AZ EN RU

Naxçıvan Əlyazmalar Xəzinəsinin Açar Kitabi

Hər bir xalqın mədəni inkişafını, dünya xalqları içərisindəki yerini və mövqeyini öyrənmək üçün yeganə və əvəzedilməz mənbə həmin xalqın mənəvi sərvətlərinin, qədim əlyazmalarının, kitabların, tarixi qaynaqların saxlanc yeri olan muzeyləri, arxivləri, fondları, elmi müəssisə və institutlarıdır. Təsadüfi deyil ki, xalqın xarakterik xüsusiyyətlərinə, daxili dünyasının mənzərəsinə və potensial imkanlarına bələd olmaq istəyənlər birinci növbədə onun yaratmış olduğu mədəni sərvətə, əsərlərinə və abidələrə müraciət edirlər. Çünki mədəniyyəti yaradan xalq eyni zamanda bu prosesdə özü formalaşır. Ona görə də xalqın xarakteri onun öz əsərində-mədəniyyətində üzə çıxır, necə deyərlər, “şəxsin görünür surəti-əqli əsərində” (Ziya paşa). XVIII əsrdə Avropa elmi dövriyyəsinə tədricən daxil olan mədəniyyət anlayışı iki mənada – birincisi, biliyin və sənətin köməyi ilə təbiətin üzərində hökmranlıq, ikincisi, şəxsiyyətin mənəvi sərvəti kimi işlənirdi. Bu mənada əlyazmalar xalqın milli mənliyinin siması, tarixi keçmişinin, nailiyyətlərinin güzgüsü - mədəniyyət xəzinəsidir. Əlyazmaların respublikamızda toplanması işinə hələ XX əsrin əvvəllərindən, sovet hakimiyyətinin ilk illərindən başlanmışdır. 1924-cü ildə Bakıda Diyarşünasların Ümumazərbaycan Qurultayı keçirilmiş, “Ölkədə əlyazmaların bir mərkəzdə toplanması haqqında” qərar qəbul olunmuş və belə bir mərkəz yaradılmışdır. Sonralar bu mərkəz Nizami adına Ədəbiyyat və Dil İnstitutunun şöbəsi olmuşdur.  Məmmədağa Sultanovun səyi nəticəsində 1950-ci ildə bu balaca şöbə  AMEA Əlyazmalar fonduna çevrilib. Fondun bazasında əlyazmalarımızın, yazılı abidələrimizin milli mədəniyyətimizdəki rolunun müstəsnalığını dərindən-dərinə dərk edən ümummilli liderimizin iradəsi ilə Əlyazmalar İnstitutu təsis edilmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.  Bugün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və eləcə də AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu dünyanın ən zəngin əlyazma xəzinələrindən birinə çevrilmişdir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutunun əsas prioritet fəaliyyət istiqaməti azərbaycanşünaslıqdır. Azərbaycan əlyazmaşünaslığının metodoloji və elmi-nəzəri problemlərinin işlənib-hazırlanması əlyazmaşünas alim və tədqiqatçılar qarşısında duran ən aktual və vacib məsələdir. Keçən əsrin 50-80-ci illərində müəssisədə Azərbaycan humanitar elminin Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Həmid Araslı, Rüstəm Əliyev, Əzizağa Məmmədov, Əzizə Cəfərzadə kimi simaları çalışmışlar. Həmin dövrdə Azərbaycan əlyazmaşünaslığının ayrı-ayrı istiqamətləri inkişaf etdirilmişdir. Azadə Musayeva, Möhsün Nağısoylu, Kamandar Şərifov, Paşa Kərimov, Nailə Səmədova və başqalarının əsərləri milli yazı tariximizin ayrı-ayrı sahələrinin tədqiqi istiqamətində uğurlu addımlardır. Belə bir böyük institutun gördüyü işi Naxçıvanda bugun filologiya elmlər doktoru Fərman Xəlilovun rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu kiçik bir kollektivlə olsa da, böyük sevgi və həvəslə, zəhmətsevərliklə yerinə yetirir.

