AZ EN RU

Naxçıvan-Kükü-Gurbulaq perspektiv turizm marşrutu üzrə GZİT təhlil

    İqtisadiyyatın idarə olunması zamanı əsas tələblərdən biri resurslardan səmərəli istifadə etməklə qarşıya qoyulmuş məqsədlərə çatmaqdan ibarətdir. Bu mənada, planlaşdırılan hər hansı bir layihənin, yaxud işin nəticəsinin əvvəlcədən bilinməsi onların arzuedilən müsbət səmərə verməsi baxımından hər k

əs üçün maraqlıdır. Ona görə də müasir menecmentdə sosial-iqtisadi əhəmiyyət kəsb edən istənilən bir hadisənin uzunmüddətli perspektivdə güclü və zəif tərəflərinin öyrənilməsi və onun yaradacağı yeni imkanlar və ya təhlükələrin proqnoz edilməsi kimi təhlillər həm elmi, həm də ictimai maraq kəsb edir. 

    Cari il 5 iyun tarixində qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunan GZİT (güclü, zəif, imkanlar, təhlükələr) təhlil dünya təcrübəsində hələ keçən əsrin 60-cı illərində Qərb menecmentində tətbiq edilməyə başlanmış və hazırda praktiki olaraq bütün layihələrin və irimiqyaslı işlərin həyata keçirilməsi öncəsi sahənin mütəxəssisləri və ekspertlər tərəfindən ciddi şəkildə aparılır. GZİT təhlilin əhəmiyyəti nəzərdə tutulan işin həyata keçirilməsi və ya əksinə, onun təxirə salınması, resurslardan istifadə zamanı maksimum səmərəliliyə nail olunması, rəqabətqabiliyyətlilik kimi problemlərin həllində fərdi qərarların ekspert rəyləri ilə möhkəmləndirilməsi ilə izah olunur. Bu zaman təhlil obyektinin gələcəkdəki vəziyyətinə təsir edən xarici amillərlə yanaşı, sistemin özündən qaynaqlanan faktorların da nəzərə alınması, eləcə də hər bir bəndə dair təkliflərin verilməsi GZİT təhlilin üstün cəhətlərindəndir. Bu təkliflərin nəzərə alınması ilə aidiyyəti qurumlar öz işlərini mövcud tələblərə uyğun şəkildə qura bilirlər. 
    İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, GZİT təhlil əksər hallarda müsbət nəticə verir. Şübhəsiz, zamanında lazımi təhlil aparılsaydı, Söyüdlükdəki ekoloji problemlər yaranmaz, yaxud Naxçıvandakı tarixi abidələrimizdə aparılmış yarıtmaz bərpa işləri nətcəsində onların orijinal görkəmi korlanmaz, şəhərimizdəki binaların tikintisi və ya təmiri zamanı çoxillik ağaclar lazımsız yerə kəsilməzdi. 2013-cü ildə yenidən tikilməsi haqqında verilmiş rəsmi qərarın əksinə olaraq, nədənsə əvvəlki yerində təmir olunan Kükü kənd tam orta məktəb binasının kənd mərkəzindən, təxminən, 2 kilometr məsafədə qalması, Hacıvar tam orta məktəb binasının yarıtmaz şəkildə təhvil verilməsi, yaxud iri kəndlərdə yalnız bir yerdə ticarət obyektlərinin fəaliyyətinə icazə verilməsi, təəssüf ki, təhlilsiz aparılan belə işlərin nəticəsidir. 
    Hazırda iqtisadi və sosial məzmunu, ekoloji əhəmiyyəti dərin olan iş və layihələr haqqında aparılan GZİT təhlillər həm dünyada, həm də ölkəmizdəki elmi jurnallarda geniş yer almaqdadır. Ancaq etiraf edək ki, təxminən, 10-15 il əvvəl yüz minlərlə, bəlkə də, milyonlarla manatın israfı ilə nəticələnmiş uğursuz dəvəquşu təsərrüfatı haqqında qəzetimizdə belə bir təhlili məqalə verilsəydi, bu, “razılaşdırılmamış” yazı kimi müəllifə və baş redaktora ən yaxşı halda tənbeh qazandırardı. Odur ki, həmin quru məddahlıq dövrünün artıq arxada qaldığını, dövlətimizin prioritetləri arasında yalnız real, əhali rifahına və strateji hədəflərə yönəlmiş irimiqyaslı işlərin olduğunu nəzərə alaraq adıçəkilən Dövlət Proqramında da qeyd edilən turizm layihələri haqqında GZİT təhlillərin aparılmasını məqsədəuyğun hesab etmək olar. Bu məqalədə son zamanlar əhali arasında populyarlıq qazanmış Naxçıvan-Kükü-Gurbulaq istiqamətindəki perspektiv turizm marşrutu üzrə GZİT təhlilin aparılması, fikrimizcə, turizmyönümlü layihələrin reallaşdırılması baxımından faydalı ola bilər. Qeyd edək ki, bu təhlil sırf müəllifin düşüncələrini əks etdirməklə, digər mütəxəssislərin də fikirlərinə açıqdır. 

Naxçıvan-Kükü-Gurbulaq perspektiv turizm marşrutu üzrə GZİT təhlil

 

Əli CABBAROV
                       iqtisad elmləri üzrə fəlsəfə doktoru

Nəşr edilib : 28.07.2023 18:52