AZ EN RU

Naxçıvan dünən və bu gün

    ...Hər gün televiziya ekranlarında, qəzet səhifələrində təkzib edilən “çörək olmayacaq” fikri bir gün təsdiq də edilə bilər. Axı müdriklərimiz deyiblər ki, qonşuya ümid olan şamsız qalar. Artıq neçə vaxtdır ki, Azərbaycan qonşu hesabına səhər yeməyi yeyib, nahar etdikcə şamsız qalmaq təhlükəsini də unudub. Axı alınan taxıl və taxıl məhsulları hesabına bir respublikanı nə vaxtadək ötüşdürmək olar? Bu gün ataların “yağmadı yağış, bitmədi qamış” məsəlini də tez-tez xatırlamalıyıq. Axı o yardım bir gün verilməyə də bilər. Bəs onda halımız necə olar? Bu suala məhz elə indidən, yazın bu çağından cavab axtarılmalıdır. Çünki bir həftədən, on gündən sonra artıq gec olacaqdır. Adamları aclıq təhlükəsindən qorumaq üçün bu gün elliklə sahələrə çıxmalı, yaz əkini mütəşəkkilliklə aparılmalıdır...
    İndi keçirilən hər bir müşavirədə, aparılan söhbətlərdə xeyli miqdarda toxumluq buğda, arpa və kartof alınması barədə danışılır. Axı almaqla iş bitmir, onu əkmək, becərmək, ərsəyə gətirmək gərəkdir. Bunun üçün məcburi iməciliklər belə təşkil etmək vacibdir. Heç olmazsa, yaz mövsümü çağında kəndlinin şəhərə kütləvi axınının qarşısı alınmalıdır. 10-15 yumurtanı, 2-3 kilo qatıq və pendiri torbasına qoyub şəhər bazarına üz tutaraq nisbətən asan qazanc dalınca qaçan kənd adamına əsl iş yerini xatırlatmağın vaxtı çatıb. Əgər sabah bir xalq kimi məhv olub, bir millət kimi kimdənsə asılı olmaq istəmiriksə, özümüz özümüzə gün ağlamalıyıq. “Çörək bol olarsa, basılmaz Vətən” ifadəsinin hikmətini bir də yada salmalıyıq. Axı namuslu, zəhmətkeş insan üçün öz əməyinin bəhrəsi olan arpa çörəyi başqasının verdiyi buğda çörəyindən qat-qat şərəflidir. Yaz fəsli oyanış dövrüdür, hisslərin, duyğuların oyanışı. İstərdik ki, yazın gəlişi ilə birgə kortalmış hisslərimiz, donmuş duyğularımız da oyansın, ayılaq... Hamılıqla qolumuzu çırmayıb işə girişək, əkək, becərək, öz gözümüz öz təknəmizdə olsun, özgə əlində yox. Bunun üçün yazın hər günündən, hər saatından səmərəli istifadə etməli, payızın bol məhsulunun təməlini elə indidən qoymalıyıq. Buna bizim imkanımız da vardır, bərəkətli torpaqlarımız da.

“Şərq qapısı” qəzeti 
17 aprel 1993-cü il

 Sahibsiz torpaqlardan, boş çuvallardan zəhmət 
ətirli tarlalara, bərəkət dolu təknələrə...

    Ölkəmizə hər iki rəhbərliyi dövründə ərzaq təhlükəsizliyi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayan, bu məqsədlə aqrar sahədə gələcəyə yönəlmiş bir sıra islahatlar həyata keçirən 2023-cü ildə 100 illik yubileyini möhtəşəm, təntənəli şəkildə qeyd edəcəyimiz ümummilli liderimiz Heydər Əliyev 2001-ci il martın 2-də xalqın gələcəyini, bu gününü düşünərək zamanı qabaqlayan mütərəqqi addım atdı. Məhz ulu öndərin həmin tarixdə imzaladığı Sərəncam ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın təsdiq edilməsi, həmin proqram əsasında sonrakı illərdə reallaşdırılan inkişaf konsepsiyaları, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunan Dövlət proqramları, icra olunan layihələr, şübhəsiz ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verib.

