AZ EN RU

Naxçıvan gəncləri yeni uğurları ilə etimadı doğruldur

    Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla icra olunan dövlət gənclər və idman siyasətinin tərkib hissəsi kimi Azərbaycanın hər bir yerində, o cümlədən Naxçıvan Muxtar Respublikasında gənclərin sağlam həyat tərzinə cəlbi, onların vətənpərvər ruhda formalaşdırılması, müxtəlif sahələrdə inkişafı və uğurlu fəaliyyətinə zəmin yaradılması istiqamətində məqsədyönlü addımlar atılır. 

    Ötən ay ərzində muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki aktivliyini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilib, uğurlu fəaliyyəti ilə fərqlənən gənc nəsil nümayəndələri mükafatlandırılıblar. İdmançılarımız yeni nailiyyətlərə imza atıblar. 
    2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində, Naxçıvan Milli Dram Teatrında və rayonlarda tədbirlər keçirilib, “Naxçıvan” Sarayda isə mükafatlandırma mərasimi reallaşıb. Ötən il ərzində gənclərlə iş və idman sahəsində fərqlənən yeniyetmə və gənclər, eləcə də bu sahədə xidmətləri olan ictimaiyyət nümayəndələri təltif olunublar. Ağbulaq İstirahət Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar gənclərin “Qış məktəbi” layihəsinə start verilib. Ali təhsil müəssisələrinin tələbələri və könüllü gənclərin iştirakı ilə reallaşan üçgünlük düşərgədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacının iştirakçılarla görüşü keçirilib, gənclərin asudə vaxtının səmərəli təşkili, şəxsi inkişafının sürətləndirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi və onlara hər bir azərbaycanlıya örnək olan Heydər Əliyev irsinin aşılanması yönündə müxtəlif tədbirlər təşkil olunub. 
    Naxçıvan gənclərinin ölkə üzrə qrant müsabiqələrində qalib gəldiyi layihələri gerçəkləşib. Belə ki, Naxçıvan Dövlət Universiteti Tələbə-­Gənclər Təşkilatının sədri, Prezident mükafatçısı Əziz Qasımovun Naxçıvan tələbə-gənclər təşkilatlarının I regional konfransı və tələbə-gəncimiz Bağdagül Cəfərlinin “Debat çempionatı” layihələri reallaşıb. Bununla yanaşı, tələbə-gənclər təşkilatlarının işinin təkmilləşdirilməsi və onlar arasında şəbəkəli fəaliyyətin təmini məqsədilə Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları ilə təşkilat sədrləri və nümayəndələri arasında görüş keçirilib, bu sferada yeni fəaliyyət mexanizminin tətbiqi baxımından ilkin müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. Bir qrup könüllü gəncin Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinə, ali təhsil müəssisələrinin əcnəbi tələbələrinin Şahbuz rayonunda yerləşən turizm əhəmiyyətli məkanlara ekskursiyaları təşkil olunub. Bölgələrimizdə yaradıcılıq müsabiqələri, intellektual oyunlar, vətənpərvərlik motivli film nümayişləri və “Heydər Əliyev İli” ilə əlaqədar müxtəlif tədbirlər keçirilib. 
    Hesabat ayı Naxçıvan idmançıları və idman ictimaiyyəti nümayəndələri üçün uğurlarla yadda qalıb. Dövlətimizin idmançılara yüksək qayğısının növbəti təzahürü kimi qeyd edə bilərik ki, Prezident cənab İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Naxçıvan boks məktəbinin yetirməsi Tayfur Əliyevi də mənzillə mükafatlandırıb. Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə Naxçıvan Güləş Federasiyasının sədri Faiq İsgəndərov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. Qardaş ölkə Türkiyənin İstanbul şəhərində təkbətək döyüş idmanı növlərini əhatə edən “Altın Yumruq ödül gecəsi” mükafatlandırma mərasimində Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev “Kikboks onur ödülü” ilə, federasiyanın məşqçisi Etibar Qəribov isə “Spor elçisi ödülü” ilə mükafatlandırılıblar. Atletlərimizdən Əmrah Nağıyev 39-cu Qış Azərbaycan Çempionatında 1500 və 3000 metr məsafələrə qaçış yarışlarında finişə birinci çataraq hər iki məsafə üzrə qızıl, Aysu Abbasova isə bir gümüş və bir bürünc medal qazanıb. Bununla yanaşı, idmançılarımız VII “Arpachay Open” beynəlxalq karate turnirində 4 qızıl, 2 gümüş, 6 bürünc, MMA, pankration və qrepplinq üzrə açıq Bakı birinciliyində 8 qızıl, 8 gümüş və 8 bürünc medal qazanıblar. 
    “Araz-Naxçıvan” PFK-nın heyəti Bakı şəhərində təlim-məşq toplanışı keçib, bir neçə yoldaşlıq görüşü və seminarda iştirak edib, Naxçıvanın bədii gimnastları isə məşqçi Humay Qafarovanın rəhbərliyi ilə Azərbaycan Gimnastika Federasiyasının regionları əhatə edən təlim-məşq toplanışına qatılıblar. Babək rayonunun Nehrəm qəsəbəsində özəl investisiya əsasında fəaliyyət göstərən idman zalında sərbəst güləş məşqlərinə start verilib. Kütləviliyə zəmin yaradılması, məşqlərin effektivliyi və keyfiyyətinin artırılması, o cümlədən idmanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə bura Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən müasir güləş xalçası dəsti və məşqçi-müəllimlə təmin olunub. Ay ərzində muxtar respublikanın bölgələrində müxtəlif idman növləri üzrə rayon (şəhər) birincilikləri, paralimpiyaçılar arasında yarışlar, şəhidlərimizin xatirə turnirləri təşkil olunub, Ordubad rayonunda ilk dəfə olaraq ağırlıqqaldırma yarışı və bədii gimnastika üzrə nümunəvi çıxışlar reallaşıb.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.02.2023 20:39