AZ EN RU

Naxçıvan ictimaiyyəti: “Ölkə başçısının dövlət idarəçiliyi sahəsində apardığı islahatlar kadr siyasətinin düzgün təkmilləşdirilməsinə, bütün sahələrdə inkişafa xidmət edəcək”

    Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyaşar ideyalarının təntənəsi, dahi şəxsiyyətin əsasını qoyduğu müdrik siyasi xəttin ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövrün çağırışlarına uyğun yeni müstəvidə uğurla davam etdirilməsi ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırıb, xalqımıza 200 illik tarixin ən böyük Zəfərini, qələbəsini bəxş edib. Praqmatik düşüncəli, uzaqgörən dövlət başçısının “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” sözləri həm 44 günlük Vətən müharibəsində, həm də son 19 ildə ölkə həyatının bütün sahələrində reallaşdırılan islahatlarda, dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesində özünün əyani təzahürünü müfəssəl şəkildə tapıb. Prezidentin 2022-ci il dekabrın 22-də atdığı növbəti mütərəqqi addım sayəsində işğaldan azad olunan Qarabağ regionundan sonra Naxçıvan Muxtar Respublikasında da dövlət idarəçiliyi sistemində yeni mərhələnin əsası qoyuldu. Belə ki, dövlət başçısının müvafiq fərmanları ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu və Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edildi. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.2 və 4-cü maddələrində qeyd olunur: “səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirsinlər”. Ölkə gündəmində geniş müzakirələrə səbəb olan mühüm əhəmiyyət kəsb edən bu tarixi hadisə ilə bağlı muxtar respublikamızda ayrı-ayrı sahələr üzrə çalışan şəxslərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin fikirlərini öyrənməyə çalışdıq.

    Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri Arzu Qasımov: –  Prezident İlham Əliyevin siyasi uğurları öz ifadəsini, hər şeydən əvvəl, dövlətin qüdrətinin artırılmasında, onun iqtisadiyyatının gücləndirilməsində tapır. XXI əsrin ilk onilliyində Azərbaycanın böyük yüksəliş iddiaları aydın görünməkdə idi. Bu milli iddiaların həyata keçirilməsi missiyasını öz üzərinə götürən Prezident İlham Əliyev aydın şəkildə dərk edirdi ki, Azərbaycanda yeni islahatlar artıq obyektiv zərurətə çevrilib. Dövrün tələblərinə cavab verən, müasir baxışlara əsaslanan islahatlar olmadan ölkə inkişaf iddialarını reallaşdırmaq imkanlarına malik deyildi. Prezident İlham Əliyevin islahatlar konsepsiyası məhz bu tarixi zərurətdən qaynaqlanır və həmin dövrün çağırışlarına cavab kimi qiymətləndirilməlidir. 