    Dünyada baş verən qlobal iqtisadi problemlərin fonunda “Şərq qapısı” qəzetinin 1993-cü il 17 aprel tarixli nömrəsində dərc olunan “Gözümüz öz təknəmizdə olsun” sərlövhəli məqaləni əbəs yerə yenidən işıqlandırmırıq. Bəli, ölkəmiz, o cümlədən də muxtar respublikamız artıq bir dəfə, yaxın keçmişdə bəşəriyyətin bəlası sayılan aclıq halları ilə qarşılaşıb, orta nəslin nümayəndələri o qıtlığın, böhranın nə olduğunu, hansı fəsadlar yaratdığını çox gözəl dərk edir, bir daha yaşanmaması naminə əlindən gələni əsirgəmir, düzgün nəticə çıxarmaları üçün olub-bitənləri gənc nəslə aşılayır. Dünənimizə işıq salan yazılarda da qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərində Naxçıvan ərzaq çatışmazlığı ilə üz-üzə  dayanmışdı, insanlar günlərlə bir tikə çörəyə möhtac qalır, saatlarla uzanan çörək, yardım növbələri bitmək bilmirdi. Bir tərəfdən Birinci Qarabağ müharibəsinin ağrı-acıları, Sədərəkdə gedən şiddətli döyüşlər, digər yandan da ərzaq böhranı sakinləri çıxılmaz məngənəyə salmışdı. Ancaq axşamları hisə bürünən lampanın közərtisində bir parça çörəyi bölərək ağız dadı ilə yeyən qədirbilən naxçıvanlı ailələrin qəlblərində sabaha böyük ümid, inam işığı var idi. O inam, ümid işığını dünyaya göz açdığı, canı qədər əziz bildiyi Naxçıvana qayıdan, onu bəlalardan qurtaran, naxçıvanlıları nicat yoluna çıxaran ümummilli liderimiz Heydər Əliyev yandırmışdı. Məhz dahi şəxsiyyətin yoluna sədaqət sayəsində, əsasını qoyduğu tərəqqi strategiyasının uğurla davam etdirilməsi, arzularının yüksək səviyyədə reallaşdırılması nəticəsində muxtar respublika dünənimizə işıq salan yazıda da deyildiyi kimi “qonşu hesabına səhər yeməyi yeyib, nahar etdikcə şamsız qalmaq təhlükəsini də unudan” acınacaqlı haldan qonşuya məhsul ixrac edən, blokada şəraitində böyük inkişaf mərtəbəsinə yüksələn, rekordsmen bölgə statusunu qazanan bir diyara çevrildi.  2019-cu il iyulun 10-da “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Pro­qramının üzvləri ilə görüş zamanı Ali Məclisin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyevin əsəridir. Muxtar respublikada bütün uğurlara Heydər Əliyev yolunun davam etdirilməsi, ölkə Prezidentinin Azərbaycanın bütün regionları kimi Naxçıvana da göstərdiyi diqqət və naxçıvanlıların zəhməti sayəsində nail olunmuşdur. Naxçıvanda blokada sözü unudulub. Çalışmaq, zəhmət çəkmək və məqsədə nail olmaq blokadanın bütün çətinliklərini arxada qoyub...”

    Çalışıb, zəhmət çəkərək məqsədə nail olan, blokadanın çətinliklərini çoxdan arxada buraxan muxtar respublikamızda ötən illərdə olduğu kimi, bu vacib məqamda, gələcəkdə də ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda duran prioritet vəzifədir. Həyata keçiriləcək əsas iş isə gündəlik tələbatın ən çox olduğu çörək istehsalını artırmaq və bunun üçün də taxılçılığın inkişafına geniş şəkildə təkan verməkdir. Artıq həmin həllivacib iş dövlətimiz tərəfindən ciddi nəzarətə götürülüb, bu məqsədlə iyulun 7-də Akademik Həsən Əliyev  adına “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında Naxçıvan Muxtar Respublikasında taxılçılığın inkişafı və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib, aid təşkilatlara müvafiq tapşırıqlar verilib. Həmin müşavirədə Ali Məclis Sədrinin də dediyi kimi, taxılçılıqda qarşıya qoyulan hədəf hektardan məhsuldarlığın yüksəldilməsidir.Təbii ki, məhsuldarlığı şərtləndirən faktorlar sırasında torpağın münbitliyini, əkinəyararlığını, suvarmanın səmərəli aparılmasını, keyfiyyətli toxum sortlarından, gübrələrdən istifadəni və lazımi texnikaların əkin prosesinə cəlbini vurğulamaq olar. Torpaqların münbitliyi barədə qısaca olaraq onu demək olar ki, əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, artıq illərdir, muxtar respublikamızın ayrı-ayrı rayonlarında yararsız torpaqlar mineral gübrələrlə zənginləşdirilərək əkin dövriyyəsinə qatılır. Nümunə üçün qeyd edək ki, 2010-cu ildə 59 min 203 hektar əkin altında idisə, aparılan aqrotexniki qulluqların, münbitləşdirmə tədbirlərinin nəticəsidir ki, 2022-ci il                1 yanvar tarixə bu rəqəm 64 min 259 hektara çatıb. Təbii ki, bu amil taxıl əkilən ərazilərin də miqyasının xeyli böyüməsinə, məhsuldarlığın artmasına rəvac verib. Statistik göstəricilər də bunu təsdiqləyir: “2022-ci ilin məhsulu üçün 21 min 378-i buğda, 12 min 88-i arpa olmaqla, ümumilikdə, 33 min 466 hektar ərazidə taxıl əkini keçirilib, sahələrdən 107 min 418 ton məhsul tədarük olunub, məhsuldarlıq hektara 32,1 sentner düşüb. Müqayisə üçün qeyd edək ki, 1987-ci ildə 28 min, 1995-ci ildə 23,6 min,  2001-ci ildə 59 min, 2005-ci ildə 93,2 min, 2010-cu ildə 96 min, 2019-cu ildə isə 102 min 984 ton taxıl tədarük edilib”. Müşavirədə əkilməmiş torpaqlarla bağlı verilən tapşırıqların icrası deməyə əsas verir ki, növbəti əkin kampaniyaları daha genişmiqyaslı xarakter alacaq, məhsuldarlıq kifayət qədər artacaq. Cari il oktyabrın 25-də Ali Məclis Sədrinin iştirakı ilə Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında payızlıq taxıl əkininin gedişinə dair səyyar müşavirədə əkinə hazırlıqla bağlı qeyd olunan fikirlər də növbəti payızlıq taxıl əkini kampaniyasının uğurlu keçəcəyini, məhsuldarlığın artacağını deməyə əsas verir. Belə ki, müşavirədə bildirilib ki, 2023-cü ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 32 min hektar sahədə şum aparılaraq taxıl əkini həyata keçirilməsi nəzərdə tutulur. 14 noyabr 2022-ci il tarixə 8035 hektarı buğda, 4702 hektarı arpa olmaqla, ümumilikdə, muxtar respublika üzrə 12 min 737 hektar sahədə taxıl səpini həyata keçirilib. 

