 nasos stansiyası, 328 subartezian quyusu, 109 körpü, 1346 istehsal və xidmət sahəsi tikilmiş, 3918,3 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulmuşdur. Bütün sahələrdə əldə olunan nailiyyətlər əhalinin məşğulluğunu da təmin etmiş, 98 min 775 iş yeri açılmışdır. 
    Ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən təhsil qurucu­luğunu həmişə ön planda saxlayırdı. Elm və təhsili davamlı iqtisadi inkişafın əsası hesab edən dahi şəxsiyyət deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz inkişafını təmin etsin, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir”. Muxtar respublikada həyata keçirilən islahatların mərkəzində də təhsil infrastrukturunun müasirləşdirilməsi dayanır. Elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, peşə məktəbləri yaradılıb. Bu gün Naxçıvan şəhərində də, ucqar dağ kəndlərində də şagirdlər kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və sürətli internetdən istifadə edirlər. Məqsəd vətənpərvər və təhsilli gənc nəsil yetişdirməkdir. İctimai-siyasi, iqtisadi-mədəni həyatda gənclərin fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, gənclərin həyat şəraitinin, xüsusilə onların mənzil təminatının yaxşılaşdırılması göstərilən qayğının təzahürüdür.
    Müstəqillik illərində muxtar respublikada AMEA Naxçıvan Bölməsinin yaradılması və fəaliyyətinin təşkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Bilik Fondunun, Elmin İnkişafı Fondunun yaradılması da elmə və təhsilə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir. 
    Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkarlara göstərilən dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi sahibkar­lıq fəaliyyətinin inkişafına öz təsirini göstərmişdir. Sahibkarlığın inkişafı sahəsində yaradılan şəraitin nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artmış, 1346 istehsal və xidmət sahəsi yaradılmışdır.
    Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Suvarma suyuna olan tələbatın ödənilməsi, aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd təsərrüfatı texnikaları ilə təminatın yaxşılaşdırılması əkinçini torpaqdan ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir ki, əkin sahələri və məhsul istehsalı ilbəil artırılır. Ötən dövrdə kənd təsərrüfatı məhsullarının həcminin 15 dəfə artması ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir. Artıq aqrar sahəyə diqqət və qayğı yüzlərlə ailə təsərrüfatı formalaşdırmışdır ki, bu da özünüməşğulluğa mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks tədbirlər, sənaye və aqrar sahənin inkişafında müsbət nəticələrin əldə olunması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, investisiya imkanlarının artması sürətli inkişaf tempinin qorunub-saxlanmasına, əhalinin rifahının yaxşılaşmasına və sosial problemlərin həllinə səbəb olub. 
    Naxçıvanın bugünkü inkişafı asan başa gəlməyib. Əvvəllər enerji qıtlığından əziyyət çəkən, ciddi problemlər məngənəsində sıxılıb qalan muxtar respublikanın ötən dövrdə əldə etdiyi ən böyük uğurlardan biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. Enerji təchizatı üzrə 60 meqavat gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 22 meqavat gücündə Biləv Su Elektrik  Stansiyası, 20,5 meqavat gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası, 32 meqavatlıq Günəş Elektrik stansiyaları, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilmişdir. Əgər 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2021-ci ildə bu göstərici 11-ə çatdırılmışdır. Naxçıvanda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir. 
    Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb, müstəqqillik illərində sənaye məhsulunun həcmi 117 dəfə artıb, yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ciddi uğurlar qazanılıb. Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarı ilə, əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalına və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olub. Bu sahənin inkişafının nəticəsidir ki, indi Naxçıvanda avtomobildən hər cür tikinti materialına qədər, ərzaqdan geyimə qədər hər cür məhsul istehsal olunur. 
    Blokada vəziyyətində yaşayan Naxçıvanda əsas məsələlərdən biri də ərzaq təhlükəsizliyinin yerli imkanlar hesabına təmin olunmasıdır. Müxtəlif sahələr üzrə qəbul edilmiş Dövlət proqramlarının icrası muxtar respublikada yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaradıb. Əvvəllər zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir, ixrac potensialı getdikcə artır. 
    Bir vaxtlar muxtar respublika əhalisi bir tərəfdən erməni işğalı, digər tərəfdən, sözün həqiqi mənasında, aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. Şaxtalı qış günlərində yaşayış məntəqələrində yaranan çörək növbələrində çəkilən əziyyətlər hələ də yaddaşlardan silinməyib. Gecələr evində çıraq lampası yandıran, həyətindəki meyvə ağaclarını kəsib isinən, yarıac-yarıtox yatan naxçıvanlılar ərzaqla da, enerji ilə də özlərini təmin edəcəklərinə, bu gününü yox, gələcəklərini düşünəcəklərinə, ağac əkib yaşıllıqlar salacaqlarına, bir sözlə, evində, yurdunda rahat yaşayacaqlarına inana bilmirdilər. 
