AZ EN RU

Naxçıvan Dövlət Universitetinin Simfonik orkestri ilk dəfə Bakı şəhərində konsert proqramı ilə çıxış edib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq, onları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən konsertdə görməkdən məmnunluğunu ifadə edib. Ümummilli Lider Heydər Əliyevin birbaşa dəstəyi ilə yaradılan Naxçıvan Dövlət Universiteti Konservatoriyasının bu gün görkəmli dövlət xadiminə həsr edilən konsert proqramı ilə çıxış etməsini rektor Naxçıvan Dövlət Universitetinin Ulu Öndərin ruhu qarşısında hesabatı kimi dəyərləndirib. Bildirilib ki, NDU-nun Konservatoriyası və Musiqi Kollecinin yaratdığı 150 nəfərə yaxın tərkibi ilə Simfonik orkestr Azərbaycan ali məktəbləri arasında yaradılan ilk musiqi kollektividir.  2021-ci ildə yaradılan və sayca 9-cu konserti olan NDU Simfonik orkestri dekabrın 22-si Türkiyənin Van şəhərində Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert proqramı təqdim edib.

Sonra bədii rəhbəri və dirijoru Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundov olan Simfonik orkestr bir-birindən möhtəşəm musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşayıb. Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin ifasında Müslüm Moqamayevin “Azərbaycan”, Vasif Allahverdiyevin “Azərbaycan torpağıyam”, Cahangir Cahangirovun “Alagöz”, Bəhram Nəsibovun “Qarabağ”, Kamalın “Sən elə bir zirvəsən”, Ramiz Mirişlinin “Naxçıvan təranəsi”, Eldar Mansurovun “İlhamla sabaha” əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə eyni zamanda xormeysterləri Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynova və Aytəkin Mustafayeva olan xor qrupunun ifaları da iştirakçılarda xoş ab-hava yaradıb.

Qeyd edək ki, konsertdə millət vəkilləri, rəsmilər, AMEA-nın əməkdaşları, rektorlar, mədəniyyət, incəsənət, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin Media və

 ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 30.12.2023 18:14