    Məhsuldarlığa təsir göstərən ikinci mühüm məqam isə suvarmanın səmərəli şəkildə aparılması, eləcə də meliorativ tədbirlərin vaxtlı-vaxtında, düzgün formada icra olunmasıdır. Bildiyimiz kimi, muxtar respublikada əkinəyararlı torpaq sahələrinin suvarılmasında Arpaçay, Naxçıvançay, Gilançay, Əlincəçay, Ordubadçay, Gənzəçay, Əylisçay kimi çayların, eləcə də müxtəlif su tutumlarına malik Heydər Əliyev, Arpaçay, Araz, Sirab, Uzunoba, Nehrəm, Bənəniyar Su anbarlarının rolu böyükdür. Əsas su arteriyası olan Araz və digər çaylarda, təbii və süni yaradılmış su hövzələri üzərində quraşdırılan nasos stansiyaları suvarma və su təchizatı sistemlərinin su ilə təmin edilməsini həyata keçirir. Suvarma sistemlərinin mexaniki üsulla su ilə təmin edilməsində mövcud 107 nasos stansiyasından 105-i istismar edilir. Bu nasos stansiyalarında 226 nasos aqreqatı quraşdırılıb.Yeni torpaqların əkin dövriyyəsinə qatılması hesabına suvarılan sahələrin genişləndirilməsi məqsədilə ənənəvi üsulla yanaşı, mütərəqqi suvarma metodlarından da istifadə edilir. Bu məqsədlə Babək rayonunun Nehrəm qəsəbəsində 1170, Culfa rayonunun Bənəniyar kəndi ərazisində 1050, Kəngərli rayonunun Böyükdüz, Xok və Yurdçu kəndlərinin ərazilərində 2690, Şahbuz rayonunun Türkeş, Sələsüz və Mərəlik kəndlərinin ərazilərində 618, Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazilərində isə 340 hektar olmaqla, cəmi 5868 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilib. Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 250, Çeşməbasar və Güznüt kəndlərində isə 240 hektar sahədə  qapalı suvarma  şəbəkəsinin tikintisi davam etdirilir. Görülən bu və ya digər meliorasiya, irriqasiya, suvarma suyu ilə təminat tədbirlərindən başqa Asiya İnkişaf Bankı ilə birgə gələcəkdə “Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sisteminin İnkişafı” layihəsi icra olunacaq ki, bununla suvarma, drenaj və meliorasiya fəaliyyəti daha da gücləndiriləcək, sudan istifadənin səmərəliliyi, məhsuldarlığın həcmi artacaq.
    Yuxarıda qeyd etdiyimiz üçüncü əsas şərt əkinçilikdə, xüsusilə dənli taxıl bitkilərinin məhsuldarlığının yüksəldilməsində başlıca amillərdən biri keyfiyyətli toxumla əkin aparılmasıdır. Bu məqsədlə kondisiyalı toxum yetişdirilməsi mühümdür. Muxtar respublikada taxılçılıqla məşğul olan sahibkarları keyfiyyətli toxumla təmin etmək üçün “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs və Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatı fəaliyyət göstərir. Növbəti payızlıq taxıl əkinləri üçün “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsdə 400 tondan artıq keyfiyyətli buğda, Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında isə 19 ton arpa, ümumilikdə, 112 ton buğda toxumları tədarük edilib. Bundan əlavə birlik tərəfindən Rusiyadan 25 ton buğda toxumu da gətirərək satışı həyata keçirilib.
