AZ EN RU

Naxçıvan folklor aləmində xalq deyim və ifadələri

Milli dəyərlərimizi öyrənək və yaşadaq

    Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı örnəklərinin toplanması, nəşri və təbliği məsələləri hər zaman əsas məsələlərdən biri olmuşdur. Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə bağlı 2009-cu il 7 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı Sərəncam bu sahədə çoxşaxəli və təqdirəlayiq işlərin həyata keçirilməsi ilə nəticələndi. Eləcə də 2021-ci il sentyabr ayının 21-də Ali Məclis Sədri AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə keçirilən görüşdə Naxçıvanşünaslıq elmi istiqamətinin inkişaf etdirilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarını verdi. Bu mühüm tövsiyə və tapşırıqlardan biri də milli mədəniyyətimizi ehtiva edən məsələlər idi. Bunlar hər bölgə üzrə folklor örnəklərinin, o cümlədən min illər ərzində formalaşmış xalq deyimlərimiz – atalar sözləri, tapmacalar,  məsəllərin toplanması məsələləri idi. Bölmədə həmin tapşırıqların icrası istiqamətində işlər görülməkdədir..
    Qeyd edək ki, Azərbaycan folklorunda yer alan kiçik janr nümunələri öz qədimliyi və kiçik ölçüdə böyük məna tutumu ilə həmişə maraq cəlb edib. Onların hər biri xalq təfəkkürünə məxsus dərinlikləri ifadə edir. Atalar sözü, məsəllər, alqış və qarğışlar, ovsunlar, türkəçarələr, dualar, andlar, yuxuyozmaları və sair kimi örnəklərdə xalqın zaman-zaman düşüncə süzgəcindən keçib müasirliyə doğru yol alan, müasir elementlərlə cilalanan etnik düşüncə məqamları öz əksini tapmaqdadır. Kiçik janrların içərisində yeri gələndə hər zamanda, dövrdə aktual olan deyimlər də mövcuddur. Deyimlər sırasına aid edilə bilən örnəklər çox zaman ayırd edilmək problemi ilə üzləşir. Əsasən,  atalar sözləri, məsəllər, alqış və qarğışlar, yeri gələndə lətifələrin əsasını təşkil edən, əsas ideyanı  ifadə edən cümlələr deyimlərlə oxşarlıq təşkil edir.
    Öncə qeyd edək ki,  deyim klassik folklordan fərqli olaraq zamandan irəli gələrək, dövrlə, necə deyərlər, “ayaqlaşan” nümunələrdir. Lakin deyimlərdə nə qədər zamanla uyğunlaşma müşahidə olunsa da, kökündə hansısa klassik folklor faktı dayana bilir. Əsasən, burada bir gülüş, sarkazm öz əksini tapır. Lakin yeri gəldikdə, əvvəldə haqqında bəhs etdiyimiz hikmətli sözlər də xalq dilində aktivləşərək deyimləşə bilər.  