 “Naxçıvanın əlyazmalar xəzinəsi” kitabının layihə müəllifi filologiya elmləri doktoru Fərman Xəlilov Azərbaycan elmi və ədəbiyyatşünaşlığına verdiyi təkrarsız töhfələrilə daima diqqəti cəlb edən son dərəcə məsuliyyətli və zəhmətkeş bir alimdir. Onun zəngin və çoxşaxəli fəaliyyətinin bir sahəsini ədəbiyyatşünaslıq, digərini mətnşünaslıq, tərtibçilik, başqa bir sahəsini isə publisistika və s. təşkil edir. Filologiya elmləri doktoru, möcüzşünas alim Fərman Xəlilov hər il artıq bu sahələrdən birinə aid kitab və ya monoqrafiya hazırlayıb çap etdirir. 2016-cı ilin noyabr ayından etibarən rəhbərlik etdiyi Əlyazmalar Fondu ilə bağlı bir neçə çox mühüm əhəmiyyət kəsb edən kitab və kataloqlar tərtib etmişdir ki, bunlardan “Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu”, “Türkdilli əlyazma və çap kitablarının kataloqu”, “AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu” və növbəti kitab bu gün təqdimatına toplaşdığımız “Naxçıvanın əlyazmalar xəzinəsi”dir. Nəşrin elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçisi isə AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlidir. Fərman Xəlilov, Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və Kübra Vəliyevanın birgə tərtib etdiyi kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görüb.

Üç bölmədən ibarət kitab Fərman Xəlilovun “Əlyazmalar Fondunun yaranması və inkişaf yolu” başlıqlı genişhəcmli hesabatı ilə başlayır. Burada əlyazmaşünaslıqla bağlı Azərbaycanın dövlət siyasətini həyata keçirən Əlyazmalar Fondunun yaradılmasının əsas məqsədi və qarşısında qoyulan əsas vəzifələrə nəzər salınır. Qədim əlyazma və çap kitablarının toplanılması, sistemləşdirilməsi, kataloqunun hazırlanması, tədqiqi, nəşri və təbliği kimi mühüm vəzifələr yerinə yetirən fondun fəaliyyətə başladığı 2005-ci il 8 aprel tarixindən bugünə qədərki 17 illik fəaliyyətinə nəzər salınır, görülən işlər, aparılan tədqiqatlar əhatəli şərh olunur. Burada fondun ilk elmi əməkdaşları- Şəmsi Əhmədov, Fəxrəddin Eylazov, hədiyyə edilən ilk əlyazmalardan hörmətli akademik İsmayıl Hacıyevin təqdim etdiyi 4 əlyazma, 3-cü əməkdaş Aynur Cəlilovanın iştirakı ilə keçirilmiş ilk iclas haqqında məlumatlar təqdim olunur. İlk iclasın nəticəsi olaraq əlyazmaların toplanması, dəyərinin müəyyənləşdirilməsi, alınması üçün Əlyazmaların Qəbulu Komissiyasının, bu gün Azərbaycan, ingilis və rus dillərində 300-dən çox çap kitablarını əhatə edən kitabxananın, müsəlman ölkələrinin tarixi, ədəbiyyatı, mədəniyyətinə dair materialların qorunduğu Şərq otağının yaradılması, müraciətlər atılan mühüm əhəmiyyətli addımlar kimi diqqətə çatdırılır. Dövlət rəsmiləri, bölmə rəhbəri və fond əməkdaşlarının fond arxivini və kitabxanasını zənginləşdirmək istiqamətində beş istiqamət üzrə apardığı işlər və onların nəticəsi olaraq Naxçıvanda olan və Naxçıvana dair kənardan gətirilən nadir əlyazmaların vahid bir mərkəzdə toplanılmasına nail olunması nəzərə çatdırılır. Buradaca onu qeyd edim ki, öz şəxsi kitabxanasından fonda ən çox – yəni 90 adda əlyazma və çap kitabı bağışlayan da elə Fərman Xəlilov olmuşdur. Fəxrəddin Eylazovun rəhbəri olduğu “Əlyazmaların toplanması” şöbəsində 600-dən çox elmin müxtəlif sahələrinə dair ərəb, fars və türkdilli əlyazmalar, daşbasma üsulu və elektrik mətbəəsində çap olunan kitablar əldə edilmişdir. Bu mədəni xəzinənin əsrlərcə tarixi olan inciləri haqqında ayrı-ayrılıqda bəhs edən müəllif 500 illik tarixi olan Qurani-Kərimin incə nəstəliq xəttilə ərəbcə yazılmış çox kiçik formatlı əlyazmasını, ən qədim türkdilli əlyazma kimi Azərbaycanın qəlb şairi, qəzəl ustadı M.Füzulinin “Leyli və Məcnun” poemasının adlarını xüsusi olaraq qeyd edir. Dosent Səbuhi İbrahimovun rəhbərlik etdiyi “Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri” adlı II şöbənin əlyazmalar haqqında araşdırmaları, 2018-2021-ci illərdə nəşr etdirdikləri farsdilli, türkdilli və ərəbdilli əlyazma və çap kitablarının kataloqları ən mühüm uğurlu addımlar kimi qiymətləndirilir. III şöbə - “Əlyazmaların mühafizəsi, gigeyenası, bərpası” şöbəsinin 2016-cı ildən fəaliyyətə başlaması, əlyazmaların bərpası istiqamətində görülən işlər, əlyazmaların elektron variantının hazırlanmasına başlanması, əməkdaşlıqların genişləndirilməsi, tamamilə yeni bir istiqamətdə - Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və maarif xadimlərinin şəxsi arxivlərinin yaradılması, aparılan tədqiqat işləri haqqında ətraflı məlumat verilir. Tədqiqata cəlb olunan əlyazmaların siyahısı isə olduqca geniş olmaqla tarix, tibb, dilçilik, ədəbiyyat, məntiq, fəlsəfə, həndəsə, astronomiya və s. elm sahələrini  əhatə edir. Əvvəlcə ayrı-ayrı əməkdaşların hər birinin əsərləri haqqında, daha sonra isə ümumiləşdirilərək 17 il ərzində fond əməkdaşlarının 30-adək monoqrafiya və kitab, eləcə də 300-dən çox elmi məqalə və konfrans materialının dərc olunduğu mənbələr, əməkdaşların fəlsəfə doktorluğu və elmlər doktorluğu tədqiqatları, keçirilmiş elmi seminarların müzakirə mövzuları və s. barədə məlumat verilir. Fondun 17 illik fəaliyyəti barədə dərin ümumiləşdirmələri və çox həssas fərdi münasibəti ilə seçilən bu hesabatın nəticəsi – AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun bu müddət ərzində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməyə nail olmağı müəllifin faktları və dəlillərinin məntiqi yekunu kimi əhəmiyyət kəsb edir. 