    Prezident İlham Əliyevin islahatçılıq strategiyası öz miqyası və vüsətinə görə kifayət qədər geniş olub, təkcə iqtisadi fəaliyyət sferası ilə kifayətlənmir, kompleks və sistemli xarakteri ilə diqqəti cəlb edir. Məhz hərtərəfli və dərin islahatlar sayəsində Azərbaycanın müasir siması formalaşıb. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan nəinki dünyanın ən dinamik iqtisadiyyatı kimi etiraf olundu, həm də qlobal miqyasda daha sürətlə və müasir dəyərlər çərçivəsində dəyişən ölkə imicini qazandı. 
    Bildiyimiz kimi, hazırda ölkəmizdə bütün bölgələrdə, bütün sahələrdə ciddi islahatlar gedir və islahatların da əsas məqsədi vətəndaş məmnunluğunu təmin etməkdir. Ölkəmizdə həyata keçirilən islahatlar Naxçıvan Muxtar Respublikasını da əhatə edir. Dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Fərman imzalayıb. Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Heç şübhəsiz ki, Naxçıvanda səlahiyyətli nümayəndə modeli dövlətçilik maraqları ilə yanaşı, həm də Naxçıvanda idarəetmə üsulunun səmərəliliyinin artırılmasına, region iqtisadiyyatının daha da inkişafına, islahatların sürətlə və uğurla həyata keçirilməsinə vəsilə olacaq, modern həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə keçidlə nəticələnəcək.
    Bu gün Naxçıvan Muxtar Respublikası inkişafının yeni mərhələsinin astanasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək dövrünü yaşayan müstəqil Azərbaycanın digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasının da daha sürətli tərəqqisi üçün yeni imkanlar yaranmaqdadır. İnanırıq ki, gəncləri də yüksək perspektivlər gözləyir. Gənclər siyasətimizdəki yeni çağırış və hədəflər də nəzərə alınaraq qeyd etmək olar ki, bundan sonra dövlət və yerliözünüidarəetmə orqanlarının işində gənclərin daha fəal iştirakı təmin olunacaq, gənclərin beynəlxalq tədbirlərdə iştirakına yol açılacaq, gəncləri əhatə edən qeyri-hökumət təşkilatlarının sayı artacaq, məşğulluqları təmin ediləcək, beynəlxalq layihələrdə təmsilçilikləri artacaq, ölkənin hazırkı və perspektiv inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini ödəyən gənclər irəli çəkiləcəklər.
    Son olaraq qeyd etmək istəyirəm ki, biz naxçıvanlıların daha böyük uğurlarımız və nailiyyətlərimiz isə hələ qarşıdadır. İnanıram ki, hər zaman olduğu kimi, bundan sonra da Prezidentin ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımıza şahidlik edəcəyik.
  Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Jurnalistlər Birliyinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov: – Öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider hər zaman xoşbəxtdir. Məsələyə bu aspektdən yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və ölkəmizə rəhbərlik etdiyi bu müddət ərzində respublikamızı uca zirvələrə yüksəltmiş, Vətənimizi qalib, müzəffər ölkə kimi dünyaya tanıtmışdır. Xalq ona görə Prezidentini sevir ki, o heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu səbəbdən xalqımız hər zaman ölkə rəhbərinin arxasındadır, onun qərarlarına sayğıyla yanaşır, ziyalılarımız, elm fədailərimiz ölkəmizin inkişafı üçün əlindən gələni edir və bundan sonra da edəcəkdir. 

