AZ EN RU

Naxçıvan mənə ən yaxın Vətən torpağıdır

    Bəzən iş otağımdakı xəritəyə baxıb hər tərəfdən öz torpaqları ilə qonşu olan Azərbaycanı, onun sərhədlərini düşündükcə yaxşı ki, bu dünyada bizim də azad, müstəqil bir Vətənimiz var, – deyirəm. Nə qədər didilib parçalansa da, nə qədər bu torpaqlara yad-yağılar gəlib-getsələr də, doğma Azərbaycanımız bizim üçün ən böyük, ən güclü dövlət, onun hər qarışı isti ana qucağı qədər şirindir. Mən də təhsilim və akademik fəaliyyətimlə əlaqədar əvvəlcə Rusiyada, hazırda isə qardaş Türkiyədə yaşasam da, Azərbaycandan gələn hər gözəl xəbəri çox sevinclə paylaşır, çox şad olur və qürur duyuram. 
 Böyük Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvan Muxtar Respublikası Azərbaycanın Türkiyə ilə yeganə fiziki əlaqəsi olduğu üçün mühüm əhəmiyyət kəsb edir. Əslində, Mustafa Kamal Atatürk 1920-ci ildə Naxçıvanın Ermənistana hədiyyə edilməsi fikrindən narahat olmuş və “Naxçıvan Türk qapısıdır. Bu məsələni nəzərə alın və əlinizdən gələni edin!” demişdir. Bu vəsilə ilə də Moskva və Qars müqavilələrinə görə, Naxçıvan üçüncü bir ölkəyə verilməmək şərtiylə əbədi olaraq Azərbaycana bağlanmışdır. Bu hadisə Atatürkün və böyük türk millətinin Naxçıvanla bağlı həssaslığını bir daha ortaya qoymuşdur.
    Türk dünyasının hazırkı tarixi qapısı Naxçıvan böyük Vətənimizin qədim dövlətçilik mərkəzlərindən biri olub, Türk və İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq ocaqlarından biri kimi də geniş şöhrət qazanmışdır. Naxçıvan əsrlər boyu yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir. Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamında da yer alan dəyərli kəlmələr tarixi ədalətsizlik nəticəsində Azərbaycandan ayrı salınmış, uzun illər blokada məngənəsində sıxılıb qalmış, amma heç zaman sınmamış Naxçıvana verilən ən yüksək qiymətin parlaq təzahürüdür. 
  Bu gün 100 illik yubileyi keçirilən Naxçıvanın muxtariyyəti bizim ortaq tarixi nailiyyətimiz olmaqla hamımızı qürurlandırır, burada yaşayan insanların xoşbəxt həyat sürməsi hamıdan çox bizləri sevindirir. Arzum budur ki, bu qədim Azərbaycan torpağı dünyanın ən gözəl, ən firavan guşəsi olsun, Naxçıvanı Qarabağa, Bakıya bağlayan yollar bundan sonra açıq qalsın. Çünki Naxçıvan mənə ən yaxın Vətən torpağıdır. 
    100 illik muxtariyyətin mübarək, əziz və gözəl Naxçıvan! 

Nəşr edilib : 25.02.2024 11:25