AZ EN RU

Naxçıvan Dövlət Universitetinin xəstəxanasında yeni kabinələr istifadəyə verilib

    Ali təhsil müəssisəsinin xəstəxənasında Ürək və qan təzyiqi monitorinqi mərkəzinin, Panoram rentgen, Allerqoloji və İmmunoloji və İnqalyasiya kabinələrinin açılış mərasimi olub.
    Universitetin rektoru Elbrus İsayev xəstəxanada yaradılan  şəraitin muxtar respublika səhiyyəsinə və bu sahədə aparılan kadr hazırılığına böyük töhfələr verəcəyini diqqətə çatdırıb. Universitet xəstəxanasında bundan sonra da professor-müəllim heyəti üçün yaxşı iş şəraiti, tələbələr üçün isə yüksək bilik və bacarıqlara yiyələnmək imkanı yaradılacağını vurğulayan rektor yeni kabinələrin istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırıb.
    Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının baş həkimi Elmar Rzayev  Ürək və qan təzyiqi monitorinqi mərkəzinin  təqdimatı zamanı diqqətə çatdırıb ki, mərkəzin əsas vəzifəsi insanlar arasında geniş yayılan ürək və qan təzyiqi xəstəliklərinin düzgün diaqnozlaşdırılması və müalicəsinin aparılmasıdır. 

    Mərkəzdəki cihazlar haqqında danışan baş həkim vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq universitet xəstəxənasında “Stres EKQ” cihazı istifadəyə verilib. Bu cihaz vasitəsilə sakitlik vəziyyətindəki EKQ müayinəsində aşkar olunmayan gizli patologiyaları TREDMİL testinin aşkarlaya biləcəyi, eyni zamanda cihazın ürək əzələsinin qan dövranının vəziyyəti haqqında mükəmməl məlumat verdiyi diqqətə çatdırılıb. 
    EKQ və Holter müayinəsi haqqında geniş izah verən Elmar Rzayev bildirib ki, EKQ müayinəsi ürəyin həmin andakı elektrik sistemi haqqında məlumat verir və mərkəzdə müayinələr 12 kanallı tam avtoanaliz xüsusiyyəti olan cihazla aparılır. Ürəyin fərqli ritm pozulmalarında Holter müayinəsi düzgün diaqnoz üçün vacib müayinələrdən sayılır.
    Baş həkim, həmçinin mərkəzdə exokardioqrafiya, speckle tracking exokardioqrafiya, elastoqrafiya, yuxu, böyrək və tiroid vəzin (zob) arteriyalarının doppler müayinəsinin həyata keçirildiyini deyib. 
    Sonra Elmar Rzayev İnqalyasiya kabinəsi haqqında iştirakçıları məlumatlandırıb. Cihazlarla tanışlıq zamanı inqalyasiya metodu və onun mülaicəvi əhəmiyyətindən bəhs edilib.
    Panoram rentgen kabinəsi barədə məlumat verən Stomatologiya kafedrasının müəllimi, universitet xəstəxanasının həkim-stomatoloqu Zaur Hüseynov qeyd edib ki, Panoram rentgen bütün dişlərin, alt və üst çənənin şəkli, buradakı patologiyaların tək bir şəkildə görülməsini təmin edən üsuldur. 
    Allerqoloji və İmmunoloji kabinəni təqdim edən Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, universitet xəstəxanasının həkim-pediatrı Mətləb İbrahimov son illər astma, allergik rinit, atopik dermatit və qida allergiyaları kimi xəstəliklərin artdığını bildirib. Buna paralel olaraq allergik testlərə olan ehtiyacın artdığını deyən həkim bildirib ki, artıq universitet xəstəxanasında allergik  dəri prick testləri aparılır. Dəri prick testi aparmaq üçün, ilk növbədə, anamnestik məlumatlar və müayinə tələb olunur. 
    Daha sonra iştirakçılar tələbələrin müstəqil olaraq xəstələri müayinə etmə prosesi, onların elmi-tədqiqat işlərini hazırlamaları üçün xüsusi olaraq ayrılan otaqlarla tanış olublar.
    Sonda Türkiyənin “TUS Time” şirkəti tərəfindən Tibb fakültəsinin kitabxanasına hədiyyə olunan vəsaitlərinin təqdimatı olub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 02.12.2022 19:39