AZ EN RU

Naxçıvan gəncləri yeni uğurları ilə etimadı doğruldur

    Ölkə başçısının rəhbərliyi ilə ölkəmiz bütün sferalarda, o cümlədən gənclər və idman sahəsində uğurlu strategiya ilə irəliləyir. Bu sahədə icra olunan dövlət siyasətinin əhatəliliyi və davamlılığı sayəsində mühüm nailiyyətlər əldə olunur. Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəslin sağlam həyat tərzinə cəlbi, onların vətənpərvər ruhda formalaşdırılması, müxtəlif sahələrdə inkişafı və uğurlu fəaliyyətinə zəmin yaradılması istiqamətində məqsədyönlü addımlar atılır. 

    Ötən ay ərzində muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki aktivliyini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilib, uğurlu fəaliyyəti ilə fərqlənən gənc nəsil nümayəndələri mükafatlandırılıblar. İdmançılarımız yeni nailiyyətlərə imza atıblar. 
    Azərbaycan Gəncləri Günü muxtar respublikada geniş şəkildə qeyd olunub. Bu münasibətlə Naxçıvan şəhəri və bölgələrdə konsert proqramları, mükafatlandırma mərasimləri təşkil olunub, gənclərlə idmançılar, o cümlədən bu sahədə xidmətləri olan ictimaiyyət nümayəndələri təltif ediliblər. “Heydər Əliyev İli” ilə əlaqədar Ağbulaq İstirahət Mərkəzində gənclərin “Qış məktəbi” layihəsi çərçivəsində düşərgələr təşkil olunub. 4 mərhələdən ibarət layihədə ali və orta ixtisas müəssisələrinin tələbələri, könüllülər, eləcə də şəhər və rayonlarda fəaliyyət göstərən gənclərin iştirakı təmin edilib. Məqsəd gənclərə hər bir azərbaycanlıya örnək olan Heydər Əliyev irsinin aşılanması ilə yanaşı, onların asudə vaxtını səmərəli təşkil etmək, şəxsi inkişafını sürətləndirməkdən ibarət olub. Gənclər və İdman Nazirliyinin əməkdaşları və könüllü gənclər Naxçıvanda keçirilən “Ümummilli Lider Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” adlı konfransın təşkilatçılıq işlərində iştirak ediblər. Qardaş Türkiyəyə yollanan Azərbaycanın könüllü gənclərdən ibarət 100 nəfərlik heyətində “Naxçıvan Könüllüləri” qrupu da yer alıb. Heyət fəlakətin baş verdiyi bölgələrdə faciədən zərərçəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edir. Gənclər üçün “Görünməyən qəhrəmanlar – Hərbi Hava Qüvvələri” sənədli filminin nümayişi, Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsində” kitabının müzakirəsi, “Bu kino ki var...” adlı kinoviktorina təşkil olunub. Şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə bir qrup könüllü gənc tərəfindən bu dəfə Culfa rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Naxçıvan Dövlət Universiteti tələbələrinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyanı reallaşdır” qrant müsabiqəsinin qalibi olmuş “Debat çempionatı” və “TAP-MAT” layihələri reallaşıb. Bölgələrimizdə yaradıcılıq müsabiqələri, intellektual oyunlar, vətənpərvərlik motivli film nümayişləri, “Heydər Əliyev İli” və Xocalı soyqrımı ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. 
    İdmanın inkişafı və bu sahədə kütləviliyin artırılması istiqamətində addımlar atılıb, təmsilçilərimiz ölkə və beynəlxalq miqyaslı tədbirlərdə nailiyyətlər əldə ediblər. Yaşı 18-dək olan sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinqin benç press növü üzrə muxtar respublika birinciliyi, Naxçıvan Şahmat Mərkəzinin idmançıları arasında “Heydər Əliyev İli” ilə əlaqədar olaraq təsnifat turniri, Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün Haçadağa yürüş, könüllülər arasında futzal turniri, eləcə də idmançılarda şəxsi inkişaf və özünəgüvənin formalaşdırılması üçün motivasiya yönümlü təlim təşkil olunub. Babək rayon Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbin yerli sahibkarın təşəbbüsü və dəstəyi ilə yenidən qurulmuş meydançasında keçirilən ilk futbol oyunu şəhidlərimizin xatirəsinə həsr olunub. 
    Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu növbəti iki oyununda “İmişli”dən 3:0, “Şamaxı-2”dən 2:0 hesabı ilə üstün olaraq aktivinə 6 xal yazdırıb. Təmsilçimiz bu nəticələrlə turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirib. Elbrus Kərimli Rumıniyanın Arad şəhərində keçirilən gənc və yeniyetmə boksçular arasında “Dracula Open” beynəlxalq turnirindəki qalibiyyəti ilə karyerasında ilk dəfə iştirak etdiyi beynəlxalq səviyyəli yarışı qızıl medalla tamamlayıb. Yaşı 18-dək olan yeniyetmə və gənclərin atletika üzrə qış Azərbaycan birinciliyində Aysu Abbasova 1500 metr məsafədə qızıl, 800 metr məsafədə gümüş, ilk dəfə ölkə miqyaslı yarışda iştirak edən Onur Babayev isə 60 metr məsafədə sprinterlərin arasında gümüş medal qazanıb. Sambo üzrə yeniyetmələr, gənclər və böyüklər arasında Azərbaycan çempionatı və birinciliklərində iştirak edən Məhəmməd Əlili 1 gümüş və 1 bürünc medala sahib çıxıb. 8-18 yaşadək oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışlarına qatılan 22 idmançımızdan dördü uğurlu nəticəyə nail olub. Bəxtiyar Cəfərli 8 yaşlı oğlanlar arasında ikinci, Yasin Əzimov 10 yaşlı oğlanlar arasında ikinci, Rza Həsənli 16 yaşlı oğlanlar arasında ikinci, Rəcəb Abdullabəyli isə eyni yaş kateqoriyasında üçüncü yerə layiq görülüb. Naxçıvanlı veteran idmançı Məcid Rzayev usta cüdoçuların Azərbaycan çempionatının qalibi olub, Beynəlxalq Cüdo Federasiyasının Akademiyası tərəfindən keçirilən cüdo məşqçiliyi kursunda iştirak edən Orxan Quliyev imtahanı uğurla adlayaraq sertifikat qazanan məşqçilər sırasına qoşulub. Ay ərzində muxtar respublikanın bölgələrində müxtəlif idman növləri üzrə rayon (şəhər) birincilikləri, “Heydər Əliyev İli”, Xocalı soyqırımı və şəhidlərimizin xatirəsinə həsr olunan turnirlər təşkil olunub.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.03.2023 19:28