AZ EN RU

Naxçıvan MR FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir

Ölkəmizin digər ərazilərində olduğu kimi, muxtar respublikada da yanvarın 8-dən hava şəraiti kəskin dəyişib, əksər ərazilərdə yağıntı, o cümlədən sulu qar və qar yağıb, bəzi yerlərdə intensiv olub, temperatur ötən günlərlə müqayisədə xeyli enib.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanan qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq, yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanan qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməlidir.

Bununla yanaşı qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi tövsiyə edirik.

FHN əhaliyə nabələd məkanlara yaxınlaşmamağın və belə bir hərəkət marşrutu seçməməyin, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyin, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyin, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyin vacibliyini bildirir.

Piyadalar üçün xəbərdarlıqda qeyd olunur ki, ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın.

Altlığı qum və ya sumbata kağızı ilə sürtün. Ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq addımlayın. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır.

Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur.

Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun. Yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Nəşr edilib : 09.01.2023 12:38