AZ EN RU

Naxçıvan Dövlət Vergi Xidməti qarşıda duran əsas vəzifələri açıqlayıb

Vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni mədəniyyətin sürətlə formalaşdırılması, şəffaf münasibətlər sisteminin qurulması qarşımızda duran əsas vəzifələrdən hesab olunur.

Bunu “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Naxçıvan Muxtar Respublikasında tibb və əczaçılıq biznesinin inkişafı forumu"nda Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, şəffaflığın artırılması üçün ardıcıl addımlar atılır: “Məlum olduğu kimi Prezident İlham Əliyev iqtisadiyyatda şəffaflığın təmin edilməsini prioritet vəzifə müəyyən edib. Məhz buna görə, son illər “kölgə iqtisadiyyatının” miqyasının azaldılması üçün dövlətimiz tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin tam təmin edilməsinə imkan yaradan yeni nəsil nəzarət-kassa aparatlarından istifadə, istehlakçı hüquqlarının qorunması və nağdsız dövriyyənin genişləndirilməsi məqsədilə POS-terminallardan istifadənin artması, pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” layihəsinin tətbiqi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq malların təqdim edilməsi və alınması zamanı görülmüş işlərə və göstərilmiş xidmətlər görə elektron qaimə-fakturanın təqdim edilməsi, əmək haqlarının leqallaşdırılması və işçilərin sosial maraqlarının qorunması məqsədilə işəgötürən və işçi arasında ölkə üzrə nəzərdə tutulan minimum aylıq əməkhaqqından (345 manat) aşağı olmamaq şərtilə əmək müqaviləsinin bağlanılması və başqa bir çox sahələrə ayrılan diqqət iqtisadi şəffaflaşma üçün mühüm əhəmiyyət kəsb edir.

Vergi ödəyicilərinin qeydiyyatı, xüsusilə elektron qeydiyyatı, yeni obyektlərin qeydiyyatı, yeni nəsil nəzarət kassa aparatlarının və POS terminalların sayındakı ciddi artım, "ƏDVgerial" layihəsinin muxta respublikada tətbiqi vergi ödəyiciləri üçün yeni imkanlar yaradıb”.

Nəşr edilib : 05.12.2023 14:12