AZ EN RU

“Naxçıvan Könüllülərinin Birlik Həftəsi”nə start verilib

    5 dekabr – Beynəlxalq Könüllülər Günü Naxçıvanda hər il olduğu kimi, bu dəfə də geniş şəkildə qeyd olunur. Heydər Əliyev Muzeyində “Könüllünü inkişafa aparan yol” adlı tədbirlə “Naxçıvan Könüllülərinin Birlik Həftəsi”nə start verilib. Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, iştirakçılar muzeyin ekspozisiya zalı ilə tanış olublar.
    Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda könüllü hərəkatı geniş vüsət alıb. Könüllü fəaliyyətin hüquqi bazası yaradılıb, müxtəlif dövlət və özəl qurumlarda gənclərin könüllülük fəaliyyətinə cəlbinə dəstək göstərilib. Vurğulanıb ki, Naxçıvanda fəaliyyət göstərən könüllülərin və könüllülərlə işləyən təşkilatların sayı artmaqdadır və bu da gənclərimizin gələcək həyatı, karyerası üçün yeni imkanların, təcrübələrin qazanılması deməkdir. 
    Gənclərdən Zəhra İsmayılova könüllü kimi öz fəaliyyəti və onlara göstərilən dəstəkdən danışıb, minnətdarlığını ifadə edib.
    Qeyd edək ki, “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində voleybol turniri də təşkil olunub. Layihə çərçivəsində müxtəlif konseptdə tədbirlərlərin keçirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

 

Nəşr edilib : 01.12.2023 15:01