    Müstəqillik illərində muxtar respublikada 16 min hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır. Bu gün Naxçıvanda genişmiqyaslı yaşıllaşdırma proqramı həyata keçirilir. İndi elə bir şəhər, elə bir qəsəbə, elə bir kənd tapmaq olmaz ki, orada yaşıllıqlar, gülkarlıqlar, meyvə bağları salınmasın. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikada yaşıllıqların ümumi sahəsi 0,6 faiz idisə, hazırda 20 faizdən artıqdır. Hazırda tingçilik təsərrüfatlarında yetişdirilən meyvə və həmişəyaşıl tinglər, gül və bəzək kolları daxili tələbatı tam ödəyir. 
    Muxtar respublikada inkişafı xarakterizə edən əsas cəhətlərdən biri də tikinti-quruculuq işlərinin həcminin ilbəil artmasıdır. Hər il yaşayış məntəqələrində yeni inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi, yeni yolların çəkilməsi əhalinin rahat yaşayışına xidmət edir. 2021-ci ildə muxtar respublikada 355 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, 149 obyektdə tikinti və yenidənqurma işləri isə davam etdirilmişdir.
    İnkişaf göstəriciləri rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə müasir rabitə sistemi yaradılıb, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Hazır­da muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının 90 faizindən çoxu yeni nəsil texnologiyalara əsaslanır. Qürurla qeyd edə bilərik ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur, diyarımızın beynəlxalq trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı da təmin edilib. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı var, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətlərindən istifadəsi reallaşdırılıb. 
    Müstəqillik dövründə muxtar respublikada 200-dən çox səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir”, – deyən Ali Məclisin Sədri cənab Vasif Talıbovun muxtar respublikada həyata keçirdiyi səhiyyə  islahatları sosial siyasətin başlıca istiqamətlərindən biridir. Muxtar respublikada Diaqnostika Müalicə Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Doğum Mərkəzinin, Duzdağ Fizioterapiya Mərkəzinin, rayon mərkəzi xəstəxanalarının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının və digər səhiyyə obyektlərinin istifadəyə verilməsi, tibb müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması və icbari tibbi sığortanın tətbiqi insan amilinə verilən qiymətin bariz nümunəsidir.
    Muxtar respublikamızda mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə göstərilən qayğını da muxtar respublika rəhbərinin bu sahələrə böyük önəminin ifadəsi kimi dəyərləndirmək olar. Bu günə qədər muxtar respublikada 1216 abidənin qeydə alınaraq tədqiq edilməsi, onlardan 70-dən çoxunun bərpa edilməklə xalqımızın qədim tarixi irsi kimi ona yenidən qaytarılması da bunun ifadəsidir. Bu sırada “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi də xüsusi vurğulanmalıdır. 
    Ümumilikdə, bütün sahələr üzrə əldə edilən uğurlar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının nüfuzunun getdikcə yüksəlməsinə öz töhfəsini verir, Naxçıvan beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. 2018-ci ildə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfransı keçirilib.  
    Muxtar respublikamızın yeni inkişaf tempi kimi bir faktı göstərmək kifayətdir ki, cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyəti dövründə dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş, onun iştirakı ilə 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışı olmuşdur. Ötən ilin may ayının 10-da muxtar respublikaya rəsmi səfərə gələn ölkə Prezidenti cənab İlham Əliyevin qədim diyarımızda bir neçə obyektin açılışında iştirakı, burada görülən işləri yüksək dəyərləndirməsi hər kəsi qürurlandırdı. Azərbaycan Televiziyasına verdiyi müsahibədə reallaşan layihələrin, öz həllini tapmış məsələlərin onu çox sevindirdiyini diqqətə çatdırması qədim yurd yerində inkişaf və tərəqqinin yeni mərhələyə qədəm qoymasının dövlət başçısı tərəfindən təsdiqi idi. Ölkə Prezidenti demişdir: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.
    Günbəgün inkişaf edən, müasirləşən, abadlaşan Naxçıvan bu gün mənfur düşmən üçün ikiqat gözdağıdır. Ona görə ki, qədim diyarda əsası ümummilli lider tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün uğurla davam etdirilir. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təmin olunmuş, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılmışdır. Müstəqillik illərində 306 müxtəlif təyinatlı hərbi obyekt tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın ərazisini qorumaqla yanaşı, İkinci Qarabağ müharibəsində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarında bunu dəfələrlə yüksək dəyərləndirib: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakar­lıq göstərmişlər”. 

    Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün Naxçıvan Muxtar Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin arzularının reallaşdığı möhtəşəm məkandır. Ulu öndərin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqqında planlarını addım-addım yerinə yetirən Naxçıvanda əldə olunan bütün nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir. Bu nümunə ulu öndərin dövlətçilik məktəbinin layiqli davamçısı – muxtar respublikanın Qurucu RƏHBƏRİNİN Heydər Əliyev ideyalarına sədaqətinin ifadəsidir. Ölkə Prezidentinin də dediyi kimi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

“Şərq qapısı”

Nəşr edilib : 14.01.2022 00:19