AZ EN RU

Naxçıvan dünən və bu gün - FOTOLAR

Çətin şəraitdə

    İnşaatçılarımız muxtar respublikamızın rayon, qəsəbə və kəndlərində sosial, mədəni-məişət və təsərrüfat obyektlərinin tikintisi ilə məşğuldurlar. Bir çox kollektivlər kimi ötən il bizim üçün də uğurlu olmayıb. Belə ki, il ərzində təhvil verməli olduğumuz 75 müxtəlif obyektdən ancaq onunun öhdəsindən gələ bilmişik. Məlum olduğu kimi, inşaat materiallarının qiymətlərinin xeyli qaldırılması ilə əlaqədar inşasını apardığımız obyektlərin layihə-smeta sənədləri həmin qiymətlərə uyğunlaşdırılmalı idi. Bu əməliyyat isə bir çox sifarişçi təşkilatlar tərəfindən yerinə yetirilməyib. Buna görə də təhvil obyektlərində işin ahəngi pozulub.
    Bu il həmin obyektlərin imkan daxilində təhvilə hazırlanmasında ciddi səy göstərəcəyik. Lakin məlum səbəblər üzündən inşaat materialları sarıdan yenə də çətinlik çəkirik. Bunu aradan qaldırmağın yeganə yolu isə yerli tikinti materiallarından istifadə etməkdədir. Hazırda bəzi tikinti təşkilatlarımız həmin sahədə əməli addımlar atırlar. Lakin bu hələ azdır, mövcud imkanlardan maksimum istifadə etmək işimizdə əsaslı dönüş yarada bilər.
    Sərhəd kəndlərimizdə sosial obyektlərin tikintisi uzun illərdir ki, bir növ yaddan çıxarılıb. İndi daha dərindən hiss edirik ki, bu sahədə xeyli gerilik var. Odur ki, həmin məsələyə diqqəti xeyli artırmışıq. Hazırda Şərur, Sədərək və Ordubad rayonlarının bir sıra kənd və qəsəbələrində müxtəlif sosial obyektlərin inşasını davam etdiririk.
    Ötən il və bu il inşasına başladığımız obyektlərdə, təxminən, 27 milyon manatlıq tikinti-quraşdırma işləri aparmalı və il ərzində 80 obyekti təhvilə hazırlamalıyıq. Göründüyü kimi, işin həcmi böyükdür və indiki çətin vəziyyətdə bunun öhdəsindən gəlmək heç də asan deyil. Çünki material qıtlığı yenə də davam edir. Lakin bütün bunlara baxmayaraq, qüvvəmizi bir daha səfərbər edib təhvil obyektlərinə yönəldəcək və bu sahədə əsaslı dönüş yaradılmasına nail olmağa çalışacağıq.

“Şərq qapısı” qəzeti 
1 fevral 1992-ci il

Material qıtlığından, yarımçıq qalan işlərdən, 
məhsul ixracına, irimiqyaslı layihələrin icrasına...

    Hər dəfə “Şərq qapısı” qəzetinin ötən əsrin 90-cı illərinin əvvəllərinə aid nömrələrini vərəqləyəndə qarşımıza, əsasən, “çatışmazlıqlar baş alıb gedir”, “qıtlıq halları dözülməzdir”, “insanlar nigarandırlar”, “işə biganə yanaşmayaq” kimi xoşagəlməz halları tənqid obyektinə çevirən cümlələr, sözlər hakim kəsilir diqqətimizə. 2022-ci ilin muxtar respublikamızda “Sənaye ili” elan edilməsini nəzərə alıb həyatımızın, yaşayışımızın bilavasitə sıx əlaqədar olduğu tikinti sənayesi ilə bağlı yazı hazırlayanda dünənlə bağlı arxivdə “Çətin şəraitdə”, “Material çatmır”, “Çətinliklərlə üz-üzə” və digər sərlövhəli məqalələrdə nöqsanlarla dolu bir sıra məsələlərə rast gəlirik. Günümüzlə təzadlığı gün kimi aydın olan həmin yazıları diqqətlə nəzərdən keçirdikdə tikintidə istifadə edilən ən primitiv vasitələrin belə tapılmaması, şirkət rəhbərlərinin qıtlıq hallarına qarşı haqlı narazılıqlarını, kəndlərdə illərlə inşası yubanan, yararsız vəziyyətə düşən obyektlərin “fəryad səslərini” duymaq çətin deyil. Elə isə söhbəti çox uzatmadan gəlin yuxarıda geniş şəkildə yer alan, 1992-ci il fevralın 1-də “Şərq qapısı” qəzetində işıq üzü görən “Çətin şəraitdə” başlıqlı məqalədən yola çıxaraq sənayenin bu sahəsinin zamanla necə təşəkkül tapmasına və inkişaf yoluna nəzər salmağa çalışaq...