    Dahi Ulu Öndərin Vətəni sayılan Naxçıvan Muxtar Respublikası hər zaman ölkə başçısının diqqətində olub, diyarımızın inkişafı üçün Prezident əlindən gələni əsirgəməyib. Ötən müddət ərzində Naxçıvanda baş verən hadisələr bir daha göstərdi ki, müzəffər lider nəyi nə zaman, harada və nə vaxt edəcəyini bilən güclü siyasətçidir. İstərdim, ötən illərdə Naxçıvanda baş verən hadisələrə, o cümlədən illərin müəyyən dövrlərdə olub bitmiş proseslərə fikir bildirim, uzun illər öz sahəmlə əlaqədar müşahidə etdiyim prosesləri dilə gətirim. 
    Yaxşı xatırlayıram... Naxçıvan Dövlət Teatrının 125 illik yubileyi ilə bağlı ölkə başçısının müvafiq sərəncamı qəbul edilmişdi. Bilirik ki, teatr hər bir xalqın mədəni güzgüsü olmaqla bərabər həm də ədəbi sənət məktəbi, yaradıcılıq ocağıdır. Bu şərt daxilində Naxçıvanda teatrın tarixi ilə bağlı belə bir qərarın qəbul edilməsi sənət adamları daxil olmaqla bütün Naxçıvan ictimaiyyətini, ziyalıları sevindirdi. Sərəncamdan irəli gələn tapşırıqların icrası istiqamətində Naxçıvanda teatrın 125 illik yubileyi qeyd olundu. Lakin təəssüf hissi ilə deyirəm ki, keçirilən tədbir teatra yaraşan tərzdə deyil, tamam başqa bir aspektdə həyata keçirildi. Teatrın tarixini düzgün, müfəssəl işıqlandırmayan çıxış mətninin səslənməsinin ardınca Səməd Vurğunun “Fərhad və Şirin” tamaşası nümayiş olundu, bununla da yubileyin bədii hissəsi başa çatdı. Sanki bu tədbir 125 illik ədəbi sənət ocağının tarixi ilə bağlı deyil, Səməd Vurğunun yaradıcılığına həsr olunmuş konfrans idi. Düzdür, bu hadisə çox əvvəllər baş versə də, ölkəmizin tarixi taleyi baxımından mühüm hadisədir. Mən bütün sənət adamları adından arzu edirəm ki, növbəti il 140 illiyini qeyd edəcəyimiz Naxçıvan teatrının yubileyi ölkə incəsənətinə verdiyi töhfələrə layiq şəkildə keçirilsin. Vətənimizin milli-mənəvi dəyərləri gələcək nəsillərə miras qalsın. Bir məsələni də qeyd edim ki, biz teatrşünasları düşündürən bir nüans da Naxçıvan rejissorlarının uzun illər repertuar seçimində müstəqil olmaması, nəticədə, yalnız hansısa göstəriş əsasında bayağı mövzuların səhnəmizə yol tapması olub. İnanıram ki, bundan sonra rejissorlarımız daha aktual, tənqidi mövzulara müraciət edəcək ki, bu da cəmiyyətdəki müəyyən çatışmazlıqlarla, neqativ hallarla mübarizədə öz effektiv təsirini göstərəcək.
    Toxunmaq istədiyim digər mövzu isə muxtar respublikamızdakı qədim memarlıq abidələrinin bərpası istiqamətində görülən işlərlə bağlıdır. Hər bir xalqın, ölkənin tarixini, milli-mənəvi dəyərlərini işıqlandırmaq baxımından memarlıq abidələrinin rolu əvəzsizdir. Bu tarixin bütün dövrlərində belə olub. Azərbaycan torpağında yaşayıb-yaratmış böyük memarlar bu yurdun simvoluna çevriləcək əsrarəngiz sənət əsərləri ərsəyə gətirmiş, onu gələcək nəsillərə miras buraxmışlar. Onların bu xidməti qarşılığında milli dəyərlərimizi, tarixi abidələrimizi qorumaq hər birimizin borcudur. Təbii ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda bu istiqamətdə icra olunan işləri aidiyyəti qurumlar həyata keçirir. Lakin abidələrin bərpadan sonrakı mənzərəsinə nəzər saldıqda gördüklərimiz tamam başqa təəssürat bağışlayır. Düşünürsən ki, yeni boya iyinin hiss olunduğu abidələr sanki əsrlərin yadigarı deyil, müasir zamanın yaratdığı sənət əsərləridir. Lakin dünya təcrübəsinə nəzər salsaq, görərik ki, qədim Roma mədəniyyətinin dünyaya ərməğan buraxdığı “Kolizey” amfiteatrı ilk yarandığı kimi də qalmaqdadır. Baxmayaraq ki, Roma dövləti abidəni bərpa etmək qüdrətindədir, ancaq abidənin ilkin görünüşündə, olduğu kimi insanlara, turistlərə təqdim edilməsi tarixi yaşatmaq baxımından daha mühüm sayılmaqdadır. İnanıram ki, diyarımızda bu vaxta qədər olmuş maddi mədəniyyət nümunələrinə təəssübkeşlik bundan sonra daha diqqətli və həssas şəkildə davam edəcək, Naxçıvan Muxtar Respublikası dövlət başçısının ideyalarına sadiq qalaraq daha da çiçəklənəcək. 
    Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov:  – Uzun illər teatr, mədəniyyət sahəsində çalışan biri kimi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis olunmasını rəğbətlə qarşılayıram. İnanıram ki, ölkə rəhbərinin bu mütərəqqi addımı yaxın gələcəkdə muxtar respublikamızda bütün sahələrdə köklü islahatlara, düzgün kadr siyasətinin aparılmasına səbəb olacaq.

