AZ EN RU

“Naxçıvan mətbuatı tarixdə və günümüzdə” adlı tədbir keçirilib

     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və “Şərq qapısı” qəzeti əməkdaşlarının iştirakı ilə Naxçıvanşünaslıq Mərkəzində keçirilən tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açıb. 
    Bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan milli mətbuatının inkişafında, müasir, demokratik dəyərlər üzərində qurulmasında çox böyük tarixi xidmətləri vardır. O öz dərin zəkası, fenomenal bilgisi və uzaqgörən siyasəti ilə həm də Azərbaycan mətbuatının məzmununu zənginləşdirmiş, onun milli maraqlar üzərində qurulması və milli dövlətçiliyimizin inkişafına istiqamətlənməsi üçün əvəzedilməz işlər görmüşdür. Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, ulu öndər milli mətbuatımızın qurucusudur. Bu gün artıq muxtar respublikamızın bütün mətbu orqanları son illərdə Naxçıvanın dünyada təbliği və tanıdılması, diyarımızla bağlı düzgün ictimai rəyin formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görür.
    “Şərq qapısı” qəzetinin məsul katibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov “Şərq qapısı” qəzeti muxtar respublika mətbuatının aparıcı simasıdır” mövzusunda çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən ötən il “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması  birəsrlik şərəfli yol keçmiş bu qəzetin tarixi ənənələrinə verilmiş qiymətin və bundan sonrakı fəaliyyətinə göstərilən qayğının əməli ifadəsidir.
    Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Şərq qapısı” qəzetinin ideya və peşəkarlıq baxımından nüfuzlu mətbuat orqanı kimi fəaliyyətini davam etdirməsi üçün geniş tədbirlər həyata keçirir, jurnalistikanın inkişafına ardıcıl olaraq böyük diqqət və qayğı göstərir. Ali Məclis Sədrinin 2000-ci il 29 mart tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı, redaksiyanın 2010-cu ildə yeni binaya köçürülməsi, 80, 85, 90, 100 illik yubileylərinin keçirilməsi, milli mətbuatın 135 illiyi ərəfəsində qəzetin əməkdaşları ilə görüş, mətbuat işçilərinin əməkhaqlarının artırılması və digər tədbirlər bunun ifadəsidir. Bu gün “Şərq qapısı” qəzeti ən müasir poliqrafiya avadanlıqları ilə təchiz olunmuşdur. Ali Məclis Sədrinin qayğısı sayəsində “Şərq qapısı” qəzeti ölkə üzrə özünəməxsus yüksək maddi-texniki bazaya malik mətbəəsi olan azsaylı mətbuat orqanlarından biridir. 
    “Rayon qəzetləri muxtar respublikamızın mətbu güzgüsüdür” mövzusunda çıxış edən qəzetin müxbiri Məcid Rəşadətoğlu vurğulayıb ki, Naxçıvan şəhərində muxtar respublikanın əsas mətbuat orqanının nəşrindən sonra rayonlarda da yerli mətbuat orqanları yaranmağa başladı. Müxtəlif vaxtlarda fəaliyyətə başlamış muxtar respublikanın rayon qəzetləri Naxçıvan mətbuat məktəbini yeni ənənələrlə zənginləşdirdi.
    Qeyd olunub ki, bu gün muxtar respublikada 8 rayon (şəhər) qəzeti – “Şərurun səsi”, “El həyatı”, “Arazın səsi”, “Oğuz səsi”, “Şərqin səhəri”, “Nuh yurdu”, “Oğuz yurdu” və “Yeni həyat” qəzetləri dərc olunur. Naxçıvanın rayon mətbuatı fikir plüralizmini, dövlətçilik amalını özünün başlıca meyarları hesab edərək ictimai-siyasi prosesləri operativ əks etdirməyə çalışan, milli maraqları üstün tutan mətbuat orqanları kimi fəaliyyət göstərir.
    Sonra mərkəzdə yaradılan sərgiyə baxış olub.

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 09.08.2022 19:38