    Deyimlər, ümumilikdə, folklor faktıdır. Onu əsas etibarilə xalq yaradır, xalqın ümumfəaliyyətinin, ümumtəfəkkürünün məhsuludur. Lakin bu heç də o demək deyil ki, deyimlər yalnız və yalnız folklorun – şifahi ədəbiyyatın məhsuludur. Yazılı ədəbiyyat nüunələrinin də içərisindən əsərin müəllifi olan yazıçı və şair tərəfindən deyil, məhz xalq tərəfindən çıxarılan, dillərdə əzbər olmuş ifadələr də zaman-zaman deyim xarakterini daşıyır. Baxmayaraq ki, həmin ifadənin konkret bir müəllifi vardır: o müəllifli bir əsərin içərisindən seçmədir, amma onu bilərəkdən kimsə seçmir, məhz xalq təfəkkürü “seçir”. Zaman-zaman həmin ifadə deyimləşərək folklor faktına çevrilir, hətta uzun zaman dillərdə yaşayan bu ifadələr tədricən atalar sözü xarakterini də qazana bilir. Elə atalar sözləri var ki, onlar məhz hansısa ədəbi əsərin bir ifadəsi olub, lakin xalq dilinə düşən bu ifadə uzun zaman kəsiyində öz aktuallığını qoruyub, dillərdə aktual işlənib, nəticədə, atalar sözü möhürünü elə xalq tərəfindən alaraq folklor faktına çevrilib. 
    Deyimlərin ərazilərə məxsus olaraq müxtəlifliyini, lakin eyni məna tutmuna malik örnəklərin bir çox məkanlara uyğun olaraq müxtəlif leksik fərqliliklərlə işlənməsini də nəzərə almaq lazımdır. Belə ki, Türk dünyasına məxsus xalq deyim və ifadələri vardır ki, onlar ümumtürk təfəkkürünə məxsusdur, onlardan müxtəlif türk xalqları müxtəlif zamanlarda istifadə edib və ya etməkdədir; elələri var ki, hətta eyni leksik tərkiblə müxtəlif hadisə ərəfəsində ifadə edilə bilir. Bu da həmin xalqın hadisələrə yanaşma, baxış fərqliliyindən irəli gələ bilər. Lakin əksəriyyət etibarilə ümumtürk deyim və ifadələri eyni baxış nöqtəsini ifadə edərək eyni məqamda işlədilir. Müşahidə edilən məqamlardan biri də odur ki, bir türk xalqına məxsus deyim digər xalqlara da keçərək işlənmə aktuallığı qazanır. Biz bunu müasir günümüzdə də izləyirik: “Nooldu Paşinyan?” – cənab Prezidentimiz tərəfindən II Qarabağ müharibəsinin qalibiyyətini tamlığı ilə özündə ifadə edən bu ritorik suallı ifadə digər qonşu və qardaş  Türkiyə Respublikasına da asanlıqla keçdi. Artıq Türkiyə ərazilərində də bu ifadə xalqın dilinə keçərək, sinəsinə döyüb, mənəm-mənəmliyini xudbinlik və lovğalıqla nümayiş etdirən insanlara ünvanlanır, məhz bu ifadə ilə həmin insan tənqid atəşinə tutulur. Və tədricən bu ifadə daha da aktivlik qazanmaqdadır. 
