AZ EN RU

Naxçıvan əlyazmalar xəzinəsinin açar kitabı

    Hər bir xalqın xarakterik xüsusiyyətlərinə, daxili dünyasının mənzərəsinə və potensial imkanlarına bələd olmaq istəyənlər, birinci növbədə, onun yaratmış olduğu mədəni sərvətə, əsərlərinə və abidələrə müraciət edirlər. Belə mədəni irsimizdən olan əlyazmaların toplanması istiqamətində gərgin fəaliyyət göstərən, filologiya üzrə elmləri doktoru Fərman Xəlilovun rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda ərsəyə gələn  “Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı əlyazmalarımızı uğurla elmi ictimaiyyətə təqdim edən qiymətli mənbədir.

     Nəşrin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçisi isə AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlidir. Fərman Xəlilov, Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və Kübra Vəliyevanın birgə tərtib etdiyi kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb. 
    Üç bölmədən ibarət olan kitab Fərman Xəlilovun “Əlyazmalar Fondunun yaranması və inkişaf yolu” başlıqlı genişhəcmli hesabatı ilə başlayır. Burada əlyazmaşünaslıqla bağlı Azərbaycanın dövlət siyasətini həyata keçirən Əlyazmalar Fondunun yaradılmasının əsas məqsədi və qarşısında qoyulan əsas vəzifələrə nəzər salınır. Qədim əlyazma və çap kitablarının toplanılması, sistemləşdirilməsi, kataloqunun hazırlanması, tədqiqi, nəşri və təbliği kimi mühüm vəzifələri yerinə yetirən fondun fəaliyyətə başladığı 2005-ci il 8 aprel tarixdən bu günə qədər ki 17 illik fəaliyyətinə nəzər salınır, görülən işlər, aparılan tədqiqatlar əhatəli şərh olunur. Fondun ilk iclasının nəticəsi olaraq əlyazmaların toplanması, dəyərinin müəyyənləşdirilməsi, alınması üçün Əlyazmaların Qəbulu Komissiyasının, bu gün Azərbaycan, ingilis və rus dillərində 300-dən çox çap kitabını əhatə edən kitabxananın, müsəlman ölkələrinin tarixi, ədəbiyyatı, mədəniyyətinə dair materialların qorunduğu Şərq otağının yaradılması, müraciətlər atılan mühüm əhəmiyyətli addımlar kimi diqqətə çatdırılır. Dövlət rəsmiləri, bölmə rəhbəri və fond əməkdaşlarının fond arxivini və kitabxanasını zənginləşdirmək istiqamətində beş istiqamət üzrə apardığı işlər və onların nəticəsi olaraq Naxçıvanda olan və Naxçıvana dair kənardan gətirilən nadir əlyazmaların vahid bir mərkəzdə toplanılmasına nail olunması nəzərə çatdırılır. Buradaca onu qeyd edim ki, öz şəxsi kitabxanasından fonda ən çox – yəni 90 adda əlyazma və çap kitabı bağışlayan da elə Fərman Xəlilov olmuşdur. Fəxrəddin Eylazovun rəhbəri olduğu Əlyazmaların toplanması şöbəsində 600-dən çox elmin müxtəlif sahələrinə dair ərəb, fars və türkdilli əlyazmalar, daşbasma üsulu və elektrik mətbəəsində çap olunan kitablar əldə edilmişdir. Bu mədəni xəzinənin əsrlərlə tarixi olan inciləri haqqında ayrı-ayrılıqda bəhs edən müəllif 500 illik tarixi olan “Qurani-Kərim”in incə nəstəliq xətti ilə ərəbcə yazılmış çox kiçik formatlı əlyazmasını, ən qədim türkdilli əlyazma kimi Azərbaycanın qəlb şairi, qəzəl ustadı M.Füzulinin “Leyli və Məcnun” poemasının adlarını xüsusi olaraq qeyd edir. Dosent Səbuhi İbrahimovun rəhbərlik etdiyi Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri adlı II şöbənin əlyazmalar haqqında araşdırmaları, 2018-2021-ci illərdə nəşr etdirdikləri farsdilli, türkdilli və ərəbdilli əlyazma və çap kitablarının kataloqları