    Adıçəkilən məqalədə ilk nəzərəçarpan çatışmazlıq “Bir çox kollektivlər kimi ötən il bizim üçün də uğurlu olmayıb. Belə ki, il ərzində təhvil verməli olduğumuz 75 müxtəlif obyektdən ancaq onunun öhdəsindən gələ bilmişik” fikirləridir. Öncə onu, xüsusilə vurğulamaq lazımdır ki, “Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm”, –  deyərək Azərbaycanın şanlı dirçəliş tarixini yaradan ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə olduğu kimi, ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da sənayenin bütün sahələri ilə yanaşı, tikintidə də böyük irəliləyişlər əldə edildi. Görkəmli dövlət xadiminin əsasını qoyduğu inkişaf konsepsiyasının dəyişən dövrə xas yüksək səviyyədə icrasının nəticəsidir ki, “Çətin şəraitdə” yazısındakı tikinti şirkətinin müəyyən problemlər ucbatından işinin öhdəsindən gələ bilməməsi, obyektlərin vaxtlı-vaxtında tikilərək istifadəyə verilməməsi kimi cəmiyyəti narahatlıq məngənəsində sıxan hallar da artıq çoxdan arxada qalıb. Bu baxımdan günümüzdə nümunəvi tikinti təşkilatlarından Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, onun şəhər və rayon idarələrini, “Nəqşicahan”, “Gəmiqaya”, “Cahan” holdinqlərin inşaatla məşğul olan qurumlarının fəaliyyətini qeyd etmək lazımdır. İndi muxtar respublikada fəaliyyət göstərən, sözün əsl mənasında, işində mahir olan həmin şirkətlər üzərlərinə götürdükləri öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirir, başqa sözlə, hər hansı obyektin inşası indi əvvəlkindən dəfələrlə sürətli, həm də qat-qat keyfiyyətlə aparılır. Hər ilin, rübün yekun iqtisadi göstəricilərinə nəzər saldıqda aydın olur ki, insanlar tərəfindən böyük rəğbətlə, minnətdarlıq hissi ilə qarşılanan tikinti-quruculuq tədbirləri həm əhatə dairəsi, həm də həcmi baxımından zaman ötdükcə daha da genişlənir. Elə isə rəqəmlərin dili ilə tikinti-quruculuq sahəsində inkişafın, tərəqqinin necə getdiyinə baxaq: 1995-2021-ci illərdə muxtar respublikanın kəndlərində 144 kənd mərkəzi, 147 ümumtəhsil məktəbi, 192 səhiyyə ocağı tikilərək, 29 kənd mərkəzi, 91 ümumtəhsil məktəbi, 35 səhiyyə ocağı yenidən qurularaq istifadəyə verilib, lazımi kommunal təsərrüfatlar yaradılıb. Təqdirəlayiq haldır ki, tikinti sənayesinin inkişafı təkcə dövlət təşkilatlarının deyil, şəhər, qəsəbə və kəndlərdə yaşayan sakinlərin də bu sahədə fəaliyyətini xeyli gücləndirib, şəxsi vəsait hesabına da inşaat işləri uğurla reallaşdırılıb.

