AZ EN RU

Naxçıvan gömrüyündə “Açıq qapı” günü təşkil olunub

    Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində “Açıq qapı” günü təşkil olunub.
    Gömrük əməkdaşlarının övladları üçün keçirilən tədbir çərçivəsində uşaqlar valideynlərinin iş fəaliyyəti ilə tanış olub, gömrükçü peşəsinə dair bilik və dünyagörüşlərinin artırılması istiqamətində rəngarəng maarifləndirici proqramlarda iştirak ediblər.
    Gömrükçü övladlarına əvvəlcə kinoloji xidmət itləri və onların axtarış qabiliyyətləri nümayiş etdirilib. Xidməti itlər uşaqlar tərəfindən əl baqajında gizlədilmiş şərti predmetləri aşkarlayıblar. Sonra xidməti itlərin itaət təlimləri və bala itlərin yetişdirilməsi üzrə məşqlərdən nümunələr göstərilib.
    Hədəflərin müəyyənləşdirilməsi mərkəzində uşaqlar müşahidə kameralarının görüntüləri ilə gömrük orqanlarının infrastrukturu, fəaliyyəti, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi ilə vizual tanış olub, elektron xəritə üzərində iki gömrük orqanı arasında daşınan mallara GPS qurğuları vasitəsilə nəzarət, gömrük nəzarətindən keçən baqajların rentgen təsvirlərinin analizi proseslərini izləyiblər.
    Baş İdarənin foyesində quraşdırılmış “İdman nailiyyətləri” guşəsi ilə tanışlıq zamanı məlumat verilib ki, 20 ildən artıqdır ki, Azərbaycan Respublikasının gömrük orqanları arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunan futzal üzrə ənənəvi çempionat keçirilir. “Naxçıvan” komandası çempionatın ən titullu komandasıdır və bu vaxta qədər yarışlarda, ümumilikdə, 14 dəfə qalib olub.
    Uşaqlar 2005-ci ildən fəaliyyət göstərən “Gömrük tarixi” muzeyi ilə də tanış olublar. Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının əsas hissəsini qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilərkən saxlanılmış Azərbaycan və dünya xalqlarının tarixi, mədəni sərvətlərinə aid nümunələr təşkil edir. Onların böyük bir qismi zaman-zaman növündən, təyinatından asılı olaraq muxtar respublikada fəaliyyət göstərən muzeylərə və aid dövlət təşkilatlarına təhvil verilib.
   Tədbirin ikinci hissəsi akt zalında davam etdirilib. Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti polkovniki Vüqar Əliyev dövlətimiz tərəfindən gələcəyimiz olan uşaqların hərtərəfli inkişafı, onların sağlam və vətənpərvərlik ruhunda böyüməsi üçün yaradılan şəraitdən danışıb. Naxçıvan gömrüyündə ilk dəfədir, təşkil olunan “Açıq qapı” gününün məhz bu amala xidmət etdiyi vurğulanıb.
    Gömrükçü övladları tədbirin proqramına uyğun olaraq vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
    Sonra gələcəyimiz olan uşaqlara diqqət və qayğını əks etdirən film, gömrük xidmətinin müxtəlif sahələrinə dair maarifləndirici videoçarx nümayiş etdirilib. Uşaqlar gömrük sərhədini keçən vətəndaş və gömrükçü qismində metal detektordan istifadə etməklə yoxlama həyata keçiriblər.
    Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə uşaqlara hədiyyələr təqdim edilib, çay süfrəsi təşkil olunub. 
    Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
    Qeyd edək ki, “Açıq qapı” günü tədbirləri Naxçıvandakı gömrük postlarında da təşkil olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 26.12.2022 22:00