AZ EN RU

Naxçıvan gecələri

    Naxçıvançayın sahili boyunca uzanan Sahil Parkında ənənəvi axşam yürüşlərimdən birinə davam edirəm. Yürüş desəm də, əslində, bu dəfə bir yerdə oturub sakitcə olanları müşahidə etmək istədim. Yaxşı ki, bu qərara gəldim. Çünki müşahidələrim və bir də xatirələrim mənə bir çox şeyi yenidən görməyə, yaşamağa imkan verdi...

    Günəş üfüqün arxasında gizləndikcə buludların aldığı al-əlvan rəng­lər, qızaran üfüq və çökən qaranlıq insan ruhunda başqa bir ab-hava yaradır, yeni bir dünyanın qapısını açır. Sanki bu qaranlıq dünyanı ilk dəfə görürmüşsən kimi bir hiss yaranır. Qaranlıq hər nə qədər  şərin təzahürü kimi dəyərləndirilsə də, gündüzün şəri axşamın xeyrindən üstün tutulsa da, ruhumuzun ən dərin qatlarında bizi bu qaranlığa hazırlayan, bu qaranlığı bizə doğmalaşdıran bir duyğu baş qaldırır: ətraf mühiti bir də bu qaranlıqda hiss etmək, duymaq və yaşamaq.
    Çay vadisi boyunca daim hərəkətdə olan hava axını çayın və qarşı sahildəki kəndlərin özünəməxsus torpaq ətrini park boyunca ətrafa yayır. Şəxsən mənim üçün bu, heç nə ilə əvəz edilə bilməyən, deyərdim ki, yaşadığımı, həyatı mənə daha çox – ruhumun, varlığımın dərinliklərinə qədər hiss etdirən xoş bir ətirdir. Hərdən düşünürəm ki, səbəbini heç bir halda dərk edə bilmədiyim bu zövq, yəqin ki, təbiətə, torpağa məxsusluğun, ona aid və bağlı olmanın, nəhayətində, ona qayıtmalı olduğumuzun gətirdiyi bir duyğudur, hətta sevgidir...

    Axşamın qaranlığı artdıqca gündüz gördüyümüz mənzərə və eşitdiyimiz səslər bizə daha fərqli təsir göstərir. Yaxınlıqdan axan çayın şırıltısı, gecənin qaranlığında arxayın-arxayın oxuyan cırcıramanın nəğməsi, ağacların sıx budaqları arasında özünə yuva qurmuş quşların səsləri, işıqları sayrışan kənddə insanı təbiətin bir parçasına çevrilməyə, onunla bütövləşməyə çağırır. Düzdür, insan hər zaman təbiətin parçası olub və həmişə də onun hissələrindən biri olmağa davam edəcək. Amma təbiəti onun içində, onunla birgə duymaq, hiss etmək, təbiəti yaşamaq bu hissi daha da gücləndirir. Yəqin ki, bu da bizim genetik kodumuzla bağlıdır. Min illər keçsə də, o bizi həmişə təbiətə səsləyir.
    Kainatın qaranlıq dərinliklərində parlayan saysız-hesabsız ulduzlar bizə həyatın yaranışından bu günədək olan zaman kəsimi haqqında danışmağa qadirdir. Sayrışan ulduzlar bizdən əvvəl nə qədər insanın həyatına şahidlik edib. Bəs bizdən sonra nə qədər həyata şahidlik edəcək? Konkret bir rəqəm demək çətindir. Gecənin özünəməxsus sakitliyi və səsləri içində keçmiş və gələcəyi düşünmək xəyallarımda fərqli obrazlar, xatirələr, arzular canlandırır. Bu məqamda ən yaxşısı həyat, yaşanmışlar və yaşanmamışlar, bəlkə də, heç vaxt yaşanılmayacaqlar haqqında düşüncələrdən ayrılıb, hər şeyi unudub bədirlənmiş Ayın bir süvaritək atını səyirtdiyi kəhkəşanın dərinliyini və möhtəşəmliyini seyr etməkdir. Bu qədər ulduzlar içində insanoğlunun tək olduğunu düşünmək və ya əksi, eyni dərəcədə ürpərdicidir. Bu, gecənin qaranlığını bir az da qorxuducu edir.

    Yaxınlıqdan bir səs yayılır ətrafa. Bu, hər kəsin çox sevdiyi səsdir. Xüsusilə günün həmin saatında – qürubda o ehtişamlı səs gecənin sükutunu pozaraq daha bir ətir qatır gecənin ətrinə. Tanrının ən gözəl çilçırağından nur yağır. Minarələrdən azan səsi yüksəlir. Və o səs həm də bir sakitlik və dinclik bəxş edir insan ruhuna. Bu aləmin ortasında, gecənin qaranlığında ümid var, işıq var. Gecə səhərdən seçilmir artıq. 