    Qədim yaranma tarixinə malik deyimlər vardır ki, günümüzdə də xalq arasında işlənməkdədir. Bunların çoxunun qədimliyi ondan aydın olur ki, həmin deyimlər, eləcə də qədim tarixə malik mərasim və bayramlarla əlaqəlidir. Məsələn, xalq arasında aktiv işlənməkdə olan “Gəlir  (edir, etsin) gəlsin, gəlmir (etmir, etməsin) illərin axır çərşənbəsinədək  heç gəlməsin (etməsin)”. Ekvivalenti “Edir etsin, etmirsə, cəhənnəmə kimi etməsin” ifadəsi olan sözügedən örnək, əslində, özündə qarğış tutumunu mühafizə edir, yəni əsasən, qarğış ağırlıqlıdır. Bu deyim birinin qarşıdakına edəcəyi hər hansı bir işlə söz verib, lakin sözünə əməl etmədiyi təqdirdə “zərərçəkmiş” tərəfindən söylənilir. Məlum olduğu kimi, axır çərşənbə türk xalqları tərəfindən böyük coşqu və sevinclə qarşılanır. Qədim türk mifik düşüncəsinə əsasən bu zamanda – ilin axır çərşənbəsində xoş danışıb-xoş gülmək mütləqdir. Məlum mifoloji təsəvvürdən irəli gələrək söyləmək mümkündür ki, ilin ən son çərşənbəsi – ilaxır çərşənbə ilin həm də ən ağır çərşənbəsidir. Bu həm sonunculuq məqamı ilə də bağlı ola bilər. Yəni bütün ağırlıqlar məhz sonuncu çərşənbənin üzərinə töküldüyündən xalq təfəkküründə bu günü xoş qarşılamağın mütləqliyi haqqında düşüncələr formalaşıb. Bu gün bəd ruhlar olduqca aktiv olur. Və bu mifoloji inanışlara görə, həmin bəd ruhları kədərləndirmək üçün insan övladı deyib-gülməli, ləziz təamlarla ağzını və əhvalını tox tutmalıdır. Evlərdən yalnız xoş söz sədası gəlməlidir. Bu da ilin ən ağır gününün ağırlığını ört-basdır edir. Növbəti ilə ruh yüksəkliyi ilə qədəm qoyulur. İlin axır çərşənbəsi insanların düşüncəsində ilin ən ağır çərşənbəsi təsiri yaratdığından bəyənilməyən hərəkəti, yerinə yetirilməyən əməli, verilən sözdən, əhd-peymandan qaçmağı qədim insan ilin ağır çərşənbəsi ilə “üzləşdirir”.  
    Mifoloji ağırlıqlı deyimlərin dilimizdə işlənmə məqamı daha yüksəkdir. Muxtar respublikamızın ərazilərində çox  rastlaşdığımız örnəkdə deyilir: “Ayca gözəlliyin olunca mərciməkcə bəxtin olsun”. Göründüyü kimi, müxtəlif zamanlarda Ay və Günəş, türk mifoloji sistemindən də məlum olduğu kimi, qədim türkün inanc yeri, tapındığı obyektlərdən olub. Dünyanın yaranmasında iştirak edən Ay, Günəş, ulduzlarla bağlı inanclar mifoloji dünyagörüşdə yer almaqdadır. Ayın üzündəki ləkə, Günəşin ayın sevgilisi, bəzi vaxtlarda isə bacısı olduğu haqqında  mifik düşüncələr sonrakı mərhələlərdə kökündə məhz bu və buna bənzər düşüncələrin dayandığı deyim və ifadələrin yaranmasını şərtləndirib. Eləcə də səma cisimlərinə tapınma dövrünün məhsulu olan, lirik növün janrlarından sayılan bir bayatının iki misrası Naxçıvan əhalisinin dilində aktiv işlənərək deyim xüsusiyyətini qazanmaqdadır:

        Ulduz gəlin, ay gəlin,
        Yoxdur sənə tay, gəlin.

    Eləcə də hami ruhlar və digər mifoloji obrazların adlarının əks olunduğu deyim və ifadələr də bu miflərin ölümsüz olduğunu, heç zaman itib-batmayacağını sübut edir. “Elə bil Hal nənəsidir”, “Qaraçuxan yatdı, sən də yat”, “Bərəkətinə Xızır əli dəyibdi” kimi örnəklər bu qəbildəndir. Bildiyimiz kimi, Hal qədim türk mifoloji sistemində hamilə və ya zahı qadınlara ziyan vuran, onların ciyərini suya çəkib özünə və ya balalarına yem edən qadın cildinə düşmüş yekəpər görkəmə malik mifoloji obrazdır. Halın xarici görkəmindəki qadına xas təsvirdən irəli gələn bənzətmə sonrakı dövrdə də xalq dilinə düşmüşdür. Bir qadın həddən artıq hündür və xalq dili ilə desək, canlı-başlı olanda, yəni ətrafa öz görkəmi ilə xoşagəlməz təsir bağışlayanda bu deyim Naxçıvan əhalisi tərəfindən ilkin reaksiya kimi belə təqdim olunur: “Elə bil Hal nənəsidir”,  və ya Qaraçuxanın xalq təsəvvüründə bəxt, tale hamisi olduğu haqqında mifoloji düşüncələr mövcuddur. Bir çox alimlər bu haqda maraqlı araşdırmalar aparıb. Folklorşünas C.Bəydili Qaraçuxanı yazır ki, Qaraçuxa – Azərbaycan türkləri arasında yayılaraq gözəgörünməzlərdən olduğuna inanılan, “övliya” adı ilə də bilinən demonoloji varlıqdır. Bəxt və tale anlayışları ilə əlaqələndirilir. Qaraçuxa adamla gəzib-dolanmırsa, o adamın bəxti yatıbdı” – mənasında filankəsin Qaraçuxası yatıbdı” – deyərlər. İnanışa görə, Qaraçuxa övliyadır”.  Mifoloji düşüncədə Xızır yaşıllıq, yeni həyat, bolluq, bərəkət bəxş edən mifik obrazdır, Peyğəmbərdir. Xalq inanar ki, mübarək günlərin birində Xızır kimin evinə gələrsə, ora qədəm qoyarsa, həmin ev bolluq, firavanlıq içində həyat sürər. Və ya zoomorfik obrazlarla – qurd, at, öküz, qu quşu, və sairlə bağlı dildə dolaşan deyim və ifadələr də zoomorfik görüşləri özündə ehtiva edən mətnlərin xalq təsəvvüründə yaşayan “özətidir”. “Qurdla qiyamətə qalıb” ifadəsi Azərbaycanın bir çox ərazilərində, o cümlədən Naxçıvan Muxtar Respublikasının regionlarında aktiv şəkildə işlənməkdədir. Yaşı çox, uzun ömür sürmüş, geniş dünyagörüşü və həyat təcrübəsi olan insan üçün bu xalq tərəfindən ünvanlanan “rəydir”. Bu “rəy” insan haqqında həm mənfi, həm də müsbət xarakter daşıya bilər. Bir mənada, insanın ağlı dünyagörüşünə, zəngin həyat təcrübəsinə malik olduğunu izah edir. Digər mənada isə uzunömürlü olub, lakin heç bir yaxşı əməl sahibi olmadığını özündə ifadə edir.  Lakin hər iki halda ifadənin tam əsasında qurdla bağlı mifoloji düşüncələr dayanır.
    Xalq ağzında işlənən elə ifadələr var ki, onlar müəyyən dövrlərdə televiziya ekranlarında mütəmadi şəkildə təqdim edilən filmlərdən götürülmüş ifadələrdir. Ya hansısa obrazın dilindən deyilən ifadə o obrazı canlandıran aktyor və ya aktrisanın yüksək səriştəsinin nəticəsidir ki, ifadə dillər əzbərinə çevrilir. Ya da o ifadə həmin vaxt xalqı düşündürən və ya narahat edən ümumictimai məsələyə kəskin qamçı kimi qarşılanır. Və belə ifadələri xalq həmin andan etibarən bəyənir. Getdikcə belə ifadələr işlənmə tezliyinə, aktivliyinə görə deyimləşə, deyim xarakteri qazana bilir. Məsələn: məşhur “Axırıncı aşırım” filmində söylənən “Bala, bilməmisən, səhv etmisən, tüfəngi götür keç biz tərəfə” ifadəsi artıq deyim funksiyasını qazanmışdır. Bu kimi el ağzında işlənən nümunələr saysızdır.
    Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq hər zaman milli-mənəvi dəyərlərin də mühafizəkar şəkildə yaşadıldığı aktiv folklor məkanıdır. Demək olar ki, Azərbaycan folklorunda məlum janrların hamısına məxsus örnəklər bu məkanda xalq yaddaşında yaşamaqdadır. Təqdirəlayiq də burasıdır ki, bu məkandakı folklor örnəkləri təkcə toplularda əks olunmur, yaşlı nəslin folklor yaddaşında yaşamır, həm də onların əksəriyyəti aktiv icra ortamındadır. Məsələn, mərasim folklor örnəkləri ərazidə xalqa məxsus mərasim faktlarının icrası zəminində istifadə olunur, yaşadığı yaddaşdan digər yaddaşlara köçürülür. Hətta burada əraziyə məxsus örnəklərə təsadüf edilir ki, bunlar xalq təfəkkürünün məhsulu kimi hansı janra aidiyyətliyi ziddiyyət qarşısında qalır. Bu da məkanın zəngin və aktiv folklor mühitinə malik olduğunu ifadə edir. Burada mövcud hikmətli sözləri çox ifadə edərək, hər hansı hadisəylə uyğunlaşdırmaq bacarığı, qabiliyyəti diqqət cəlb edir. İnsanlar hadisə və məsələlərə öz reaksiyasını təkcə psixoloji və fizioloji reaksiyası  ilə deyil, həm də mənəviyyatın, dilin, nitqin zənginliyini ifadə edən atalar sözləri, məsəllər, deyim və xalq ifadələrində olduqca sürətli şəkildə təqdim edirlər. Bu folklor nümunələrinin toplanılması və tədqiqi isə muxtar respublika rəhbərinin də biz folklorşünasların üzərinə qoyduğu ümdə vəzifədir.

Aytən CƏFƏROVA
filologiya üzrə fəlsəfə doktoru

Nəşr edilib : 16.02.2022 20:41