    “Çətin şəraitdə” məqaləsində dilə gətirilən növbəti problem məsələyə diqqət yetirək: “Məlum səbəblər üzündən inşaat materialları sarıdan yenə də çətinlik çəkirik. Bunu aradan qaldırmağın yeganə yolu isə yerli tikinti materiallarından istifadə etməkdədir. Hazırda bəzi tikinti təşkilatlarımız həmin sahədə əməli addımlar atırlar. Lakin bu hələ azdır...” Aydın məsələdir ki, yazını qələmə alan müəllif məlum səbəb dedikdə Naxçıvanın həmin dövrdə yenicə blokada vəziyyətinə düşməsini və birinci Qarabağ müharibəsi zamanı yaşananları, ölkədə hakimiyyəti ələ alan, xalqın taleyinə biganə yanaşan vəzifə hərislərinin “oyunları”nı nəzərdə tutur. Təbii ki, siyasi sabitlik olmayan yerdə hər hansı iqtisadi uğurdan söhbət gedə bilməz. Məhz 1993-cü ildən sonra ölkəmizdə bərqərar olunan siyasi vəziyyət muxtar respublikamızda əvvəllər fəaliyyətini dayandıran sənaye müəssisələrinin yenidən həyata vəsiqə almasına, yerli inşaat materialları istehsal edən yeni obyektlərin yaradılmasına imkanlar açdı. Ümumilikdə, bu gün muxtar respublika üzrə “Nəqşicahan İnşaat”, “Gəmiqaya Beton Məmulatları Kompleksi”, “Naxçıvan Sement Zavodu”, “Gəmiqaya Kərpic Kompleksi”, “Cahan İnşaat” (tərkibində Tikinti-Quraşdırma, Tikinti-Tamamlama, Maşın-Mexanizm, Su və Kanalizasiya Mənzil-Tikinti idarələri, Beton Məhsulları Zavodu, Qapı-Pəncərə Fabriki yaradılıb), “Azelektrod” Məhdud Məsuliyyətli cəmiyyətlərində, Avtomobil Yolları Dövlət Agentliyində və digər özəl təşkilatlarda, sahibkarlıq subyektlərində tikinti materialları istehsal olunur, eyni zamanda onlarla satış mərkəzlərində  sərfəli qiymətə satışı həyata keçirilir.
    Təqdiredici məqam odur ki, indi tikinti məhsulları istehsal edən sahələrdə kəmiyyətdən öncə keyfiyyətə üstünlük verilməklə bərabər, Naxçıvanın zəngin təbii sərvətlərindən istifadə olunmaqla xaricdən xammal asılılığı da aradan götürülüb. “Naxçıvan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin timsalında fikirlərimizə aydınlıq gətirək: 2016-cı ildən fəaliyyət göstərən müəssisədə illik istehsal gücləri 12 min ton olan gips, 600 min ədədlik gipskarton lövhə, 150 min ton olan sənaye qumu, 120 min  kubmetr olan məsaməli beton və 600  ton olan məsaməli beton yapışdırıcı zavodlar yaradılıb. Həmin istehsal sahələrində astar, üzlük suvaq, kartonpiyer, inşaat, dərz dolğu gipsləri, müxtəlif qalınlıqda standart, nəmədavamlı, odadavamlı gipskarton lövhələr, sönmüş, sönməmiş əhənglər, beton bloklar və digər tikinti məhsulları hazırlanır. Yuxarıda qeyd etdiyimiz əsas məqam, yəni xammallar (gips, əhəngdaşı, reolit, Sədərək qumu) tamamilə daxili imkanlar hesabına ödənilir. Qum adından da məlum olduğu kimi Sədərəkdən gətirilir, qalanları isə Kəngərli rayonu ərazisindəki təbii ehtiyatlar vasitəsilə təmin edilir. Keyfiyyət amili barədə isə onu demək olar ki, istehsal olunan bütün məhsulların əsas keyfiyyət üstünlüyü ekoloji sağlam materialdan hazırlanmasıdır. Nümunə üçün gipsi götürək: istifadə edildiyi divar “nəfəs alır”, divarlarda izolyasiya qatı yaradır, istifadəsi asandır, ustanı yormur. Boya və divar kağızı üçün divarların suvanmasında əla vasitədir, hər növ dekorativ məmulatların hazırlanması imkanı mövcuddur, gipskarton lövhələrin birləşmə yerlərində çatlamalara qarşı uzunömürlülük yaradır.
    Müstəqilliyin bərpasından sonra görülən məqsədyönlü tədbirlərin, icrası uğurla reallaşan layihələrin sayəsində bu gün nəinki tikinti materiallarına olan tələbat daxili imkanlar hesabına ödənilir, hətta bəzi müəssisələrin xaricə ixrac imkanları da genişlənir. Tikinti işlərində ən çox istifadə edilən üzlük daşların istehsalında nümunə olan “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu istiqamətdəki fəaliyyəti olduqca diqqətəlayiqdir. Belə ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazisindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilərək yüksək keyfiyyətlə istehsal olunur. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, siyenit də istehsal edilir. Mərmər, travertin, dekorativ daş kimi tikinti məhsulları daxili tələbatı ödəməklə yanaşı, Gürcüstan və Türkiyəyə də ixrac olunur.