    Teatr ən qədim zamanlardan insanların mənəvi tələbatını ödəyən ən təsirli maarifləndirmə vasitəsi kimi mühüm rol oynayıb. Zamanla kino sahəsi nə qədər inkişaf edib ön plana keçməyə çalışsa da, tamaşaçı ilə canlı, əyani bağlılığı olan teatr öz aktuallığını indiyədək saxlayıb. Hamımız gözəl bilirik ki, Azərbaycan köklü mədəniyyətə malikdir, Şərq aləmində ilk teatr məhz ölkəmizdə yaradılıb. Bu gün də ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində mədəni irsimiz ən yüksək səviyyədə qorunub yaşadılır, teatr sahəsi təkmilləşir, formalaşır, bir-birindən maraqlı səhnə əsərləri tamaşaçılarımızın zövqünü oxşayır. Muxtar respublikamızda da teatr ötən illər ərzində inkişaf yolu keçib, teatrlarımız üçün müasir binalar tikilib istifadəyə verilib, rejissor, aktyor heyətinin səmərəli fəaliyyəti üçün lazımi avadanlıqlarla təchiz olunub. Lakin təəssüf ki, əvvəllər bizdən asılı olmayan səbəblər üzündən bir sıra mənfi nüanslar da yox deyildi. Bu baxımdan uzun illərdir, rəhbərlik etdiyim Naxçıvan Dövlət Uşaq Teatrının timsalında bir məsələyə diqqət çəkmək istərdim. Mədəniyyət xadimləri də fikrimi təsdiqləyərlər ki, bir teatr dövlət adını daşıyırsa, yəni dövlət teatrı statusundadırsa, orada mütləq şəkildə aktyor ştatları mövcud olmalıdır. Ölkəmizdə fəaliyyət göstərən digər dövlət teatrlarını buna nümunə göstərmək olar. Misal üçün Bakı Uşaq və Gənclər Teatrının 64 ştatda işçisi vardır ki, onun yarısı aktyordur. Ancaq təəssüfedici məqamdır ki, 2006-cı ildə Naxçıvan Dövlət Uşaq Teatrı yaradılanda bu hal nəzərə alınmayıb və bu günə qədər də ancaq həvəskar şagirdlərdən ibarət özfəaliyyət qrupu kimi səhnə əsərləri hazırlamağa çalışmışıq. Təbii ki, dediyim bu mənfi amilə görə tələb olunan nəticəni əldə etmək, gözləntiləri doğrultmaq mümkünsüz idi. Çünki məktəb yaşlı uşaq teatra ancaq öyrənmək, kiçik təcrübə qazanmaq üçün gələ, müraciət edə bilər, ancaq o, püxtələşmiş aktyor səviyyəsində rol canlandıra bilməz. Digər yandan da şagirdi istənilən vaxt teatra gətirib rol oynamağa məcbur etmək də olmaz. Məhz Naxçıvan Dövlət Uşaq Teatrında aktyor ştatının olmaması ötən illərdə istədiyimiz nəticəni qazanmağa imkan vermirdi. Bizi narahat edən başqa bir nüans isə repertuar seçimi ilə bağlı idi. Yəni biz teatr kollektivi olaraq tamaşaçıların zövqünə uyğun əsərlər səhnələşdirməyə çalışsaq da, onların bəzilərini hazırlamağa imkan verilmirdi, mövzu seçimində məhdudiyyətlər qoyulurdu. Bütün bunlar bizi qismən sarsıtsa da, tam şəkildə ruhdan salmır, yeni aktyor nəslinin formalaşması üçün səylərimizi əsirgəmirdik. 
    Tofiq Seyidov ümidvar olduğunu bildirdi ki, muxtar respublikamızda aparılan islahatlar nəticəsində teatrlarımız da böyük inkişaf yoluna qədəm qoyacaq. Bir səhnə adamı, quruluşcu rejissor kimi gələcəkdə ən böyük istəklərimdən biri də Naxçıvanda gənclərlə bağlı teatrın yaradılmasına nail olmaqdır. Əminəm ki, ölkə başçısının apardığı islahatlar, mədəniyyətimizin inkişafı yönündə həyata keçirdiyi işlər biz teatr insanlarına, ən əsası da gənc tamaşaçılara bu imkanı verəcək. Fürsətdən istifadə edib kadr siyasətinin düzgün təkmilləşdirilməsinə, sosial-iqtisadi, mədəni inkişafa xidmət edəcək bu əlamətdar tarixi hadisəyə görə Prezidentimizə öz dərin minnətdarlığımı bildirir, gedən dəyişiklik proseslərinin xalqımız, dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirəm.
    Müsahibələrdən də göründüyü kimi, Naxçıvan ictimaiyyətinin tanınmış nümayəndələri, ziyalılar da ölkə Prezidentinin muxtar respublikada dövlət idarəçiliyi sahəsində apardığı islahatları, struktur dəyişikliyini rəğbətlə alqışlayır. Əminliklə demək olar ki, tarixin bütün dönəmlərində olduğu kimi, bu gün də naxçıvanlılar dövlətinin, rəhbərinin yanındadır, hər kəs öz əməli işi, mənəvi dəstəyi ilə bu dəyişiklik proseslərini uğurla, nailiyyətlə başa vurmaq, böyük inkişaf yoluna qədəm qoymaq üçün əlindən gələni əsirgəməyəcək.

 Nail ƏSGƏROV
 Güntac ŞAHMƏMMƏDLİ 
Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 27.12.2022 22:10