    Mənim durduğum yerdən isə mənzərə tamamilə başqa bir ecazkar­lıqla görünür. Sanki Ay Haçadağın arxasında doğulub asimana yüksəlir və öz ziyası ilə gecənin qaranlığını yarıb yolumuzu aydınlatmaqla gecənin sirlərinə işıq salır. Çayın qaranlıq sularında əks olunan Ay işığı nəzərlərimi başqa bir istiqamətə yönəldir. Var gücü ilə ziyasını yerə doğru istiqamətləndirən bədirlənmiş Ayın bəmbəyaz işığı axşamın qaranlığına başqa bir mistika, maraq və gözəllik qatır. Sanki harasa tələsir. Kəhər atını daha sürətli çapıb Yer kürəsi ətrafındakı bugünkü səfərini başa vurmağa çalışır... Ayın və qaranlığın hökmran olduğu uzaq üfüqdə Haçadağın silueti bu sirli aləmin ortasında bir nağıl qəhrəmanını, bir əfsanənin sehrli obrazını, bir dastanın igid sərkərdəsini xatırladır. Sanki gecə-gündüz demədən nəzərlərini Naxçıvan şəhərinə dikib, sakitcə və diqqətlə şəhərdə olanları izləyir... Elə bu məqamda Haçadağ mənim xəyalımda başqa bir mövzunu canlandırır. Məni keçmişə, uşaqlığıma qaytarır. 
    Uşaq olanda babalarımdan və nənələrimdən eşitdiyim nağıllar, əfsanələr, dastanlar, ya da məni maraqlandıran istənilən mövzudakı söhbətlər heç vaxt yadımdan çıxmır. Məndə maraq oyanmasına səbəb olmuş bütün mövzular illərdir, yaddaşımın bir küncündə özünə məskən edib mənimlə yol gəlir. Belə mövzulardan birini də ata nənəm mənə danışmışdı. Onda kainat və yaşadığımız dünya haqqında təsəvvürlərim həddindən artıq bəsit olduğuna görə sövq-təbii mən bunları tam gerçək olaraq qəbul edirdim. Üstündən qərinəyə yaxın zaman kəsiyi keçsə də, mən yenə də həmin hekayəyə inanmaq istəyirəm...
    Nənəm həmişə deyərdi ki, Günəş Haçadağın arxasından doğulur. Günəş doğulmamışdan əvvəl küçəmizin başında oturub Günəşin dağın arxasından görünməsini səbirsizliklə gözləyirdim. Onda hələ Haçadağın qarşısını kəsən hündür binalar yox idi. Ona görə də bapbalaca boyumla küçənin başında oturub çox rahat şəkildə dağı müşahidə edirdim. Mənim təsəvvürümə görə dağın haça görünən hissəsi Günəşin evi idi. Günəş orada yaşayırdı və zamanı gələndə məhz oradan qızılı arabasına minib səmaya qalxır, aləmi işıqlandırırdı.
    Günəşin şüaları elə bu dağın arxasından yayılır dünyaya, – deyə düşünürdüm həmişə. Mənə görə, Haçadağ – Naxçıvan dünyanın mərkəzi idi. Duyduğum fəxarət və sevinc hissini heç nə ilə ifadə edə bilmərəm. Ozamankı təxəyyülümdə dünya nə qədər böyük olsa da, onun mərkəzi elə Naxçıvan idi. Arxasından Günəşin doğulduğu o dağın yerləşdiyi Naxçıvan. Düşünürdüm ki, bu nəhəng dünyada hər kəs Haçadağı və Günəşin onun arxasından doğulmağını görə bilir.
    Üfüqdəki üç qardaş kimi dikilib qalmış Haçadağın, Nəhəcir dağının və Əshabi-Kəhf dağının Günəş doğulmamışdan görünən ehtişamlı mavi mənzərəsi mənə daha böyük sevinc və qürur bəxş edirdi. Elə düşünürdüm ki, mənimlə birgə bütün dünya da bu mənzərəni görür və Günəşin Haçadağın arxasından doğulmasını gözləyir. Və nəhayət, Günəşin şüaları dağın arxasından çıxıb aləmə yayılanda mənim üçün yeni gün başlayırdı. Məncə, bütün dünya üçün də yeni gün həmin andan başlayırdı.
    O zamanlar Günəşin qürubunu izləməmişdim. Harada qürub etdiyi barədə hər hansı bir fikrim də yox idi. Düşünürdüm ki, yenə də Haçadağın haçası arasındakı evinə gedib. Səhər təkrar oradan doğulacaq. İllər sonra isə Günəşin qürubunu izləməyin başqa bir zövq olduğunu kəşf etdim. Gün başa çatıb Günəş Arazın üzərində qüruba endikcə başqa bir mənzərə canlanır. Şəfəqdəki canlanmadan daha fərqli bir canlanma olur qürubda. Al-əlvan rənglərlə işıqlanmış səma və sanki od tutub yanan buludlar rənglərin min bir tonunu gözlərimiz önünə sərir. 
