AZ EN RU

Naxçıvan Dövlət Universitetinin tələbəsi Rumıniyada keçirilən beynəlxalq festivalda I yerin sahibi olub

Rumıniyanın İaşi şəhərində keçirilən dünya universitetlər arası “International Events”(Beynəlxalq Tədbirlər) festivalında 23 ölkə arasından Naxçıvan Dövlət Universitetini təmsil edən, tədrisi ingilis dilində aparılan İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi Məmmədəli İsmayıllı I yerin sahibi olub. Festivalda iştirakçıların dil biliyi, eyni zamanda mənimsədiyi dillərin mədəniyyəti haqqında bilikləri yoxlanılıb. Azərbaycan, Türk, Koreya və Özbək dillərini mükəmməl şəkildə bilən Məmmədəli İsmayıllı Azərbaycan və Naxçıvan Dövlət Universiteti haqqında təqdimat edərək, dinləyiciləri heyrətləndirməyi bacarıb və I yerə layiq görülüb.

Məlumat üçün onu da bildirək ki, 2-3 may 2023-cü il tarixində Rumıniyanın “Sefan cel Mare” Universitetinin İqtisadiyyat, İdarəetmə və Biznes Fakültəsi həm Avropa İttifaqı (Aİ), həm də beynəlxalq tərəfdaşlarını Rumıniyanın Suçava şəhərinə dəvət edərək, “Beynəlxalq Tədbirlər” festivalının ilk buraxılışını təşkil edib. Tədbirin məqsədi ümumi iş məkanının yaradılması, tərəfdaşlar arasında əlaqələrin gücləndirilməsi, tədris və elmi tədqiqatlar sahəsində yeni əməkdaşlıqların əsasının qoyulması olub. Tədbir tələbələrin təhsili və təlimi ilə bağlı ümumi prinsip və məqsədləri olan üç qitənin professor-müəllim heyəti arasında kollegiallıq və əməkdaşlıq əlaməti altında keçib.

Məmmədbağır DÜNYAMALIYEV

NDU-nun Tv, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

 

 

Nəşr edilib : 18.05.2023 17:34