AZ EN RU

Naxçıvan göycəsi haqqında məqalə “İrs”də dərc olunub

    AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırovun Naxçıvanın dadı dillər əzbərinə çevrilmiş brend meyvəsi göycədən bəhs edən məqaləsi “İrs” beynəlxalq Azərbaycan jurnalının yeni sayında dərc olunub.
    Məqalədə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının əlverişli torpaq-iqlim xüsusiyyətlərinə malik olması hələ qədim zamanlardan burada meyvəçiliyin inkişafına zəmin yaratmış, Xaraba Gilan, Kültəpə və digər yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan ərik, şaftalı, alça və başqa meyvə çəyirdəkləri Naxçıvanda meyvəçiliyin tarixinin üç min il öncəyə dayandığı təsdiq olunmuşdur. Arxeoloji araşdırmalarla yanaşı, müxtəlif mənbələrdə Naxçıvanda meyvəçiliyin inkişafı ilə bağlı məlumatlara diqqətçəkən müəllif XIX əsrin II yarısı – XX əsrin birinci yarısına aid bəzi statistik qeydləri oxuculara çatdırır.
    Məqalədə Naxçıvan göycəsi ölkənin bir çox rayonlarında becərilsə də, meyvəsinin dadına və keyfiyyətinə görə Naxçıvan göycəsi tamamilə seçildiyini qeyd edən alim muxtar respublikanın relyef quruluşunun, iqlim şəraitinin bitkinin vegetasiya dövrünə təsirini əsaslandırır. Bildirir ki, meyvənin tərkibi A, B1, B2, B9, C, E, P vitaminləri, turşular, şəkər, kalsium, kalium, fosfor və başqa maddələrlə zəngindir. 
    Muxtar respublikada göycə istehsalının artırılması ilə yanaşı, təbliği və tanıdılmasına da diqqətlə yanaşıldığını, 2016-cı ildən başlayaraq keçirilən“Göycə” festivalı sayəsində bu meyvəyə marağın ildən-ilə daha da artdığını və festivalın bu meyvənin dünya səviyyəsində brend kimi tanınmasındakı böyük əhəmiyyətindən bəhs olunur.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 13.09.2022 18:37