    “Çətin şəraitdə” sərlövhəli məqalədə yer alan “Sərhəd kənd­lərimizdə sosial obyektlərin tikintisi uzun illərdir ki, bir növ yaddan çıxarılıb. İndi daha dərindən hiss edirik ki, bu sahədə xeyli gerilik var...” narahatlıq doğuran fikirləri də bu gün elə arxivin bir küncündə qalıb. Əvvəlki yazılarımızda da dəfələrlə qeyd ediyimiz kimi, muxtar respublikamızda tikinti-quruculuq işlərinə vahid plan üzrə kompleks şəkildə ilk olaraq məhz ucqarlardan başlanılıb. Bu gün istənilən sərhəd yaşayış məntəqəsinə uzanan yolu tutub getsən, çatacağın ünvanda bir-birindən bənzərsiz sosial obyektlərin, o cümlədən geniş asfalt yolların, abad küçələrin, müasir məktəblərin, mədəniyyət, səhiyyə ocaqlarının şahidi olarsan. Bu amil nəinki muxtar respublikamızın sakinləri, buraya üz tutan yerli və xarici qonaqların da böyük rəğbətinə səbəb olur. Xarici ölkələrin rəsmi nümayəndələri, sadə vətəndaşları Naxçıvanın təmizliyi, sabitliyi ilə yanaşı, geniş quruculuq infrastrukturunun, kəndlərdə mərkəzdən heç də geri qalmayan təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin fəaliyyət göstərməsinin beynəlxalq standartlara tam cavab verdiyini dilə gətirir, xalqın gələcəyinə yatırım kimi görülən işlər barədə yüksək fikirlər səsləndirirlər. Muxtar respublikamızın ən ucqar, sərhəd bölgələrindən olan, inkişafı, tərəqqisi ilə düşmənə gözdağı verən Sədərəyin timsalında da bunu aydın görmək mümkündür. 2021-ci ilin iqtisadi göstəriciləri də tikinti sənayesinin inkişafının rayonun sosial-iqtisadi mənzərəsinə böyük təsirindən xəbər verir. Belə ki, Sədərək rayonunda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2021-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 25 milyon 421 min 900 manat həcmində investisiya yönəldilib ki, bunun da 23 milyon 299 min 200 manatı və ya 91,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu dövrdə Bayraq Meydanının inşası başa çatdırılaraq istifadəyə verilib, Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinin tikintisi davam etdirilib. Əhalinin həyat səviyyəsinin yaxşılaşması, tikinti materiallarının əlçatanlığı fərdi yaşayış evlərinin inşasına da müsbət təsir göstərib, 2021-ci ildə əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, rayonda 6 min 658 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib...
    “Çətin şəraitdə” məqaləsinin son hissəsində diqqətçəkən amil isə maliyyə vəsaiti həcminin çoxluğu, işin keyfiyyətinin yox, kəmiyyətinin əsas hədəf götürülməsidir: “Ötən il və bu il inşasına başladığımız obyektlərdə, təxminən, 27 milyon manatlıq tikinti-quraşdırma işləri aparmalı və il ərzində 80 obyekti təhvilə hazırlamalıyıq. Göründüyü kimi, işin həcmi böyükdür və indiki çətin vəziyyətdə bunun öhdəsindən gəlmək heç də asan deyil”. Nümunə üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 2021-ci ildə muxtar respublikada infrastruktur quruculuğu istiqamətində əsas kapitala 161 milyon 130 min manat investisiya yönəldilib ki, bunun da 153 milyon 439 min manatı və ya 95,2 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Həmin vəsait hesabına müxtəlif təyinatlı onlarla obyekt tikilərək və yaxud yenidən qurularaq istifadəyə verilib. Ötən il muxtar respublika üzrə, ümumilikdə, 355 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 149 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə  uyğun olaraq 2021-ci ildə 10 kənd mərkəzi istifadəyə verilib, 3 kənd mərkəzinin tikintisi davam etdirilib. Müqayisə üçün onu da bildirmək yerinə düşər ki, 2022-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala ayrılan 411 milyon 247 min 300 manat vəsaitin 396 milyon 230 min 900 manatı və ya 96,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Sadalanan faktlar da bir daha təsdiq edir ki, 1990-cı ilin əvvəllərində iki ilə icrası qeyri-mümkün görünən inşaat işləri bu gün bir neçə ayın içərisində tamamilə asan və keyfiyyətli şəkildə reallaşdırılır...
    Görkəmli filosof Tomas Karlayl deyirdi ki, dünya tarixi dahilərin bioqrafiyasıdır. Böyük alman filosofu Fridrix Nitşe isə “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır” fikrini irəli sürmüşdür. Hər iki fəlsəfi fikir Azərbaycanın qüdrətlənməsi naminə bütün həyatını, ömrünü həsr edən dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin zamanı qabaqlayan böyük siyasi ideologiyasında, reallaşan mütərəqqi ideyalarında təcəlla etməklə mükəmməl formada təsdiqini tapır. Bu siyasi ideologiyanın dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davamı, muxtar respublikamızda bu siyasətə sadiqlik, inkişaf konsepsiyasının işığında ötən əsrin 90-cı illərinin qaranlıq mənzərəsindən qurtulub, material qıtlığından, yarımçıq qalan işlərdən məhsul ixracı, irimiqyaslı layihələrin icrası dövrünə, ən əsası da tarixə “Sənaye ili” kimi möhtəşəm uğurları ilə həkk olacaq 2022-ci ilə qədəm qoyub, əmin addımlarla irəliləyir. Bu müdrik yolun ziyasında daha böyük uğurlar, nailiyyətlər diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 07.07.2022 21:07