AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri əsgərlərlə görüşüb

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin hazırladığı “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir. Növbəti tədbirdə tibb fakültəsinin müəllim və tələbələri Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində əsgərlərlə görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Rəhim Cəfərov, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva,Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov və digər çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin “İnsanların sağlamlığı dövlətin və cəmiyyətin sağlamlığıdır” fikrini əsas götürərək hazırlanan “Sağlam gənclik-sağlam gələcək” layihəsi artıq 5 ildir davam etdirilir.

Qeyd olunub ki, uşaq, yeniyetmə və gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu layihə muxtar respublikanın təhsil müəssisələri ilə yanaşı, Ordumuzun hərbi hissələrində də icra edilir.

Çıxışlar zamanı ordumuzun qüdrətindən danışılıb, hərbi qulluqçuların ilk tibbi yardımı bilməyinin vacibliyi diqqətə çatdırılıb.

Çıxışların ardından Tibb fakültəsində təhsil alan tələbələr klinik ölüm zamanı təxirəsalınmaz yardım, yuxarı tənəffüs yollarına yad cisimin düşməsi, koma vəziyyəti, şok və özündəngetmə, sınıqlar, çıxıqlar, günvurma, donvurma, qanaxmalar və digər mövzularda ilk tibbi yardımın göstərilməsi qaydalarını simulyasiyalar və canlı şəxslər üzərində tətbiq edərək şəxsi heyətə öyrədib, onları maraqlandıran sualları cavablandırıblar. Diskussiya və müzakirə şəraitində keçirilən tədbirdə əsgərlər də ilkin tibbi yardım barədə bilik və bacarıqlarını nümayiş etdiriblər.

Nəşr edilib : 11.12.2023 17:57