AZ EN RU

Naxçıvan elmi-ədəbi, mədəni mühitinin tədqiqinə həsr olunmuş mənalı ömür yolu

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 ili tamam olur. Azərbaycan ədəbiyyatşünaslığının aktual problemlərinə həsr olunan 20-yə yaxın kitab və monoqrafiyası, 200-dək elmi-publisistik məqaləsi, yetirdiyi yüzlərlə şagird və tələbələri bu fədakar alimin ömür salnaməsinin silinməz səhifələrini təşkil edir. 

    Fərman Yunis oğlu Xəlilov 1952-ci il martın 31-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Həsən bəy Qazıyev kimi tanınmış bir maarif xadiminin ocağında dünyaya göz açmış, obrazlı ifadə etsək, bir mədəniyyət beşiyində doğulmuşdu və anası Azərbaycan Respublikasının Qabaqcıl maarif xadimi Bülbül xanım kiçik yaşlarından ədəbiyyatı, sözü-sənətini oğluna laylası ilə sevdirmiş, elmə, ədəbiyyata böyük maraq oyatmışdı.
    Fərman Xəlilov çətin və məsuliyyətli yaradıcılıq yolunda, əsasən, iki istiqamətə yön almışdır. Onun elmi yaradıcılığının birinci istiqamətini Cənubi Azərbaycan ədəbiyyatı, xüsusilə XX əsr Аzərbаycаn sаtirik pоеziyаsının görkəmli nümayəndəsi Mirzə Əli Möcüzün tədqiqi təşkil edir. Mirzə Əli Möcüzün ömür yolu və yaradıcılığını hərtərəfli şəkildə tədqiq edən alim onun haqqında ilk məqaləsini 1976-cı ildə yazmışdır. Bu həvəs və sevgi tədqiqatçını 1982-ci ildə “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusunda fəlsəfə doktorluğu, 2011-ci ildə isə “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” adlı doktorluq dissertasiyasının müdafiəsinə qədər aparmışdır. Ədəbiyyatşünas alimin bir-birinin ardınca işıq üzü görən “Mirzə Əli Möcüz (biblioqrafiya)”, “Mirzə Əli Möcüzün əlyazmaları”, “Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz” kimi fundamental kitab və monoqrafiyaları da möcüzşünaslığı yeni faktlar və mülahizələrlə zənginləşdirmişdir. 
    1983-cü ildə çap olunmuş “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın ikinci cildinin tərtibçilərindən biri olması da Fərman Xəlilovun bu sahədəki diqqətəlayiq xidmətlərindəndir...
    Fərman müəllimin elmi tədqiqatlarının ikinci istiqamətini Naxçıvanla bağlı araşdırmalar təşkil edir. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış şair Hüseyn Nadim Naxçıvani haqqında 1971-ci ildə “Şərq qapısı” qəzetində dərc olunan məqalə ilə elm aləminə qədəm qoyan alimin imzası 50 ildir ki, Naxçıvanın elmi, ədəbi və mədəni mühitinin öyrənilməsinə xidmət edir. Bu günədək Fərman Xəlilovun ərsəyə gətirdiyi çoxsaylı elmi əsərləri Naxçıvanşünaslığa mühüm töhfələr verməklə səciyyələnir. Bu baxımdan alimin Naxçıvan ədəbi mühitinin məşhur yetirmələrindən olan Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əliqulu Qəmküsar, Əziz Şərif, Seyid Səbri, Həsən bəy Qazıyev və digər görkəmli şəxsiyyətlərin ömür və yaradıcılıq yolunun müxtəlif istiqamətləri ilə bağlı apardığı tədqiqatlar, dəqiqləşdirdiyi faktlar, istinad etdiyi şəxsi və dövlət arxiv materialları alimin tədqiqatçılıq keyfiyyətindən xəbər verir. 
    Fərman Xəlilovun “Naxçıvanı öyrənən elmi cəmiyyət”, “Naxçıvan teatrı. Məqalələr, xatirələr”, “Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri”, “Maarif fədaisi: Həsən bəy Qazıyev”, “Hüseyn Razi (biblioqrafiya)”, “Elmi ənənələrdən yüksəlişə doğru: Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu”, “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Əlyazmalar Fondu”, “Farsdilli əlyazmalar və əski çap kitabları kataloqu”, “Türkdilli əlyazma və çap kitablarının kataloqu”, “Şərq qapısı” qəzetinin nəşri tarixinin ilk mərhələsi və yeni ədəbi mühitin formalaşmasında rolu”, “Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı fundamental üçcildlik əsərləri və başqa kitab və monoqrafiyaları Naxçıvanşünaslığa bəxş etdiyi dəyərli əsərlərdir. 
    Son on ildə elə bir il tapmaq olmaz ki, Fərman müəllimin çoxsaylı məqalələri ilə yanaşı, elm aləminə yeni töhfə verən kitab və monoqrafiyası işıq üzü görməsin. Bu da onun tükənməz enerjisinin, tədqiqatçılıq səriştəsinin və alimlik məharətinin bariz nümunəsidir.
