AZ EN RU

Naxçıvan Dövlət Universitetinin tələbələri ümumrespublika vergilər olimpiadasının qalibləri oldular

    Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və “PWC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsi keçirilib.
    Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxıda yerləşən inzibati binasında təşkil olunan olimpiadada 20 universitetin 500 tələbəsi arasından 1-ci mərhələdə uğur qazanan 100 tələbə olimpiadanın yekun mərhələsində iştirak edib.
    “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının yekun mərhələsində Naxçıvan Dövlət Universitetinin tələbəsi Nail Mustafazadə II, Nicat Məmmədli isə III yerə layiq görülüb. Həmçinin yüksək nəticə göstərdiyi üçün mükafatlandırılan 3 tələbədən 2-si Naxçıvan Dövlət Universitetinin tələbəsi olduğu üçün ali təhsil ocağının İqtisadiyyat və marketinq kafedrasının müəllimi İsmayıl Bağırov da Dövlət Vergi Xidməti tərəfindən diplomla təltif edilib.
    Sırf vergi ixtisası olan nüfuzlu universitetlərin də təmsil olunduğu ümumrespublika vergi olimpiadasında iştirak edən Naxçıvan Dövlət Universitetinin 6 tələbəsindən 5-i toplanılan bal sıralamasında 100 tələbə arasında ilk onluğa düşüb.
    Qaliblərə dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub. 

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 11.06.2023 22:44