AZ EN RU

Naxçıvan Həkimlər Assosiasiyasının, həkimlərin yeni ictimai birliyinin təsis yığıncağı keçirilib

    Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəsifələrini icra edən Samiq Sadıxov çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində son aylarda həyata keçirilən köklü islahatlar muxtar respublikada tibbi xidmətin müasir və üstün yanaşma ilə qurulmasına, tibbin bütün istiqamətlərində keyfiyyətin artırılmasına yönəlib. Yeni yaradılan “Naxçıvan Muxtar Respublikası Həkimlərinin Assossasiyası” İctimai Birliyi də bu istiqamətdə atılan addımlardan biridir. Qeyd olunub ki, həmin ictimai birlik daimi əsaslarla fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Muxtar respublikadakı həkimlərin fəaliyyətlərini aktivləşdirmək, bilik və bacarıqlarının inkişaf etdirilməsini təmin etmək, həkimlər arasındakı məlumat və təcrübə mübadiləsi aparılmasını təmin etmək, təcrübəli və xarici ölkələrdə yüksək tibb təhsil almış həkimlərlə yerli həkimlərin elmi və praktiki təcrübə mübadiləsini təmin etmək üçün görüşlər, konfranslar, seminarlar, vebinarlar və treninqlər təşkil etmək bu qurumun səlahiyyətinə verilir. 
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi Xidmətin Təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxışında assossasiyanın yaradılmasının zəruriliyindən danışılıb. Daha sonra səsvermə yolu ilə assosiasiyanın sədri, müavini və katibi seçilib. Assosiyanın sədri seçilən tibb elimləri doktoru, professor İsa Abdullayev çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Həkimlərinin Assosiasiyası” İctimai Birliyi “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə uyğun olaraq yaradılmışdır. Birliyin yaradılmasında məqsəd muxtar respublikada fəaliyyət göstərən həkimlərin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsində, həkimlər arasında təcrübə mübadiləsinin aparılmasında, səhiyyə sahəsində təhsil alan tələbələrin peşəkar həkim kimi formalaşmasında, səhiyyə və ictimai sağlamlıq problemlərinin həllində aktiv iştirak etməkdir. 
    Çıxışda muxtar respublika ərazisində fəaliyyət göstərən həkimlərin fəaliyyətlərini aktivləşdirmək, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Həkimlərinin Assosiasiyası” İctimai Birliyinin üzərinə düşən vəzifələrdən ətraflı bəhs olunub. Vurğulanıb ki, gənc həkimlərin təcrübəli həkimlərlə peşə əlaqələrini inkişaf etdirmək və təkmilləşdirmək, dövlətin sağlamlıq siyasətinin həyata keçirilməsinə yardım etmək, həkimlik peşəsinin gələcək inkişafında aktiv rol almaq da da assosiasiyasının əsas işi olacaqdır Sosial qayğıya ehtiyacı olanlara tibbi-psixoloji dəstək vermək və ekoloji təhdidlərin qarşısını almaq məqsədilə müvafiq təşkilatlarla birgə fəaliyyətin təşkili də məqsəd kimi qarşıya qoyulmuşdur.

Ramiyyə ƏKBƏROVA

 

Nəşr edilib : 25.08.2023 19:20