    Fərman Xəlilovun dilçiliyə aid məqalələri də diqqəti cəlb edir. Onun “Naxçıvanda Birinci Türkoloji Qurultaya hazırlıq”, “Dilimiz vаrlığımızdır”, “Аzərbаycаn dili” dərsliklərindəki tərif və qаydаlаr hаqqındа” və dilçiliyin aktual problemlərinə həsr olunan digər əsərləri dilçi-alim səriştəsi ilə yazılmış tədqiqat işləridir. Fikrimizcə, ana dilinin saflığının qorunması, dildəki yad ünsürlərin təmizlənməsi, ədəbi dil və qrammatik normalara riayət olunması istiqamətində alimin sərgilədiyi mövqedə onun elmi rəhbəri olmuş akademik Mirzə İbrahimov məktəbinin də payı çoxdur. 
    Fərman müəllimin Cənubi Azərbaycanın dialekt və şivələrinə bələdliyi tədqiqatları zamanı ədəbi dil normaları ilə  ümumxalq danışıq dili arasında müqayisələr aparması, bəzi məqamlarda sözün etimoloji təhlilini verməsi onun dilçi-filoloq olmasını sübut edən məqamlardandır.
    Fərman Xəlilov həm də peşəkar pedaqoqdur. Onun həyat yolunun böyük bir hissəsi şərəfli müəllimlik peşəsi ilə bağlıdır. 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirən Fərman Xəlilov təyinat üzrə Culfa rayonunun Milax kənd tam orta məktəbində, sonralar isə Naxçıvan şəhərində Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə və Türk Liseyində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris etmişdir. 1985-ci ildə o, metodist-müəllim adına layiq görülmüşdür.
    Bir neçə kəlmə də Fərman müəllimin idarəçilik fəaliyyəti haqqında... 2013-cü ilin sonunda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri təyin edildiyi elə ilk gündən onun tələbkarlığı ilə seçilməyinin şahidi olduq. Fərman Xəlilovun şöbəyə rəhbərliyi dövründə burada Naxçıvanşünaslıq üçün qiymətli töhfə olan çoxsaylı məqalə və konfrans materialları, o cümlədən kitab və monoqrafiyalar işıq üzü gördü. 2016-cı ildə həmin bölmənin Əlyazmalar Fonduna direktor təyin edilən Fərman müəllim kiçik kollektivi başına yığıb fondun zənginləşməsi üçün əvəzsiz xidmətlər göstərdi.
    Fərman Xəlilovun 2013-cü ildən etibarən ardıcıl olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iki il müddətinə Naxçıvan Dövlət Universiteti nəzdində təşkil olunan fəlsəfə doktorluğu üzrə Dissertasiya Şurasına üzvü, 2015-ci ildən etibarən isə seminar şurasının sədri təyin olunması elm yolunda addımlayan gənc tədqiqatçılara dəstəyini, belə demək mümkündürsə, rəsmiləşdirdi. Fəlsəfə doktorluğu müdafiə edən hər kəs Fərman müəllimin tələbkarlığı ilə yanaşı, obyektiv mövqeyindən, şəffaflığından və xeyirxahlığından ağızdolusu danışır və onun bu sahədəki əməyini yüksək qiymətləndirir. 
    Ömrünə 70-ci bahar gələn məhsuldar alim, üzünə məsumluq çökən ağsaqqal baba – Fərman Xəlilov ilə keçmişdən danışarkən bu məqalənin yazılmasına vəsilə olan bir kövrək xatirəni də yada salırıq: ürək sızladan məqam olsa da, bu məqamı xatırlamalıyıq... Bölməmiz sanki bir dövrdə yarpaq tökümü yaşadı... neçə-neçə dəyərli alimimizin qırxı digərinin ilinə qarışdı. Bunlardan da biri nakam taleli dosent Rafiq Babayev idi. Bu dəyərli alimin, yazıçı-publisistin qəfil ölümü hamı kimi məni də ruhən və mənən sarsıtdı... Mən göz yaşları içində onun həyatı və yaradıcılığından, ömrünün son akkordlarından bəhs edən bir məqalə yazdım... Ertəsi gün işə gələndə Fərman müəllim qeyri-adi tərzdə: “Ay Zülfiyyə, elə yazmısan ki, adamın lap ölməyi gəlir!” – dedi mən də “Fərman müəllim, iraq candan, bəyəm mən sizin diriniz haqqında yazı yaza bilmərəm? İnşallah, yubiley məqaləsi yazacağam”, –  dedim. 
    Fərman müəllim, sizin ömrünüzə gələn 70-ci bahara həsr etdiyim təbrik məqaləsini ürəkaçıqlığı ilə, sevinc içində, ruh yüksəkliyi ilə, deyə-gülə bitirirəm... Arxada böyük bir tarix, həyat yolu və təcrübə var. Qarşıda isə yeni-yeni uğurlar və nailiyyətlər. Sizə uzun ömür, cansağlığı və daha böyük yaradıcılıq nailiyyətləri arzulayıram. Ömrünüzə gələn 70-ci bahar mübarək!

Zülfiyyə İsmayıl
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, 
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 29.03.2022 20:38