AZ EN RU

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub

    Oktyabrın 5-də keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərin təltif olunması barədə sərəncamları ilə tanış edib, təltif olunan müəllimləri təbrik edib. 
    Təhsil naziri vurğulayıb ki, müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, muxtar respublikada 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

    Nazir müəllimlərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı hal alıb. Çıxışda  Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşlarının artırılması haqqında ətraflı məlumat verilib.
    Qeyd olunub ki, təkcə ötən tədris ilində ümumtəhsil məktəblərinin müəllimlərindən 300-dən çoxu STEAM, 1200-dən çoxu isə müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb olunub. Müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikatlaşdırma imtahanı aparılıb, 505 müəllim şahmat sertifikatı ilə təmin edilib. Muxtar respublikada müəllim əməyinə verilən qiymət onların fəallığını artırıb, son 4 ildə 4 müəllim “Pedaqoji mühazirə müsabiqəsi”nin, 17 müəllim isə fərdi kateqoriya üzrə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin qalibi olub.
    Nazir bildirib ki, bu günədək müəllimlərin işə qəbulla bağlı keçirilən müsabiqələrdə yüksək nəticə göstərən kadrlardan 824-ü müəllim, 192-si isə müxtəlif vəzifələr olmaqla, ümumilikdə, 1016 gənc kadr işlə təmin edilib.
    Qeyd olunub ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı, tədrisin yüksək səviyyədə təşkili üçün yaradılan şərait muxtar respublikada sənətini sevən kifayət qədər peşəkar müəllimlər formalaşdırıb. Bunların sırasında 1400-dən artıq gəncin olması onları bir araya gətirəcək Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının  yaradılmasını zəruriləşdirib, yaradılan qurum gənc müəllimlərin uğurlu fəaliyyəti baxımından öz töhfəsini verməkdədir. 
    Nazir təhsilə və müəllim əməyinə verdiyi qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, tədbir iştirakçılarını 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.
    Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova qeyd edib ki, məqsədimiz təhsildə innovasiyalarla bağlı gənc müəllimlər arasında əməkdaşlığın inkişafına, onların maarifləndirilməsinə dəstək vermək, gənc müəllimləri bir arada birləşdirən şəbəkələşməni gücləndirmək, vahid strukturlaşmış mexanizm və idarəetmə sistemi yaratmaqdır. Bildirilib ki, il ərzində gənc müəllimlər arasında əməkdaşlığı daha da inkişaf etdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkili istiqamətində təlimlər, açıq dərslər, kitab müzakirələri təşkil olunub, bilik və idman yarışları keçirilib. 
    Tədbirdə çıxış edən müəllimlər məhsuldar və yaradıcı fəaliyyətləri üçün göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
    Çıxışlardan sonra “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin fəaliyyət istiqamətlərini əhatə edən illik iş planı təsdiq edilib. 
    Sonra bir qrup müəllim təhsil sahəsindəki fəallıqlarına görə təşəkkürnamə ilə təltif olunublar.
    Sonda Kanal 35 televiziyasının hazırladığı “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” filminə baxış olub. Tədbir bədii hissə ilə başa çatıb.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.10.2022 21:01