AZ EN RU

Naxçıvan idmanının tarixi nailiyyətləri

    Ölkə başçısının rəhbərliyi ilə gənclər və idman sahəsində icra edilən dövlət siyasətinin əhatəliliyi və davamlılığı təmin olunur, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq prinsipi əsasında mühüm nailiyyətlər qazanılır. Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəslin sağlam həyat tərzinə cəlbi, onların vətənpərvər ruhda formalaşdırılması, müxtəlif sahələrdə inkişafı istiqamətində məqsədyönlü addımlar atılır. Ötən ay ərzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi geniş şəkildə qeyd olunub, bədən tərbiyəsi və idmanın inkişafı, gənclərin vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki aktivliyini artırmaq və şəxsi inkişafına dəstək olmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib, yeni nailiyyətlər qazanılıb.
    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə idman tədbirləri çərçivəsində şahmat, boks, voleybol, cüdo üzrə muxtar respublika miqyaslı yarışlar, nazirliklər arasında “Heydər Əliyev kuboku” uğrunda futzal turniri, Naxçıvan və Türkiyə alpinistlərinin iştirakı ilə Haçadağa ekstremal yürüş, “İdmanla bir gün” layihəsi əsasında açıq havada idman yarışları reallaşıb. Bakıdan gələn cüdo mütəxəssislərinin iştirakı ilə məşqçi, hakim və idmançılar üçün növbəti seminar təşkil edilib. 15 yaşadək futbolçuların muxtar respublika turniri yekunlaşıb, kadetlər arasında boks üzrə ölkə birinciliyinin zona yarışı keçirilib.
    Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin Avropa çempionatında tarixi nəticə əldə olunub. Belə ki, 9 yaşlı idmançımız Yasin Əzimov çempionluq sevinci yaşayıb, Mirsaleh Seyidli ikinci yerə sahib çıxıb. Türkiyənin İstanbul şəhərində kikboksinq üzrə “VIII Turkish Open WAKO World Cup” adlı turnirdə İnci Allahverdiyeva yeniyetmə qızların yarışında gümüş, Qənbər Nağıyev isə kişilər arasında bürünc medalçı olub. Kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında yeniyetmə idmançımız Həsən Babayev bürünc, Gülcahan Əliyeva gümüş, yeniyetmələrin atletika üzrə ölkə birinciliyində Aysu Abbasova  bir qızıl və bir bürünc medal əldə edib. Bədii gimnastika üzrə 7-ci bölgələrarası kubok yarışlarında isə Nilufər Kərimli gümüş və İlay Sanqur bürünc mükafatçılar sırasına düşüb. Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rəşad Heydərov Avropanın ali futbol qurumu – UEFA-ya məxsus “C” kateqoriyalı məşqçi adına layiq görülüb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Lisenziya Komissiyasının iclasında Azərbaycan Premyer Liqasında iştirak üçün “Araz-Naxçıvan” PFK-nın müraciəti dəyərləndirilərək kluba çempionatda iştirak hüququ verilib. Bundan əlavə, I Divizionda vaxtından əvvəl çempionluq qazanan komandamız öz meydanında keçirdiyi sonuncu liqa matçından sonra mükafatlandırılıb. Şərurun “Arpaçay” klubu isə tarixində ilk dəfə olaraq bu mövsüm AFFA Region Liqasının bürünc medallarını qazanıb. 
     “Heydər Əliyev İli” ilə əlaqədar gənclər arasında “Xəmsə”, “Nə? Harada? Nə zaman?” intellektual oyunları, tarixi həqiqətlərin gənclər arasında təbliği məqsədilə “Qayıdış: Qərbi Azərbaycan”, “Müstəqilliyimiz əbədidir!” adlı tədbirlər keçirilib. Bakı şəhərindən gələn tanınmış təlimçilər Orxan Şahbaz və Nurlan Həsənsoyun iştirakı ilə “Özünü formalaşdırmanın prinsipləri” mövzusunda təlim, gənclər üçün “Sağlam ailə sağlam gələcəkdir”, Naxçıvan şəhəri, Culfa və Şərur rayonlarında ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Düzgün ixtisas seçimi uğurlu karyeranın təməlidir” adlı seminarlar keçirilib. Şəhid ailələrinin ziyarət olunması ənənəsini davam etdirən gənclər bu məqsədlə Şərur və Şahbuz rayonlarına gediblər. Ordubad şəhər tam orta internat məktəbinin “Xətailər” komandası “Sərhəd” hərbi-idman oyunu üzrə ölkə birinciliyinin qalibi olub. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ithaf olunan “Qəhrəmanlar unudulmur!” adlı videoçarxların yayımı davam etdirilib. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında  “Vətən naminə” hərbi-idman oyunu keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Ülvi Əliyev və nazirliyin könüllüsü Nicat Hüseynli də Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyədə reallaşan “Qardaş köməyi” layihəsində iştirak ediblər. Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) Azərbaycan nümayəndəliyinin VII Milli Şura Toplantısında təşkilatın Naxçıvan nümayəndəliyinin yaradılması ilə bağlı qərar qəbul olunub.
    Ay ərzində muxtar respublikanın bölgələrində müxtəlif idman növləri üzrə rayon (şəhər) birincilikləri, intellektual oyunlar, vətənpərvərlik motivli film nümayişləri, yaradıcılıq müsabiqələri, “Heydər Əliyev İli”, Müstəqillik Günü və şəhidlərimizin xatirəsinə həsr olunan tədbirlər təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.06.2023 19:28