AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi Akademik Zərifə Əliyeva 100 illik yubileyini onun adını daşıyan məktəbdə qeyd edib

    Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim, rezident və tələbələrinin iştirakı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Akademik Zərifə Əliyeva adına Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, sonra məktəbin II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş məzunları üçün ayrılmış guşəyə baxıblar. 
    Məktəbin müəllim və şagirdləri ilə keçirilən görüşdə rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb. Bildirilib ki, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotiklərdən-sintomisindən istifadə olunmasına həsr edib. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Akademik  bir sıra orden və medallara, mükafatlara layiq görülüb, Elmlər Akademiyasının akademiki seçilib, “Əməkdar elm xadimi” fəxri adını alıb. O, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib, bundan sonra da təsir göstərəcək.
    Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev Prezident cənab İlham Əliyevin  “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında”  2022-ci il 3 noyabr tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyinin geniş qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, akademikin çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. 
    Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru Ehtimad Məmmədov, universitetin Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, dosent Gültəkin Əliyeva, həmin kafedranın müəllimi, tibb üzrə fəlsəfə doktoru Nüsrət Həsənov akademik Zərifə xanım Əliyevanın ömür yolu, dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıblar. 
    Sonra akademikin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. 
    Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva Tibb fakültəsinin mütəmadi olaraq orta ümumtəhsil məktəbləri ilə keçirilən “Sağlam gənclik, sağlam gələcək” layihəsi barədə məlumat verib. 
    Tələbələr slaydlarla və əyani üsullarla kliniki ölüm zamanı təxirəsalınmaz yardım, yuxarı tənəffüs yollarına yad cismin düşməsi, koma vəziyyəti, burxulmalar, zəhərlənmələr, yanıqlar, məktəblinin düzgün qidalanması, fiziki aktivlik, uşaqlarda artıq çəki və piylənmə, uşaqlarda şəkərli diabet barədə öz təqdimatlarını ediblər. 
    Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Cəfərov və onunla birgə bu ixtisası təcrübi cəhətdən mənimsəyən tələbələr şagirdlərin dişlə bağlı problemləri ilə maraqlanıb, səyyari diş xidmətində müayinələr aparıblar.
    Tibb fakültəsi əməkdaşlarının müəllifi olduğu 20-yə yaxın kitab, dərslik, dərs vəsaiti, monoqrafiya, 50-yə qədər buklet məktəbin kitabxanasına hədiyyə edilib. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 11.04.2023 13:00