AZ EN RU

Naxçıvan güləşçisi beynəlxalq turnirin mükafatçıları sırasında

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq "Təhsil" turniri keçirilib.  Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə 500-ə yaxın idmançı mübarizə aparır.

Naxçıvan Güləş Federasiyasının sədri, Əməkdar məşqçi Faiq İsgəndərovun rəhbərliyi ilə turnirə muxtar respublikadan 4 idmançımız qatılıb. Babək rayon Kültəpə kənd tam orta məktəbinin şagirdi Fuad Rzayev 15 yaşadək sərbəst güləşçilər arasında fərqlənib. Təmsilçimiz 41 kq dərəcəsidə bürünc medal qazanmağa nail olub.

Qeyd edək ki, bu gün yekunlaşacaq beynəlxalq turnir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilir. Məqsəd məktəblilər arasında güləş idman növünə marağın artırılması, kütləviliyin təmin edilməsi, şagirdlər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, bu idman növü üzrə yeniyetmələrdən ibarət yığma komandalara namizədlərin seçilməsindən ibarətdir.

           Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

 mətbuat xidməti

Nəşr edilib : 11.12.2023 17:22