AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası uğurlu yoldadır

    Naxçıvan Dövlət Universiteti fəaliyyətə başladığı vaxtdan həmişə etdiyi yeniliklərlə ölkəmizin ali təhsil müəssisələri sırasında özünəməxsus yerlərdən birini tutub. Bir çox ixtisasların tədris olunduğu universitetdə, eyni zamanda mədəniyyət, maarifçilik məsələləri də gündəmdə olub. Çünki hər bir xalqın inkişafında və varlığını qorumasında mədəniyyət məsələləri son dərəcə vacib amildir. Ona görə də ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Hər bir xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

    Muxtar respublikamızda mədəniyyətin inkişafına öz töhfələrini verən Naxçıvan Dövlət Milli Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. Bu kontekstdə Naxçıvan Dövlət Universitetinin Teatr və mədəniyyətşünaslıq kafedrası nəzdində fəaliyyət göstərən Tələbə Teatr Studiyası illərə söykənən səmərəli fəaliyyət yoluna sahibdir. Aktyorluq ixtisası ilə yanaşı, müxtəlif ixtisaslarda təhsil alan tələbələri öz ətrafına toplayan bu studiya hazırladığı tamaşalarla nəinki universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanmış, həmçinin muxtar respublikanın mədəni həyatında, respublikamızdan kənarlarda da bir sıra uğurlara imza atmışdır. Studiya burada özfəaliyyətlə məşğul olan tələbə-gənclərin istedadlarının inkişafı ilə yanaşı, eyni zamanda onların öz gələcək karyeralarının formalaşmasında gənclərə böyük dəstək olmuş, universitet rəhbərliyi gənclərin istedad və bacarıqlarının formalaşdırılması, onlar üçün münbit şəraitin yaradılmasını təmin etmiş, texniki və mənəvi dəstək vermişdir. 2018-ci ildə studiyanın 20 illik fəaliyyətini əks etdirən “NDU Tələbə Teatr Studiyası – 20” adlı kitabın nəşr olunması da bunun ifadəsidir.

    Tələbələrin sevimli məkanına çevrilən Tələbə Teatr Studiyası yerli tədbirlərlə yanaşı, xaricdə səfərlərdə də olmuş, bir sıra uğurlar qazanmışdır. Studiya bu illər ərzində Kamal Abdullanın “Beyrəyin andı” (1999), türk yazıçısı Turan Oflazoğlunun “Atatürk” (2000), Cəlil Məmmədquluzadənin “Anamın kitabı” (2001), “Ölülər” (2004), “Poçt qutusu” (2005), “Danabaş kəndinin məktəbi” (2006), Həmid Arzulunun “Qaçaq Quşdan” əsəri əsasında səhnələşdirilmiş “Milaxda həyəcan” (2005), Nazim Hikmətin “Qəribə adam” (2012), Esxilin “Zəncirlənmiş Prometey” (klassik yunan faciəsi – 2013), Adil Babayevin “Sarı gəlin” (2014), Elnur Rzayevin “Boz” (pantomim tamaşa – 2015), Kamal Abdullanın “Bir, iki bizimki” (absurd janrda monotamaşa – 2016),Vüsal Rzayevin “Vaxtsız gələn qonaq” (monotamaşa – 2017), klassik alman dramaturqu Qothold Efraim Lessinqin eyniadlı əsəri əsasında həmyerlimiz yazıçı-dramaturq Həmid Arzulunun tərcüməsində “Emiliya Qalotti” (2017) tamaşalarını hazırlayıb teatrsevərlərə təqdim etmişdir.

    2021-ci ildə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının motivləri əsasında səhnələşdirilmiş “Xeyir və Şər” tamaşası muxtar respublikada böyük Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Tələbə Teatr studiyaları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülmüşdür.
    Bu gün də fəaliyyətini uğurla davam etdirən 20 yaşlı kollektiv Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş bədii yaradıcılıq müsabiqə-festivalında qalib gəlmiş, yaddaqalan çıxışları ilə teatrsevərlərin diqqətini cəlb etmişdir. Qeyd edək ki, müsabiqə-festivala respublikada fəaliyyət göstərən 28 ali təhsil müəssisəsi qatılmışdı. Böyük uğur münasibətilə ali təhsil ocağının rektoru Elbrus İsayev fəallıq göstərən tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Milli rəqs nominasiyası üzrə qalib komandaya Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı, hədiyyə və universitetin təşəkkürnaməsi təqdim edilib.
    Solo rəqs, milli və dünya xalqlarının çalğı alətləri və vokal nominasiyası üzrə II yeri qazanan tələbələr də Fəxri fərman və təşəkkürnamə ilə təltif olunublar. Milli rəqs üzrə tələbələrin hazırlanmasında əməyi olan universitetin Tələbə Teatr Studiyasının rəhbəri, Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovaya və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Meliorasiya və geodeziya mühəndisliyi kafedrasının müəllimi Hüseyn İmanova da universitetin təşəkkürnaməsi təqdim olunub.
    Qeyd edək ki, Tələbə Teatr Studiyası qardaş Türkiyə və müxtəlif ölkələrdən gələn əcnəbi tələbələrə də qucaq açaraq onlara Azərbaycanın milli musiqisini, adət-ənənəsini, mədəniyyətini tanıtmaqda mühüm rol oynayır. Əcnəbi tələbələrin sərgilədikləri maraqlı performanslar sosial mediada böyük rəğbətlə qarşılanmışdır. 
    Tələbə Teatr Studiyası haqqındakı kiçik qeydlərimizi qədim diyarımızda teatr ənənələrinin inkişafına yüksək qiymət verən, dəstək, qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun fikirləri ilə tamamlamaq istəyirik: “Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyaları dəstəkləmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqın milli oyanışına çalışmışdır”. 

    Bu gün fəxrlə demək olar ki, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası böyük ənənələrə malik Naxçıvan teatrının yolunu davam etdirmək əzmi ilə çalışır. Bu da belə deməyə əsas verir ki, bu gün Azərbaycan Respublikasının tələbə teatrları arasında nüfuz qazanmış Tələbə Teatr Studiyası daha da maraqlı çıxışları ilə bundan sonra da yeni-yeni müvəffəqiyyətlərə imza atacaq. 

Gülxarə ƏHMƏDOVA 
Naxçıvan Dövlət Universitetinin  Teatr və mədəniyətşünaslıq  kafedrasının müdiri, dosent, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

Nəşr edilib : 03.08.2022 18:33