          Kitabın ilk bölməsi “Naxçıvan əlyazma və çap materiallarında” adlanır. Burada Məhəmmədtağı Sidqinin Naxçıvanın axundu Hacı Molla Məhəmməd Naxçıvaniyə yazdığı “Dilimiz və məktəbimiz” adlı məktubunun mətni, ölkəşünas Hacı Mirbağır Mirheydərzadənin Şərur dairəsinə ekspedisiyasının nəticələri – ayrı-ayrı kəndlərdə rast gəldiyi tarixi əhəmiyyət daşıyan maddi mədəniyyət nümunələri, pirlər, müqəddəs ocaqlar, kövşənlər, məskunlaşan tayfalar, əhalinin məşğuliyyəti, Bayatlar, Yəftənilər və Kəngərlilər haqqındakı məlumatlar tədqiqatlar üçün istiqamət verməyi baxımından da önəmlidir. Seyid Səbrinin 1926-cı ildə “Şərq qapısı” qəzetində dərc olunmuş “Ordubad qəzasında asari-ətiqə” adlı məqaləsində asari-ətiqə kimi təqdim olunmuş məşhur “Qoç qəbiristanlığı”, “Çardağ” qəbiristanlığı, yaşı 1200-dən çox olan Çinar ağacı, məşhur məscidi Came, Kilit kəndliləri və onların dilləri, Vənənd məscidi, Biləv kəndindəki qədim daş körpü və daş qala və s. Ordubad qəzasının tarixi abidələrlə zənginliyini və onların tədqiqinin planlaşdırılması zərurətini ortaya qoyur. Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 14 iclas protokolunda xüsusilə diqqəti cəlb edən məqamlar cəmiyyətin mahiyyəti, məqsəd və vəzifələri barəsində və xüsusən də, Bakıda çağıralacaq Türkoloji Qurultaya hazırlıq məqsədilə dinlənilən “Türk dilinin mənşəyi və tarixi inkişafı”, “Türk tayfalarının ibtidai tarixi və ibtidai dini təsəvvürləri”, “Türk dilinin bugünkü vəziyyəti”, professor A.A.Millerin “Qızılvəngin tədqiqi”  kimi məruzələr, təqdim olunan suallar, ümumən  böyük maraq doğurur.  “Cavanlar həyatı” qəzetinin ilk nömrəsinin, “Şərq qapısı” qəzetinin 100-cü yubiley nömrəsinin baş məqalələri, fondda mühafizə olunan qədim əlyazma, çap kitabları və müxtəlif sənədlərdə Naxçıvanla bağlı materiallar, həmçinin əlyazma və çap kitablarının naxçıvanlı müəllifləri, katibləri, sifarişçiləri, çap etdirənləri haqqında məlumatlar da ilk bölməyə daxil edilmişdir. Əlyazmalardan biri Naxçıvan şəhərində rus  imperatoru  II Nikolay Aleksandroviçin tac qoyma gününün qeyd edilməsi mərasimində M.Sidqinin etdiyi çıxışının  əlyazmasıdır.

