AZ EN RU

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hamam-camaşırxana kompleksinin tikintisi və təmir-quruculuq işləri davam etdirilir

    Ölkəmizdə əldə olunan hərtərəfli inkişaf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin göstəricisidir. Bu siyasətin tərkibində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları mühüm yer tutur. Dövlət başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr öz uğurlu həllini tapmaqdadır.
    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında aparılan təmir-tikinti işlərinin vəziyyəti ilə bağlı məlumat almaq üçün üz tutduq hamam-camaşırxana kompleksinin tikintisi gedən əraziyə. Məlum oldu ki, tikinti işlərini “Güvən” inşaat həyata keçirir. İnşaatın briqadiri Zamiq Quliyev məlumat verərək bildirdi ki, 645 kvadratmetr ərazini əhatə edən hamam-camaşırxana kompleksinin tikintisinə 35 nəfər usta və fəhlə cəlb edilib. Zirzəmi və biri mərtəbədən ibarət yarımtikilidə binanın alçı-boya və astar işləri tamamlanaraq beton işlərinə keçilib, bina daxilindəki otaqlara şap verilərək kafel döşəmə işləri davam etdirilir. Eyni anda 50 nəfər şəxsi heyətin istifadə edə biləcəyi binanın zəmin qatında 1 sauna, 2 əşya-xidmət, paltarların soyunulub-geyinmə, paltar şkafı, bərbər və 4 sanitar qovşaq otaqları  olacaq.
    Birinci mərtəbədə 200 kvadratmetrlik duş kabin, istirahət, dərzi , qarderob, ocaqxana, mətbəx, ütü, tibb, camaşırxana və 2 sanitar qovşaq otaqları nəzərdə tutulub. Camaşırxana xidmətinin keyfiyyətini artırmaq üçün son model avadanlıqların sifarişi nəzərdə tutulan kompleksdə paltarlar bu avadanlıqlar vasitəsilə yuyulacaq, qurudulacaq və təmizlənəcək.
    Hamam-camaşırxana kompleksinin daxilində son tamamlama işlərinin getdiyini deyən briqadir vurğuladı ki, təxminən, 2-3 ay müddətinə tikinti-quruculuq işləri tam başa çatacaq. 
    “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hamam-camaşırxana kompleksi ilə yanaşı, bir sıra tikinti-quruculuq işləri mütəmadi davam etdirilib. Maddi-texniki təminat şöbəsinin rəisi, polkovnik-leytenant Pərviz Həşimov bildirdi ki, əsas diqqət şəxsi heyətin hərtərəfli məişət şəraiti ilə təmin edilməsinə və tikinti-quruculuq işlərinin keyfiyyət və aparılmasına yönəldilib. Qeyd edək ki, sərhəd diviziyasının giriş qapısında II Vətən müharibəsində şəhid olmuş sərhədçilərin xatirəsini əbədiləşdirmək üçün möhtəşəm “Şəhidlər kompleksi” abidəsi ucaldılıb. Bununla yanaşı, tribuna inşa edilib, diviziyanın mərkəzləşdirilmiş təmir emalatxanasında 3 “Mitsubishi”, 5 “MAZ”, 2 “UAZ”,                 1 “VAZ” və 1 “QAZ-3308” markalı avtomaşın təmir olunaraq yenidən istifadəyə yararlı hala gətirilib. Qərargah binasında, qarovul evində və 72 yerlik 2 mərtəbəli uşaq bağçasında kondisionerlər quraşdırılıb, təlim-tədris mərkəzinin binasında təmir işləri görülüb, qazanxanalarda, su-kanalizasiya, elektrik və qaz xətlərindəki nasazlıqlar aradan qaldırılıb, 12-ci Sərhəd Zastavasının transformator və artezian nasosu təmir olunub. 
   Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində əsas və köməkçi sərhəd nişanları, mühəndis çəpərləri, müşahidə qüllələri, isinmə məntəqəsi, sərhəd yolları təmir edilib, əlavə maneə zolaqları quraşdırılıb, nəzarət iz zolağı işlək vəziyyətə gətirilib, ləpirçilik şəhərciyi düzəldilib, müdafiə mövqeləri, təknəfərlik səngərlər, dislokasiya yerlərində sığınacaqlar hazırlanıb, sərhəd naryadlarının xidmət aparma yerlərində kölgəliklər düzəldilib. 
    Həmçinin 5,81 hektar sahədə yerləşən atçılıq subyekti tikililərlə birgə diviziyanın istifadəsinə verilib. Burada hazırda 19 adda xarici və yerli sort xidməti atlar yetişdirilir ki, bu gələcəkdə də davam etdiriləcək. 

Fariz  ƏHMƏDOV

Nəşr edilib : 22.08.2023 19:14