AZ EN RU

Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüş olub

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya və geologiya mühəndisliyi ixtisasının tələbələri ilə görüş keçirib. 
    Tədbiri giriş sözü ilə nazirliyin İstehsalın təşkili, planlaşdırılması və geologiya şöbəsinin müdiri Şövqi Əliyev açıb. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn proqramın icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tələbələrin bilik və bacarıqlarının yoxlanılması, onlara praktik biliklərin aşılanması istiqamətində mütəmadi olaraq görüşlər keçirir. Həmçinin bu sahədə geniş təcrübə əldə etmiş, ixtisaslaşmış təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur, müqavilələr imzalanır. 
    Qeyd olunub ki, 22 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında imzalanan memorandumda tərəflərin təşəbbüsü ilə ali təhsil müəssisələrinin aidiyyəti fakültə tələbələrinin təcrübə proqramlarına cəlb edilməsi, habelə “AzərGold”un texniki mütəxəssislərinin bilik və təcrübələrinin tələbələrlə bölüşdürülməsi, onlayn və əyani mühazirələrin oxunması, sahə səfərlərinin təşkil olunması məsələsi də öz əksini tapıb. 
    “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından müşavir Rəşxan Qaraşlı, şirkətin aparıcı mütəxəssisi Elmi Qurbanlı, şöbə müdiri Şamil Zabitov və SƏTƏM şöbəsinin ekologiya sektorunun müdiri Fərid Murtuzov müxtəlif mövzular barədə ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, dağ-mədən sahəsində həyata keçirdiyi aktiv hasilat və istehsalat fəaliyyəti ilə ölkəmizin qeyri-neft sektorunda ön pillələrdə qərarlaşan əsas ixracatçı dövlət şirkətlərindən biri kimi “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti iqtisadi inkişafa töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərinə nail olunması, o cümlədən yeni iş yerlərinin yaradılması ilə sosial-iqtisadi inkişafın yüksəldilməsi üçün ardıcıl işlər həyata keçirir. Təhsil müəssisələri ilə imzalanmış əməkdaşlıq sənədlərinə uyğun olaraq müvafiq peşə-ixtisas sahələri üzrə təhsil alan tələbələr üçün cəmiyyətin baş ofisi və Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrə olunmuş Regional Emal Sahəsinə mütəmadi təcrübə-tanıtım səfərləri, təcrübə proqramları təşkil edilir. Nəticədə, ali və orta ixtisas təhsili məktəblərində elmi-nəzəri biliklərə yiyələnən tələbələr əyani surətdə istehsalat təcrübəsi də qazanmış olurlar. Bununla yanaşı, cəmiyyətin mütəxəssisləri tələbələrə mühazirələr oxuyur, ustad dərsləri keçir, eləcə də müxtəlif müsabiqələr, stimullaşdırıcı tədbirlər təşkil edirlər. Cəmiyyət tərəfindən elan edilən müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsi prosesində də təcrübə proqramlarında uğurla iştirak etmiş məzunlara üstünlük verilir. 
    Vurğulanıb ki, “AzərGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən artıq ikinci ildir ki, ali və peşə təhsili üzrə təqaüd proqramı müsabiqələri təşkil edilib, layihəni uğurla tamamlayan tələbələrin məzun olduqdan sonra müvafiq sahələrdə işlə təmin edilməsi diqqətdə saxlanılıb. Bu xüsusda Culfa rayonunda yerləşən “Göydağ” filiz sahəsində aktiv geoloji kəşfiyyat işləri həyata keçirən cəmiyyətin strateji layihələrinin icrası üçün lazımi kadr bazasının formalaşdırılması məqsədilə dağ-mədən, geologiya və digər aidiyyəti istiqamətlər üzrə təhsil alan tələbələrin təhsil və elmi araşdırmaya marağının artırılması, habelə istedadlı tələbələrin bilik və bacarıqlarının praktik təcrübə ilə daha da zənginləşdirilməsi üçün muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələri mütəmadi olaraq davam etdirilir və genişləndirilir. 
    Tədbirdə “İnsan kapitalının idarə olunması və təhsil müəssisələri ilə əməkdaşlıq”, “Göydağ” sahəsində həyata keçirilən geoloji kəşfiyyat işləri” və “İstehsalat fəaliyyəti zamanı ətraf mühitə təsirlərin idarə olunması” mövzularında təqdimatlar edilib, tələbələrə əyani olaraq filiz süxurları nümayiş etdirilib.
    Görüş Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi ilə davam edib. 
    Sonda müzakirələrdə aktivliyi ilə fərqlənən tələbələrə Səhmdar cəmiyyəti adından xatirə hədiyyələri təqdim olunub.

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 08.12.2022 20:11