ən mühüm uğurlu addımlar kimi qiymətləndirilir. III şöbə – Əlyazmaların mühafizəsi, gigiyenası, bərpası şöbəsinin 2016-cı ildən fəaliyyətə başlaması, əlyazmaların bərpası istiqamətində görülən işlər, əlyazmaların elektron variantının hazırlanmasına başlanması, əməkdaşlıqların genişləndirilməsi, tamamilə yeni bir istiqamətdə – Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması, aparılan tədqiqat işləri haqqında ətraflı məlumat verilir. Tədqiqata cəlb olunan əlyazmaların siyahısı isə olduqca geniş olmaqla tarix, tibb, dilçilik, ədəbiyyat, məntiq, fəlsəfə, həndəsə, astronomiya və sair elm sahələrini əhatə edir. Əvvəlcə ayrı-ayrı əməkdaşların hər birinin əsərləri haqqında, daha sonra isə ümumiləşdirilərək 17 il ərzində fond əməkdaşlarının 30-dək monoqrafiya və kitab, eləcə də 300-dən çox elmi məqalə və konfrans materialının dərc olunduğu mənbələr, əməkdaşların fəlsəfə doktorluğu və elmlər doktorluğu tədqiqatları, keçirilmiş elmi seminarların müzakirə mövzuları və sair barədə məlumat verilir. Fondun 17 illik fəaliyyəti barədə dərin ümumiləşdirmələri və çox həssas fərdi münasibətilə seçilən bu hesabatın nəticəsi kimi əhəmiyyət kəsb edir.
    Kitabın ilk bölməsi “Naxçıvan əlyazma və çap materiallarında” adlanır. Burada Məhəmmədtağı Sidqinin Naxçıvanın axundu Hacı Molla Məhəmməd Naxçıvaniyə yazdığı “Dilimiz və məktəbimiz” adlı məktubunun mətni, ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin Şərur dairəsinə ekspedisiyasının nəticələri – ayrı-ayrı kəndlərdə rast gəldiyi tarixi əhəmiyyət daşıyan maddi mədəniyyət nümunələri, pirlər, müqəddəs ocaqlar, kövşənlər, məskunlaşan tayfalar, əhalinin məşğuliyyəti, Bayatlar, Yəftənilər və Kəngərlilər haqqındakı məlumatlar tədqiqatlar üçün istiqamət vermək baxımından da önəmlidir. Seyid Səbrinin 1926-cı ildə “Şərq qapısı” qəzetində dərc olunmuş “Ordubad qəzasında asari-ətiqə” adlı məqaləsində asari-ətiqə kimi təqdim olunmuş məşhur “Qoç qəbiristanlığı”, “Çardağ” qəbiristanlığı, yaşı 1200-dən çox olan çinar ağacı, məşhur Came məscidi, Kilit kəndliləri və onların dilləri, Vənənd məscidi, Biləv kəndindəki qədim daş körpü və daş qala və sair Ordubad qəzasının tarixi abidələrlə zənginliyini və onların tədqiqinin planlaşdırılması zərurətini ortaya qoyur. Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 14 iclas protokolunda, xüsusilə diqqəti cəlb edən məqamlar cəmiyyətin mahiyyəti, məqsəd və vəzifələri barəsində və xüsusən də Bakıda çağırılacaq Türkoloji Qurultaya hazırlıq məqsədilə dinlənilən “Türk dilinin mənşəyi və tarixi inkişafı”, “Türk tayfalarının ibtidai tarixi və ibtidai dini təsəvvürləri”, “Türk dilinin bugünkü vəziyyəti”, professor A.A.Millerin “Qızılvəngin tədqiqi” kimi məruzələr, təqdim olunan suallar, ümumən, böyük maraq doğurur. “Cavanlar həyatı” qəzetinin ilk nömrəsinin, “Şərq qapısı” qəzetinin 100-cü yubiley nömrəsinin baş məqalələri, fondda mühafizə olunan qədim əlyazma, çap kitabları və müxtəlif sənədlərdə Naxçıvanla bağlı materiallar, həmçinin əlyazma və çap kitablarının naxçıvanlı müəllifləri, katibləri, sifarişçiləri, çap etdirənləri haqqında məlumatlar da ilk bölməyə daxil edilmişdir. Əlyazmalardan biri Naxçıvan şəhərində rus imperatoru II Nikolay Aleksandroviçin tacqoyma gününün qeyd edilməsi mərasimində M.Sidqinin etdiyi çıxışının əlyazmasıdır: 

