AZ EN RU

Naxçıvan idmanı yeni inkişaf mərhələsində

      Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər və idman siyasətinin davamlı icrası təmin olunur, bu yöndə müxtəlif işlər həyata keçirilir. Gənc nəslin sağlam həyat tərzinə cəlbi ilə zərərli vərdişlərdən uzaq tutulması, onların vətənpərvər ruhda formalaşdırılması, müxtəlif sahələrdə inkişafı, yüksək potensiallı idmançı nəslinin formalaşdırılması istiqamətlərində məqsədyönlü addımlar atılır. 

    Ötən ay ərzində “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin icrası, bədən tərbiyəsi və idman sahəsinin inkişafı istiqamətində yeni əməkdaşlıq əlaqələrinin və strategiyaların tətbiqi, gənc­lərin vətənpərvər ruhda, milli dəyərlərə bağlı şəkildə böyüməsinə, eləcə də şəxsi inkişafına zəmin yaradılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib, yeni nailiyyətlər qazanılıb.
    Muxtar respublikada ilk dəfə olaraq beynəlxalq gimnastika turniri keçirilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və 2008-2017-ci illər təvəllüdlü olanları əhatə edən “Grace of nature” adlı turnirdə Azərbaycandan və Qazaxıstandan 250-yə yaxın gimnast medallar uğrunda mübarizə aparıb. Dahi şəxsiyyətin yubileyinə həsr olunmuş daha bir idman yarışı isə 100-ə yaxın oğlan və qız idmançının qatıldığı uşaq, yeniyetmə və gənclər arasında karate üzrə Naxçıvan Muxtar Respublika turniri olub. Naxçıvan Voleybol Federasiyasının hesabat-seçki yığıncağı keçirilib və qurumun yeni idarə heyəti müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə voleybolçuların görüşü təşkil olunub, tədbir çərçivəsində məşqçi və idmançıların hazırlıq səviyyəsi yoxlanılıb, aid təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Naxçıvan voleybolunun hazır­kı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Ölkə və beynəlxalq miqyaslı arenalarda çıxış edən bir neçə idmançımız cari ayı uğurlu nəticələrlə tamamlayıb. Vüsal Seyidov XIII dünya şotokan çempionatında gümüş, İnci Allahverdiyeva isə Türkiyənin İstanbul şəhərində kadet, yeniyetmə və gənclər arasında kikboksinq üzrə WAKO Avropa birinciliyində bürünc medala sahib çıxıb. Komanda yoldaşı Aysu Həşimova isə Bakı İdman Sarayında reallaşan kikboksinq üzrə XXVII Azərbaycan çempionatı və birinciliyində üçüncü olub. “Grace of nature” beynəlxalq gimnastika turnirində çıxış edən təmsilçilərimizdən Təranə Əlizadə ikinci, Damla İsgəndərli və Aydan Hüseynli isə üçüncü olublar.  
    Ötən ay bir qrup könüllü gəncin Naxçıvan şəhərində yaşayan şəhid ailələri ilə görüşü təşkil olunub. Gənclər təşkilatlarının üzvləri və könüllülər, eləcə də Şahbuz rayon gəncləri üçün təlimçi-psixoloq Ayxan Hüseynlinin “İnsan öz zamanını yaradır...” mövzusunda şəxsi inkişaf təlimləri keçirilib. Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin könüllülərinin iştirakı ilə “Təbiəti birgə qoruyaq!” layihəsi çərçivəsində Uzunoba gölü ətrafında təmizlik aksiyası keçirilib. “Grace of nature” beynəlxalq gimnastika turnirində və Naxçıvan Kiçik və Orta Biznesin İnkişaf Mərkəzinin təşkil etdiyi ardıcıl təlimlərdə könüllü gənclərin iştirakı təmin olunub. Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual oyunlar üzrə çoxnövçülük turnirində nazirliyin komandası 30 dövlət qurumu arasında 3-cü yerin sahibi kimi mükafatlandırılıb. Bundan əlavə, “Breyn rinq” mərhələsinin qalibi olan təmsilçilərimiz kuboka layiq görülüb.
    Hesabat ayı ərzində muxtar respublikanın şəhər və rayonlarında müxtəlif idman növləri üzrə rayon (şəhər) birincilikləri, təlimlər, intellektual oyunlar, vətənpərvərlik motivli film nümayişləri, viktorinalar, yaradıcılıq müsabiqələri, ekskursiyalar, “Heydər Əliyev İli”nə, 27 sentyabr – Anım Gününə və şəhidlərimizin xatirəsinə həsr olunan tədbirlər təşkil olunub.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.10.2023 18:59