AZ EN RU

Naxçıvan gəncləri ilin yekunları ilə bağlı mükafatlandırılıblar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Gənclər Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə  təşkil olunan tədbirdə 2023-cü il ərzində müxtəlif sahələrdə fərqlənən muxtar respublika gəncləri, o cümlədən gənclər və idman sahəsinin inkişafında, təbliğində xidmətləri olan insanlar mükafatlandırılıblar.

“Naxçıvan Saray”da reallaşan tədbirdə öncə Ümummilli Lider Heydər Əliyev və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində işlər görülür. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır.

Uğur qazanan gəncləri təbrik edən Günay Malikqızı qeyd edib ki, bu gün gənclik cəmiyyətin aparıcı qüvvəsi hesab edilir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir.

“2023-cü il muxtar respublikanın gənclik və idman mühiti üçün dinamika, yeniliklər və uğurlar baxımından yaddaqalan oldu. Gənclər və İdman Nazirliyi aid təşkilatlarla birgə 2023-cü ildə 222-si gənclərlə iş, 144-ü idman sahəsində olmaqla, ümumilikdə 366 tədbir keçirdi və 15 mindən çox uşaq, yeniyetmə, gənc bu tədbirlərdə iştirak etdi”. Bu sözləri gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov tədbirdəki çıxışı zamanı səsləndirib. Nazir müavini Naxçıvan idmançılarının nailiyyətləri barədə danışarkən qeyd edib ki, 2023-cü ilin ötən dövrü ərzində ölkə miqyaslı yarışlarda 153, beynəlxalq turnirlərdə 62, Avropa çempionatlarında  6, dünya çempionatlarında 4 olmaqla, ümumilikdə, 225 medal qazanılıb. Medallardan 67-si qızıl, 67-si gümüş, 91-i isə bürüncdür. Bir idmançımız Avropa çempionu, biri isə dünya çempionu olmağı bacarıb.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, millət vəkili Cəbi Quliyev 2023-cü ildə muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasından, bu sahədəki tədbirlərin, gənclərlə bağlı layihələrin həyata keçirilməsinin daha da genişləndirilməsindən danışıb.

Çıxış edənlər gəncləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib, onlara yeni ildə uğurlar arzulayıblar.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının konsert proqramı təqdim edilib. Tədbir çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Müxtəlif nominasiyaların qaliblərinə plaketlər təqdim olunub. Mükafatlandırılanlar arasında əsgər və hərbçilər, kursantlar, idmançılar, könüllülər, media subyektləri və müxtəlif sahələrdə fərqlənən gənclər olub.           

Naxçıvan Muxtar Respublikası

 Gənclər və İdman Nazirliyinin

 mətbuat xidməti

Nəşr edilib : 28.12.2023 18:09