    Cəhd qıl qoy zəmanədə bir ad,
    Eyləsinlər səni bu ad ilə yad.
    Aç bu əbnayi-millətə məktəb

    Orda təhsil olunsun elm-ədəb, – deyən Sidqi “Dilimiz və məktəbimiz” adlandırılan bu əlyazmanın mətnində millət balalarının ana dilində təhsil almasından, dilimizin saflaşdırılması və inkişaf etdirilməsindən, maarif və mədəniyyət işlərindən danışmış, Naxçıvan şəhərində, onun qəsəbə və kəndlərində yeni üsulda, ana dilində milli məktəblər açmaq istəyindən söz açmışdır. M.T.Sidqi çıxışında dilimizin çox korlanmasından, insanlarımızın mənasını bilmədən ərəb, fars, rus sözlərini yerli-yersiz işlətmələrindən təəssüflə söz açır. Müəllif dörd dilin sözlərindən istifadə edən iki müsəlmanın dilini konkret nümunələr gətirməklə bunu türk dili adlandırmağın qeyri-mümkünlüyündən danışılır: “Bu dil elə bir libasa bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipliyi İranda əyrilib, rəngi Ərəbistanda vurulub, özü Azərbaycanda toxunub, Rusiyada gömrüklənib, xərc və kirayəsi çox olduğuna görə heç bir tayfa etina etməyib və heç bir ölkədə füruşa getməyib həmin bu səfahatda satılmaqdadır”. 
    “Fondun çap məhsulları” adlı ikinci bölmədə fond əməkdaşlarının nəşr olunmuş monoqrafiya və kitablarına nəzər saldıqda XV əsr Azərbaycan sufi şairi Bayrək Quşçuğolu, Suli Fəqihin “Yusif və Züleyxa”sı, “Munisnamə”, “Gülşəni-raz”, “Tibnamə” və digər müxtəlif dövrlərə dair əlyazma mətnlərinin transliterasiyası, tərcüməsi, tədqiqi istiqamətində böyük əməyin və sonsuz fədakarlığın sübutları ilə qarşılaşırıq. Çox az sayda elmi əməkdaşlarla bu qədər araşdırmaların aparılması və nəşri, həqiqətən də, son dərəcə təqdirəlayiq bir haldır. 
    Kitabın sonuncu bölməsində Əlyazmalar Fondunda mühafizə olunan əlyazma və çap kitablarına dair bu günədək və hazırda fondda çalışan əməkdaşların araşdırmaları təqdim olunur.
    Əsərin sonuna Məhəmməd Füzulinin Əsgər ibn Hüseyn bəy Ordubadinin sifarişi ilə üzü köçürülmüş “Leyli və Məcnun” poemasına çəkilən miniatürlər və bəzi arxeoqrafik sənədlərin nüsxələrinin fotoları əlavə edilmişdir. 
    Sonda onu qeyd etmək yerinə düşər ki, çox haqlı olaraq “Naxçıvanın əlyazmalar xəzinəsi” adlandırılan bu kitab xalqımızın, həqiqətən də, dəyərini heç zaman itirməyən, illər ötdükcə, əksinə, daha da qiymətini artıran əlyazmalar haqqında əvəzsiz bir mənbədir. Bu dəyərli mənbə vasitəsilə oxucular fonda getmədən əlyazmaların bir qismi ilə tanış olur, eyni zamanda konkret olaraq onu maraqlandıran əlyazmaya dair hansı tədqiqatların olduğunu rahatlıqla öyrənə bilirlər. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu haqqında hərtərəfli və zəngin, deyərdim ki, ensiklopedik məlumatları özündə ehtiva edən bir kitab münasibətilə tərtibçiləri təbrik edir, cansağlığı və uğur arzulayıram! 

Aygün ORUCOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,  dosent

Nəşr edilib : 19.07.2023 19:16