AZ EN RU

Naxçıvan Dövlət Universitetinin tələbələrinin ifasında "O olmasın, bu olsun" musiqili komediyası nümayiş olunub

İyulun 8-i Naxçıvan Dövlət Universitetinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”  dördpərdəli musiqili komediyası tamaşaya qoyulub. 
Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və hökumət nümayəndələri izləyib. Tamaşadan əvvəl Elbrus İsayev çıxış edərək bildirib ki, Naxçıvan Dövlət Universiteti muxtar respublikanın 100 illiyinə töhfələr verməkdə davam edir və bu gün göstəriləcək musiqili komediya da tələbələrin bu yubileyə hədiyyəsidir. Vurğulanıb ki, bu həm də tələbələrimizin Naxçıvan ictimaiyyəti qarşısında hesabatıdır.
Qeyd edək ki, Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində göstərilən tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Əməkdar artist Mübariz Əsgərov, dirijoru Xalq artisti Çingiz Axundov, quruluşçu rəssamı isə Əməkdar rəssam Cavid İsmayılovdur.

Nəşr edilib : 08.07.2024 19:15