    Qürubdakı canlanma daha fərqlidir. Şəfəqdə Günəş insanları işə, əməyə səsləyirdisə, qürubda bunun tam əksidir: hər kəs evinə, istirahətə, asudə vaxtını səmərəli dəyərləndirməyə tələsir. Avtomobil və insan səsləri bir az da artır. Xəfif əsən meh və iş gününün başa çatması insanları küçəyə çıxmağa səsləyir. Hava qaraldıqca binaların pəncərələrindən, fasad işıqlandırmasından küçəyə düşən al-əlvan işıqlar küçə lampalarının işığına, avtomobillərin işıq selinə qarışır. 
    İnsanlar istirahət, əyləncə məkanlarına tələsirlər. Bu mənzərəni izləmək çox xoşdur. Ailəsi və övladları ilə, dostları ilə, qonaqları ilə “Əyləncə adası”na, Sahil Parkına, “Görüş yeri”nə, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkına və yaxınlıqlarda olan, yaşıllıqlara bürünən neçə-neçə istirahət məkanlarına tələsənləri, gününü xoş əhvalla bitirmək istəyən, ətrafında olanlara sevgi və dostluqlarını bəxş edən insanları gördükcə sabaha olan ümid artır, yaşama sevinci də çoxalır. 
    Gecənin gec saatlarına doğru irəlilədikcə günü başa vuran insanlar evlərinə doğru çəkilir, avtomobillər azalır. Saatlar ötüb küçələrdən hər kəs yığışdıqdan sonra yenidən sükuta qərq olur hər yer. Binaların pəncərələrindən gələn işıqlar da yavaş-yavaş kəsilir. Hər kəs yuxuya gedir. Yeni bir günə yenidən başlamaq üçün...
    Bəzi insanların həsrətlə gözlədiyi, bəzi insanların isə bitməsini gözlədiyidir gecə. İnsanların əhvali-ruhiyyəsinə, düşüncəsinə müxtəlif təsir gücünə malikdir gecə. Bəzən duyğulara məğlub olduğumuz, bəzən isə duyğular üzərində qələbə qazandığımızdır gecə. İş saatlarından sonra dostlarımız, sevdiklərimizlə vaxt keçirmək üçün zaman ayırdığımızdır gecə. Daha çox yaradıcı insanların ilham pərilərini gözlədiyi, bəzən şah əsərlərin yarandığı, bəzən isə o pərilərin heç bir zaman gəlmə­məyidir gecə. 
    Bir şeyi dəqiq bilirəm; gecənin də ətri var. Bu ətir hər kəsə görə fərqli olsa da, hamının ortaq hiss etdiyi bir ətri var gecənin. Necə ki hər şəhərin öz ətri, öz hekayəsi var. Sanki nəfəs alır. Hər şəhərin yazılmamış hekayələrindən biri də onun gecələrinin ətridir. Təzə biçilmiş çəmən ətri bu gecənin ən gözəl ətirlərindən biridir. Düzdür, internet resurslarından birində oxumuşdum ki, çəmənlər biçilərkən yayılan ətir, əslində, onların ətrafa yaydığı kömək çağırışının ətridir. Yəni onlar üçün fəlakətin nəticəsi olan bu ətir bizim üçün əvəzedilməz bir təbiət iyi təəssüratı yaradır. Bu da təbiətin ironiyasıdır, yəqin ki...
    Sulanmış torpağın, suya can atan bitkilərin axşam rayihəsi də bir başqadır. Günəşin şüaları ilə isinən torpağın həyat verən su ilə qovuşması təbiətin sevinc ətri kimi aləmə yayılır. Dağlar arxasında gözdən itən Günəşin, qürubun belə fərqli iyi var. Onu, ancaq günün o saatında hiss edə bilərsən, başqa zaman yox. Mümkün deyil. Necə ki sübh zamanı – hələ dan yeri sökülməmişdən, tam sükutun hakim olduğu zaman da havadan gözəl bir ətir və sərinlik hiss edirik. Bütün gün ərzində o hissi başqa heç bir saatda nə hiss edə bilərsən, nə də yaşaya. 
    Bir də gecənin öz səsi var. Naxçıvançayda bir-birilə söhbət edirmiş kimi aramsız quruldaşan qurbağaların, qaranlıqda nəğmələrini daha da gurlaşdıran cırcıramaların səsi ilə bərabər, ağacda məhz axşam vaxtı cəh-cəh vuran, adını bilmədiyim quşun nəğməsi, yaşıl sahələrə yağış kimi yağan suyun və hətta bir anlıq ətrafa çökən sükutun belə səsi var. Gecənin ən qaranlıq çağına hakim olan sükutun səsi. 

    Yaxınlıqdakı kəndə tərəf çevirirəm nəzərlərimi. Bütün evlərdə, həyətlərdə elektrik lampaları yanır. Artıq keçmişin qaranlığından heç bir iz qalmayıb. Səmadakı ulduzların əksi kimi hər yerdə işıqlar parlayır. 5 min yaşlı müdrik qocanın gecələri də müdrikdir indi. Yaşadığımız bu gecələr keçən əsrin sonlarındakı qorxulu gecələrdən bugünkü əmin-amanlıq dolu gecələrə qədər yol keçib. 

Məmməd BABAYEV

Nəşr edilib : 08.09.2022 18:57