AZ EN RU

Naxçıvan idmançılarından 16 qızıl medal və 1 Avropa çempionatı lisenziyası

Sərhədçi İdman Olimpiya Mərkəzində MMA, pankration və qrepplinq üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib. Üç gün davam edən yarışlarda 65 komandadan 700-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb. 

Muxtar respublikanı Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayevin rəhbərliyi ilə "Turan" Döyüş Klubunun 22  idmançısı təmsil edib. Təmsilçilərimiz yarışlarda 16-sı qızıl, 15-i gümüş və 13-ü bürünc olmaqla, ümumilikdə  44 medal qazanıb. İdmançılarımızdan Röya Abdullayeva qrepplinqdə 54 kq çəki üzrə ölkə birincisi kimi builki Avropa çempionatında (U-17, U20) iştirak etmək hüququna nail olub. Naxçıvan idmanı tarixinə ilk qız dünya çempionu kimi adını həkk etdirən Röya ölkəmizin may ayında ev sahibliyi edəcəyi qitə birinciliyində növbəti uğuru üçün mübarizə aparacaq.

Digər idmançılarımıza gəlincə, ən yaxşı nəticələrə qrepplinq yarışlarında nail olunub: 10 qızıl, 5 gümüş və 4 bürünc. Ümumilikdə  isə Əli Qəribov, Tunar Abdullayev, Tunar Hüseynli və Əbülfəz Cəfərov hərəyə 2 qızıl, Uğur Bağışov, Kənan Əhmədli, Ravil Alməmmədov, Nurəddin  Əliyev, Rəhim Quluzadə, Əli Nəsrullayev, Rəvan Alməmmədov isə bir qızıl və digər təmsilçilərimizlə bərabər müxtəlif əyarlı medallara sahib çıxıblar.

 Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 11.03.2024 16:18