AZ EN RU

Naxçıvan kikboksçularından dünya kubokunda uğurlu debüt - FOTOLAR

Türkiyənin İstanbul şəhərində Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) tərəfindən  “VIII Turkish Open WAKO World Cup” adlı turnir keçirilib. Yarışa Türkiyə ilə yanaşı 35 ölkəni təmsil edən idmançılar qatılıb. 

Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Etibar Qəribovun rəhbərliyi ilə muxtar respublikadan 3 idmançı Azərbaycan komandasının tərkibində yarışa qatılıb. İlk dəfə belə bir nüfuzlu yarışda iştirak etməsinə baxmayaraq onlardan ikisi ümidləri doğuldaraq mükafatçılar sırasına düşə bilib. 

İnci Allahverdiyeva yeniyetmə qızların yarışında “low kick” versiyasında 60 kq çəki dərəcəsi üzrə 3 görüş keçirib. Yalnız final qarşılaşmasında məğlubiyyətlə üzləşən idmançımız gümüş medala layiq görülüb. Qənbər Nağıyev isə eyni versiya və çəkidə kişilər arasında bürünc medalçı olub.  

Məlumat üçün bildirək ki, Azərbaycan komandasının idmançıları 13-ü qızıl, 16-sı gümüş və 22-si bürünc olmaqla, ümumilikdə 51 medal əldə edib. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 25.05.2023 00:43