      Cəhd qıl qoy zəmanədə bir ad,

               Eyləsinlər səni bu ad ilə yad.

              Aç bu əbnayi-millətə məktəb

              Orda təhsil olunsun elm-ədəb - 

deyən  Sidqi “Dilimiz və məktəbimiz” adlandırılan bu  əlyazmanın mətnində millət balalarının ana dilində təhsil almasından, dilimizin saflaşdırılması və inkişaf etdirilməsindən, maarif  və mədəniyyət  işlərindən danışmış, Naxçıvan  şəhərində, onun qəsəbə və kəndlərində yeni üsulda, ana dilində milli məktəblər açmaq istəyindən söz açmışdır. M.T.Sidqi çıxışında dilimizin çox korlanmasından, insanlarımızın mənasını bilmədən ərəb, fars, rus sözlərini yerli-yersiz işlətmələrindən təəssüflə söz açır. Müəllif  dörd dilin sözlərindən istifadə edən iki müsəlmanın dilini konkret nümunələr gətirməklə türk dili adlandırmağın qeyri-mümkünlüyündən danışılır: “Bu dil elə bir libasa bənzəyir ki, guya pambığı Türküstanda əkilib, ipliyi İranda əyrilib, rəngi Ərəbistanda vurulub, özü Azərbaycanda toxunub, Rusiyada gömrüklənib, xərc və kirayəsi çox olduğuna görə heç bir tayfa etina etməyib və heç bir ölkədə füruşa getmiyib həmin bu səfahatda satılmaqdadır”.

“Fondun çap məhsulları” adlı ikinci bölmədə fond əməkdaşlarının nəşr olunmuş monoqrafiya və kitablarına nəzər saldıqda XV əsr Azərbaycan sufi şairi Bayrək Quşçuğolu, Suli Fəqihin “Yusif və Züleyxa”sı, “Munisnamə”, “Gülşəni-raz”, “Tibnamə” və digər müxtəlif dövrlərə dair əlyazma mətnlərinin transliterasiyası, tərcüməsi, tədqiqi istiqamətində böyük əməyin və sonsuz fədakarlığın sübutları ilə qarşılaşırıq. Çox az sayda elmi əməkdaşlarla bu qədər araşdırmaların aparılması və nəşri həqiqətən də son dərəcə təqdirəlayiq bir haldır.

Kitabın sonuncu bölməsində Əlyazmalar Fondunda mühafizə olunan əlyazma və çap kitablarına dair bugünədək və hal-hazırda fondda çalışan əməkdaşların araşdırmaları təqdim olunur.

Əsərin sonuna Məhəmməd Füzulinin Əsgər ibn Hüseyn bəy Ordubadinin sifarişi ilə üzü köçürülmüş “Leyli və Məcnun” poemasına çəkilən miniatürlər və bəzi arxeoqrafik sənədlərin nüsxələrinin fotoları əlavə edilmişdir.

          Sonda nəticə olaraq onu qeyd etmək istəyirəm ki, çox haqlı olaraq “Naxçıvanın əlyazmalar xəzinəsi” adlandırılan bu kitab xalqımızın həqiqətən də dəyərini heç zaman itirməyən, illər ötdükcə əksinə, daha da qiymətini artıran əlyazmalar; haqqında əvəzsiz bir mənbədir. Bu dəyərli mənbə vasitəsilə oxucular fonda getmədən əlyazmaların bir qismi ilə tanış olur, eyni zamanda konkret olaraq onu maraqlandıran əlyazmaya dair hansı tədqiqatların olduğunu rahatlıqla öyrənə bilir. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu haqqında hərtərəfli və zəngin, deyərdim ki, ensiklopedik məlumatları özündə ehtiva edən bir kitab münasibətilə tərtibçiləri təbrik edir, cansağlığı və uğur arzulayıram!

AYGÜN ORUCOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Naxçıvan Bölməsi

Nəşr edilib : 23.06.2023 12:29