AZ EN RU

Naxçıvan Miqrasiya Xidmətinin rəisi Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb

    Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.
   Xidmət rəisi əvvəlcə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, yaralılara şəfa diləyib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı hər iki dövlətin vətəndaşları üçün örnəkdir. 
    Bildirilib ki, hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığının ölkələrimiz arasında viza sahəsində də əməkdaşlığın dəyərləndirilməsi və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirib. Qeyd olunub ki, Dövlət Miqrasiya Xidməti bu gün muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin uğurla reallaşdırılmasına, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının, onların qanuni mənafelərinin qorunmasına və təmin olunmasına ciddi nəzarət edir. 
    Səmimi görüşə görə minnətdarlığını bildirən Asip Kaya Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. Baş konsul bugünkü görüşün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, qarşılıqlı əlaqələrin səmərəli və faydalı olacağına ümidvar olduğunu bildirib.
    Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, sonda xatirə şəkli çəkdirilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.03.2023 20:16