    Taxılçılığın inkişafını, əkinlərin məhsuldarlığını şərtləndirən dördüncü amil isə əkin prosesinə lazımi texnika və texnoloji avadanlıqların cəlb edilməsidir. Muxtar respublikamızda artıq illərdir ki, bu sahədə ixtisaslaşmış “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlməyə çalışır. İlin müxtəlif dövrlərində kənd təsərrüfatında istifadə olunan, müasir tələblərə cavab verən texnikalar sahibkarlara sərfəli qiymətə satılır. 2006-cı ildən etibarən 30 sentyabr 2022-ci il tarixədək muxtar respublikaya 3546 texnika və texnoloji avadanlıqlar alınaraq gətirilib, nağd və lizinq yolu ilə 2991 texnika və texnoloji avadanlıqlar sahibkarlara verilib.
    Müşavirədə “Taxılın istehsalı ilə yanaşı, emalı proseslərinə də nəzarət olunmalıdır”, – deyən Ali Məclisin Sədri bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalinin keyfiyyətli una olan tələbatının ödənilməsi üçün taxıl emalı müəssisələrində və satış mərkəzlərində texnoloji proseslərə, məhsulun saxlanılma şəraitinə nəzarət etməlidir. Məhz illərdir, verilən tapşırıqlara uyğun olaraq bu sahəyə nəzarətin nəticəsidir ki, muxtar respublikamızın paytaxt şəhərindən ta ucqar dağ kəndinədək qida təhlükəsizliyinin, sanitar-gigiyenik qaydaların əməl olunduğu onlarla taxıl emalı sahəsi, çörək istehsalı müəssisəsi fəaliyyət göstərir. Naxçıvan şəhərindəki “Gəmiqaya Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətini bu sahədə nümunə göstərə bilərik. Belə ki, müəssisənin 4 növ undan 17 çeşiddə çörək istehsal edən sahəsində gündəlik istehsal gücü 36 və 38 ton olan iki soba fəaliyyət göstərir. Türkiyənin “Mateks” firmasının avadanlıqlarının quraşdırıldığı lavaş sexinin istehsal gücü isə saatda 3 tondur. Ən təqdiredici məqam isə bütün növ məhsul istehsalının yerli xammal əsasında həyata keçirilməsidir. Belə ki, çörək və lavaş istehsalında tələb olunan un “Gəmiqaya Taxıl Məhsulları” MMC-dən, digərləri isə yerli təsərrüfatçılardan alınır. Həm xammal, həm də hazır məhsul xüsusi laboratoriya analizindən keçirilir və müəssisənin mütəxəssisləri rəy verdikdən sonra istehsala buraxılır, satışa çıxarılır. 
    Bu faktlar bir daha təsdiqləyir ki, çörəyin hasilə gəlməsi heç də asan deyil, böyük zəhmət tələb edir. Ancaq muxtar respublikamızda aparılan məqsədyönlü tədbirlər nəticəsində ilbəil bu proses daha da təkmilləşir, məhsul bolluğu üçün təsərrüfatçıların hər cür texnikalarla, gübrələrlə təminatı, eləcə də subsidiyaların verilməsi taxılçılığın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Nəticədə, günün istənilən saatında marketlərə üz tutub səliqə ilə yığılmış tər çörəklərdən istədiyimiz qədər ala bilirik. Ötən əsrin 90-cı illərindən fərqli olaraq çörəyimiz bol olduğu üçün, necə deyərlər, evə əlidolu, üzüağ gedirik. Daha nə dünənimizə işıq salan yazılarda qeyd olunan acınacaqlı hallara rast gəlmək olur, nə hər gün televiziya ekranlarında, qəzet səhifələrində “çörək olmayacaq” fikri səsləndirilir, nə də “Gözümüz öz təknəmizdə olsun” kimi həyəcan təbili çalan sözlər eşidilir. Çünki dövlətimizin qayğısı, insanların məsuliyyəti hər gün daha da artır, cəmiyyətin hər bir üzvünün könüllü şəkildə işinə can-başla yanaşması, kəndlərimizdə keyfiyyətli yerli ərzaq məhsulları istehsalı ilə məşğul olan onlarla təsərrüfatın formalaşması bütün çətinliklərin öhdəsindən lazımınca gəlməyə imkan verir... Çörəyimizin hər zaman belə bol, tarlalarımızın zəhmət ətirli, təknələrimizin bərəkətli olması diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 16.11.2022 21:09